Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 07:17

Süni zəkanın kiçik sirri varmış...


Sünü intellekt (arxiv fotosu)

Süni zəkanın kiçik bir sirri var: onu yüz minlərlə insan hərəkətə gətirir. İstər özü hərəkət edən avtomobillər olsun, istərsə də evinizdə işıqları yandırıb-söndürən, sizə gərəkəndə cihazları işə salan Alexa – belə texnologiyaların çoxu insanlardan qaynaqlanan nəhəng həcmdə data olmadan işləyə bilməz.

Çiçəklənən, ancaq əsasən gözə görünməyən bu istehsal sahəsi bəşəriyyətin taleyini əbədi dəyişəcək yeni texnologiyanın – bizi hər yerə daşıyacaq, bizim yerimizə səlis danışacaq və tərcümə edəcək, böyük ehtimalla bir gün özü düşünə biləcək süni zəkanın (artificial intelligence - AI) təməlini təşkil edir.

“MİLYARDLARLA DOLLARLIQ İMKANLAR”

Google və Bing axtarış sistemləri artıq uzun zamandır ki, insanlardan data-nin toplanmasıyla ciddi məşğul olur. Onlar artıq on ildən çoxdur ki, öz işlərinin nəticələrini dəyərləndirmək üçün insanlara müraciət edirlər. 2005-ci ildən bəri Amazon-un frilans işçiləri müvəqqəti onlayn işlərlə birləşdirən “Mechanical Turk” xidməti özünün kraudsorsinq data toplusunu bütün dünyada tədqiqatçıların istifadəsinə verdi.

Daha yaxın zamanlarda isə investorlar "Mighty AI" və "CrowdFlower" kimi startaplara milyonlarla dollar sərmayə yatırdılar. Bu startaplar hətta smartfonlarda belə fotoları və başqa data-ni daha asan işarələməyə imkan verən proqramlar üzərində çalışırlar.

Buna da bax: NASA və Google-un süni zəka texnologiyası 'yeni dünyalar' kəşf edib

Yeni startaplara kapital qoyan sərmayəçi S. “Soma” Somasegar maşın öyrətməsi (machine learning) alqoritmlərinin ehtiyaclarına xidmət sahəsində “milyardlarla dollarlıq imkanlar" gördüyünü deyir. Onun şirkəti, "Madrona Venture Group", "Mighty AI"ə sərmayə yatırıb. Onun sözlərinə görə, "hələ çox-çox uzun zaman ərzində" insanlardan istifadə olunacaq.

HƏYATLARI XİLAS ETMƏK ÜÇÜN SXEM

Data-nin dəqiqliklə işarələnməsi, məsələn, özü idarə olunan maşının səma ilə qarşıdakı yük maşınının kənarını bir-birindən daha yaxşı ayırmasına kömək edir. Qeyd edək ki, "Tesla"nın Model S avtomobili 2016-cı ildə bu iki şeyi bir-birindən ayıra bilməmiş, özü idarə olunan maşında ölümlə nəticələnən ilk qəza baş vermişdi.

Sünü intellekt ofisi
Sünü intellekt ofisi

“Biz oyun oynamaq üçün sistem yaratmırıq, biz həyatları xilas etmək üçün sistem yaradırıq", – Mighty AI-ın CEO-su Daryn Nakhuda deyir.

Venesuelanın Marakaibo şəhərində yaşayan makiyaj ustası 31 yaşlı Marjorie Aguilar gündə 4-6 saat "Mighty AI"-nin özü idarəolunan sistemləri öyrətməsinə kömək etmək üçün yol hərəkəti obyektlərinin ətrafında çərçivələr çəkməklə məşğul olur.

Bu işə görə o, saatına 50 sent qazanır. Ancaq böhrandan və dəhşətli inflyasiyadan əziyyət çəkən ölkədə cəmi bir neçə saat işləməklə bir aylıq kirayəpulunu ödəmək olur.

“Bu pul elə də böyük görünmür, ancaq mənim üçün bu, yaxşı puldur. Mənim üçün məvacibi ABŞ dollarında almağın nə qədər vacib olduğunu təsəvvür edə bilərsiniz", – o deyir.

İndoneziyanın Teqal şəhərində yaşayan 36 yaşlı 3 uşaq anası Aria Khrisna isə eBay və Amazon kimi saytlarda geyim şəkillərinə sözlü təqlər əlavə edir. Bu işə görə o, ayda 100 dollara yaxın pul qazanır. Bu məbləğ onun ümumi aylıq gəlirinin yarısını təşkil edir.

ŞİRKƏTLƏR QAZANIR

25 yaşlı Shamima Khatoon Hindistanın Metiabruz şəhərində yalnız qadınların çalışdığı "iMerit" data-leybelinq şirkətində maşınları, yolun üzərində çəkilmiş xətləri, svetoforları işarələməklə məşğuldur. Onun mühafizəkar müsəlman ailəsi evdən kənarda yalnız belə bir şirkətdə işləməsinə icazə verə bilərdi.

“Bu, bacarıqlarını artırmaq və ailənə dəstək ola bilmək üçün yaxşı platformadır", – o deyir.

"Toyota", "Nissan" və "Ford" kimi iri avtomobil istehsalçıları, "Uber" kimi taksi şirkətləri və "Alphabet Inc."ə məxsus "Waymo" kimi texnologiya nəhəngləri çox zaman işarələmə (labeling) işi ilə məşğul olan işçilərə ödənişi üçüncü tərəflər vasitəsilə edirlər.

Bu insanlara cüzi məvacib verilsə də, şirkətlərin götürdüyü qazanc özünü çox gözlətmir.

"InterContinental" Hotellər Qrupunun IT direktoru Scot Whigham-ın sözlərinə görə, rəqəmsal katibə Amelianın qəbul etdiyi hər telefon zəngi 5-10 dollara qənaət etməyə imkan verir.

Amelia işini yaxşı görə bilməyəndə isə zəng 60 xidmət əməkdaşından birinə ötürülür, proqramsa bu prosesi dinləməklə insanların işi necə yerinə yetirdiyini görür və onlardan öyrənir. Növbəti zənglərdə o, yeni öyrəndiyi bacarıqları sınaqdan keçirir. Bu zaman telefon zənglərinə vaxt sərf etməli olmayan insan əməkdaşlar başqa işlərlə məşğul ola bilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG