Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:33

Asiya oyunları vaxtı pəncərələri də açmaq olmaz


Türkmənistanda polis patrulu
Türkmənistanda polis patrulu

Türkmənistanda bu ay keçiriləcək Asiya oyunları ərəfəsində hökumət əlavə təhlükəsizlik tədbirləri ilə insanların həyatını daha da ağırlaşdırır.

Ölkə sakinləri son zamanlar Aşqabadın hava limanında yeni yoxlama üsulları tətbiq edildiyini deyirlər.

Buna da bax:​ Türkmənistanın da öz 'ağ fillər'i var

Aşqabadın hava limanı
Aşqabadın hava limanı

Sərnişinləri adi təhlükəsizlik və sənəd yoxlamasından sonra həm də itlərlə təkrar yoxlamadan keçirirlər.

İstanbuldan Aşqabada gələn sərnişinlərdən biri danışır ki, yoxlama zamanı itlərdən biri onun çantasını parçalayıb: "Çantada bir neçə növ kolbasa vardı. İtlə yoxlamanı həyata keçirən əməkdaş mənə kobud şəkildə dedi: ‘nədir, kolbasa gətirdiyini əvvəldən deyə bilməzdin? Niyə iti adamların yanında cırnadırsan?’"

50-DƏK DÜKAN BAĞLANIB

Həmin sərnişinin sözlərinə görə, Aşqabada gələn sərnişinlərdən hava limanının ərazisindən dərhal çıxmaq tələb olunur.

Buna da bax: Türkmənistaqnda “Asiya oyunları”na görə tələbələri də tətilə buraxmırlar

Bağlanan dükanlardan biri
Bağlanan dükanlardan biri

Oyunlar ərəfəsində Türkmənistan hökuməti hərbi və hüquq-mühafizə orqanlarının işini gücləndirilmiş rejimə keçirib, sərhədlərin bağlandığını, viza qaydalarının və gömrük nəzarətinin sərtləşdirildiyini elan edib. Avqustun 17-dən tətbiq olunan bu yeni qaydaların sentyabrın 27-dək davam edəcəyi bildirilir.

Asiya oyunlarının keçirilməsi ölkədəki xırda sahibkarlara da təsirsiz ötüşməyib. Türkmənistan paytaxtında Olimpiya şəhərciyinin yaxınlığında yerləşən 50-dək özəl dükanın bağlandığı bildirilir. Dükan sahiblərinin sözlərinə görə, şəhər icra hakimiyyəti, vergi müfəttişliyi və ticarət nazirliyinin əməkdaşları dükan-dükan gəzərək sahibkarlara onları bağlamağı və Asiya Oyunları bitənədək açmamağı tələb ediblər.

Sakinlərin sözlərinə görə, indi həmin ərazidə adi ərzaq bazarlığından ötrü kilometrlərlə yolu piyada getmək lazım gəlir. Belə ki, yolların bağlanması ictimai nəqliyyat və taksilərin hərəkətini qeyri-mümkün edir.

Buna da bax:​ İlham Əliyev: ‘Türkmənistan və Azərbaycan artıq strateji tərəfdaşlardır’

EVLƏRİNDƏN MƏHRUM OLURLAR

Türkmənistan İnsan Hüquqları Təşəbbüsü və “Human Rights Watch” təşkilatının hesabatda isə deyilir ki, Aşqabadda insanları müvafiq kompensasiya ödəmədən evlərindən çıxarırlar.

Sökülən evlərin yeri
Sökülən evlərin yeri

Şəhərə həmahəng görkəm vermək üçün əlavə tikililər sökülür, onların sahiblərinə isə nəinki təzminat ödənmir, hətta məhkəməyə müraciət etmək haqqı da tanınmır. Məhkəməyə şikayət edərək daha yaxşı təzminat şərtlərinə nail olmaq istəyən sakinlər bəzi hallarda hakimiyyətin təzyiqləri və hədələri ilə üzləşiblər.

«Asiya oyunları ərəfəsində Aşqabadı ağ mərmər şəhərə çevirmək üçün minlərlə insanı evlərindən məhrum edirlər və yaşayışa uyğun gəlməyən yerlərə sığınmağa məcbur edirlər. Oyunlar sadəcə, 10 gün davam edəcək, evsiz qalmış insanlarsa illərlə əziyyət çəkəcəklər", –TİHT-in icraçı direktoru Farid Tihbatullin deyir.

Buna da bax:​ Türkmənistan sərhədləri bağlayıb

Aşqabadda yol polisi özəl avtomobillərin sürücülərini saxlayaraq onlara müxtəlif bəhanələrlə cərimələr yazır. Eyni zamanda bir neçə mənbə AzadlıqRadiosu-nun türkmən xidmətinə bunun Asiya Oyunlarına hazırlıq tədbiri olduğunu bildirib. Məqsəd bu yolla paytaxt küçələrində avtomobil axınını azaltmaqdır.

“ƏSAS KÜÇƏLƏR BAĞLANIB”

"Yol polisi xidmətinə paytaxt küçələrində şəxsi maşınları yerli-yersiz saxlayaraq onlara cərimə yazmaq tapşırılıb. Bu, sürücülərə xəbərdarlıq etmək məqsədilə, onların maşınla küçəyə çıxmaması üçün edilir", – mənbələrdən biri deyib.

Türkmənistan yol polisi
Türkmənistan yol polisi

Bundan başqa bir neçə nazirlik əməkdaşlarına sentyabrın 1-dən oktyabrın 1-dək avtomobillərdən istifadə etməməyi tapşırıb və hətta onlardan bununla bağlı zəmanət alınıb. Üstəlik, avqustun 21-dən Aşqabadın bütün əsas küçələri bağlanıb.

Buna da bax:​ Aşqabadda Asiya oyunlarının tamaşaçılarını 'seçirlər'

Türkmənistan sakinlərinin maaşlarından Asiya Oyunları üçün pul tutulduğu, maaşların gecikdirildiyi haqda məlumatlar var.

AzadlıqRadiosu Türkmənistanın dövlət qurumlarının Asiya Oyunlarının tamaşaçılarını "seçdiyi" barədə yazmışdı. "Seçilən" "tamaşaçılar" xüsusi buraxılışın hazırlanması üçün pasportlarını təhvil verməlidirlər. Bundan başqa onların özləri, valideynləri və hətta nənə və babalarının "etibarlılığı ciddi şəkildə yoxlanılır. Bu yoxlamadan keçməyənlərə "tamaşaçılıq" həvalə olunmur. Şəhərin hər rayonuna bir geyim rəngi ayrılıb. Eyni rayonda yerləşən dövlət qurumlarının əməkdaşlarına yarışlar zamanı yalnız həmin rəngdə paltar geymək tapşırılıb.

Axqabadda stadion
Axqabadda stadion

EVLƏRİN PƏNCƏRƏLƏRİNİ DƏ AÇMAQ OLMAZ

Türkmən ali məktəblərinin tələbələrinin sözlərinə görə, onlardan yarışlar zamanı geyəcəkləri "tamaşaçı" formasını öz vəsaitləri hesabına almaq tələb olunur. Geyimlərin qiyməti isə 140-240 dollar arasında dəyişir.

Buna da bax:​ 'Dedilər ki, Oyunların keçirildiyi yerlərdə gözə görünməyim'

Aşqabadda yaşayan mənbələr hökumətin bu addımlarını sakinlərin Asiya oyunlarına yetərincə maraq göstərməməsi ilə əlaqələndirirlər.

Ölkədə polis və hərbi qüvvələrin nəzarəti gücləndirilib. Xəzər dənizinin sahilində yerləşən Türkmənbaşı şəhərinin sakinləri deyirlər ki, dəniz sərhədlərinə nəzarət də sərtləşdirilib. Azərbaycan və İranla dəniz sərhədində hərbi patrul gəmilərinin sayı artırılıb.

Asiya Oyunları ərəfəsində görülən tədbirlər arasında spirtli içki satışının tamamilə qadağan edilməsi də var. Bundan başqa, olimpiya şəhərciyi yaxınlığındakı küçələrdə eyvanlardan paltar asmaq və hətta evlərin pəncərələrini açmaq olmaz.

Keçmiş məhkumlara və ruhi xəstəliyi olan şəxslərə Asiya oyunlarının keçiriləcəyi yerlərdə görünmək qadağan edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG