Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:23

2 milyard dollarlıq aeroport çökməyə başlayıb


Aşqabadda yeni beynəlxalq hava limanı
Aşqabadda yeni beynəlxalq hava limanı

AzadlıqRadiosu-nun türkmən xidmətinin müxbirləri bildirirlər ki, Aşqabadda bir neçə ay öncə tikilmiş yeni beynəlxalq hava limanının binası çökməyə başlayıb.

Bir neçə mənbəyə istinadən verilən məlumata görə, Oğuzxan adına hava limanının binasının bir neçə şüşəsi artıq partlayıb və kommunikasiyalar sıradan çıxmağa başlayıb.

Bütün hava limanı kompleksini tikmiş Türkiyənin "Polimeks" şirkətinin mütəxəssislərinin ərazidə işlədiyi bildirilir. Kompleks beynəlxalq hava limanının əsas binasından, dövlət nümayəndə heyətləri üçün nəzərdə tutulmuş ayrıca VIP binasından və uçuş-eniş zolağından ibarətdir. Hələlik, bu iki binadan hansının çökdüyü bəlli deyil.

Buna da bax:​ Berdimuhamedov ancaq bahalı layihələrdən danışıb

“BU, OLA BİLMƏZ”

"Polimeks" şirkətinin Aşqabad nümayəndəliyinin adının çəkilməməsi şərtilə AzadlıqRadiosu-na danışan əməkdaşı hava limanının binasında problem yarandığını təsdiqləyib. O, problemin detallarından danışmayıb və məhz hansı binanın zədələndiyini deməyib. Ancaq hadisə yerinə mütəxəssislər və tikinti texnikasının göndərildiyini bildirib. Şirkət nümayəndəsinin sözlərinə görə, təmir qrupuna Emre Bakal adlı türk mütəxəssis rəhbərlik edir.

Eyni zamanda, şirkətin İstanbuldakı baş ofisinin əməkdaşı Aşqabaddakı durumdan xəbərsiz olduğunu deyib və məlumatı təkzib edib. «Bu, ola bilməz», – deyə "Polimeks"in Türkiyədəki təmsilçisi qısa cavab verib.

Geoloqların sözlərinə görə, hava limanı kompleksinin yerləşdiyi ərazi daim mürəkkəb hidrogeoloji şəraiti ilə tanınıb. Ötən əsrin 60-cı illərindən bəri hava limanının normal işinin təminatı məqsədiylə ərazidəki qrunt suları daim təmizlənirmiş.

Buna da bax: Neft ölkəsində böhran, maaşlar verilmir

Aeroportun kosmosdan görünüşü.
Aeroportun kosmosdan görünüşü.

“YORUCU TƏMİR İSTƏYƏCƏK”

AzadlıqRadiosu-na danışan mənbələrin sözlərinə görə, davamlı olaraq, uçuş-eniş zolağının və bütün kompleksin durumunun monitorinqi aparılıb.

Bu yaxınlarda Türkmənistanı tərk etmiş, adının çəkilməsini istəməyən geoloq bildirib ki, yaranmış vəziyyət "onsuz da Türkmənistanın büdcəsinə baha başa gəlmiş" hava limanının istismar xərclərini xeyli artıra bilər.

«Bildiyim qədər, hava limanı ölkəyə 2 milyard dollardan artıq vəsaitə başa gəlib. Binanın çökməsi ilə bağlı vəziyyət, təsdiqlənərsə, istismar xərclərini ciddi şəkildə artıra bilər. Çünki, çökmə başlayıbsa, bu proseslər dönməzdir və davamlı, yorucu təmir tələb edəcək. Artıq heç bir maya dəyərini çıxarmaqdan, yaxud rentabellikdən söhbət gedə bilməz. Hakimiyyətin nüfuz baxımından verdiyi itkilərdənsə heç danışmırıq. Hakimiyyət Asiya oyunları və bu hava limanını nailiyyət və rifah rəmzinə çevirmişdi», – deyə türkmənistanlı geoloq bildirib.

Buna da bax:​ Aşqabad Bakıya rəqib olmaq istəyir

2,2 MİLYARDA BAŞA GƏLİB

Qeyd edək ki, yeni beynəlxalq hava limanı 2017-ci ilin sentyabrına planlaşdırılan, qapalı məkanlarda döyüş növləri üzrə Asiya oyunlarının şərəfinə tikilib.

Oğuzxan adına beynəlxalq hava limanının təntənəli açılış mərasimində Türkmənistan prezidenti Gurbanguly Berdymuhamedov yüzlərlə xarici qonağın qarşısında şəxsən açılış lentini kəsib. Türkmənistan büdcəsinə 2,2 milyard dollara başa gəlmiş hava limanının hər iki binası quş formasında tikilib.

Buna da bax:​ İqtisadçının 'böhrandan çıxdıq' deyən prezidentə cavabı

Bundan başqa, bu bina dünyada xalça naxışının ən böyük memari təsviri kimi Guinness-in Rekordlar Kitabına daxil edilib. Bu təsvir əsas sərnişin terminalının damındadır.

Hava limanının ildə 17 milyon sərnişinə xidmət etmək gücündə olduğu bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG