Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 00:54

Amerikalılar müharibədən narahatdır, NATO-yla əməkdaşlıq istəyirlər


ABŞ əsgərləri Əfqanıstanda.

Amerikalıların, az qala, 2/3-si ölkənin gələn 4 ildə böyük müharibəyə qatıla biləcəyindən narahatdır. «NBC News»un keçirdiyi sorğular bunu göstərir. Sorğuda iştirak edən amerikalıların 36%-i müharibə sarıdan çox narahat olduğunu deyib, 30%-i, sadəcə, narahatlığını bildirib, 15%-i narahat olmadığını, 8%-i isə heç narahat olmadığını söyləyib.

Demokratlar arasında müharibədən qorxanların sayı daha çoxdur. Sorğuya qatılan demokratların 88%-i ölkənin böyük müharibəyə qatılacağından əndişəlidir.

MÜTTƏFİQLƏRİN MARAQLARI

İnauqurasiya mərasimi zamanı ABŞ prezidenti Donald Trump hər şeydən öndə ölkəsini tutacağını, bütün xarici məsələlərdə birinci Birləşmiş Ştatların maraqlarını nəzərə alacağını demişdi. Amma «NBC News»un sorğuları göstərir ki, amerikalılar müttəfiqlərinin də maraqlarının qorunmasının tərəfdarıdırlar. Amerikalıların 62%-i hesab edir ki, lazım gəlsə, Vaşinqton güzəştə getməli, amma müttəfiqlərinin maraqlarına zidd hərəkət etməməlidir.

Keçən həftə Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın vitse prezidenti Mike Pence də, müdafiə naziri James Mattis də ölkəsinin NATO-ya sadiq olduğunu, Avropanın müttəfiqi olaraq qalacağını bildirdi. Sorğular amerikalıların – həm demokrat, həm də respublikaçıların NATO-ya rəğbət göstərdiyini, onu Birləşmiş Ştatlardan ötrü əlverişli tərəfdaş hesab etdiyini üzə çıxarıb.

Litvada NATO bazası.
Litvada NATO bazası.

D.Trump hakimiyyətə gələndə həm NATO, həm də BMT haqda yaxşı fikirlər söyləməmiş, hər iki təşkilatı «lazımsız» adlandırmış, onlara ayrılan vəsaiti azaltmaq arzusunda olduğunu bildirmişdi. Sorğular BMT məsələsində də əhalinin prezidentdən fərqli fikirdə olduğunu sübut edib. Respondentlərin 19%-i BMT-yə çox böyük rəğbəti olduğunu, 42%-i isə təşkilata, ümumiyyətlə, hörmətlə yanaşdığını bildirib.

RUSİYAYA RƏQİB KİMİ BAXIRLAR

Rusiya isə amerikalıların gözündə hələ də rəqibdir. Prezident D.Trump Rusiya ilə yaxınlığın ölkəyə xeyir gətirəcəyini desə də, «NBC News»un sorğusuna qatılan amerikalıların çoxu Rusiyanı ziyanlı ölkə hesab etdiyini bildirib. Respondentlərin 61%-i Rusiyanın dost olmadığını, bəziləri hətta düşmən olduğunu söyləyib, 28%-i düşmən olmasa da, Rusiyadan müttəfiq çıxmayacağını, cəmi 7%-i Rusiyayla müttəfiqliyə inandığını deyib.

Amma Rusiyaya münasibətdə partiyalar arasındakı baxış çox fərqlidir. Respublikaçıların yarısı Rusiyanı müttəfiq/dost hesab edir, yarısı isə düşmən. Demokratlarınsa cəmi 23%-i Rusiyayla müttəfiqliyə ümidlə baxır, 76%-nin fikrincə, Rusiya düşməndir.

«NBC News» bu sorğuları 2017-ci ilin fevralında, ayın 13-dən 16-na qədər keçirdiyini deyir. Sorğuda 11 min 500 çox amerikalı iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG