Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:29

Davutoğlu Bakıda Putin-i yumşalmağa çağırdı


Ahmet Davutoğlu və İlham Əliyev
Ahmet Davutoğlu və İlham Əliyev

-

«Türkiyə-Azərbaycan birliyi və siyasəti bölgədə sabitləşdirici rol oynayır. Bölgədə sabitlik, əfsuslar olsun ki, pozulub, yeni təhdidlər, risklər meydana gəlir. Biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Əlbəttə, Türkiyə nə qədər daha güclü olsa, Azərbaycanın gücü də o qədər artacaq».

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Ahmet Davutoğlu ilə mətbuata birgə açıqlamasında belə deyib.

Prezident Ahmet Davutoğlu ilə görüşdə enerji və nəqliyyat layihələri haqqında fikir mübadiləsi apardıqlarını bildirib. O, TANAP layihəsinin vaxtında – 2018-ci ildə, bəlkə ondan da tez icra ediləcəyini söyləyib: «Beləliklə, Azərbaycan Türkiyəyə və ondan sonra Avropaya daha böyük həcmdə təbii qazını ixrac edə biləcək. Türkiyə və Avropa ölkələri yeni alternativ mənbəyə çıxış əldə edəcəklər. Bütün tərəflər bu layihənin icrasından ancaq fayda görəcəklər».

İlham Əliyev Azərbaycanın yaxın illərdə Türkiyəyə 20 milyard dollara yaxın sərmayə qoyacağını da bəyan edib: «O sərmayənin bir hissəsi artıq qoyulub və bu, əlbəttə ki, bir daha bizim siyasi iradəmizi əks etdirir. Ancaq dost ölkələrin iqtisadiyyatlarına bu qədər sərmayə qoyula bilər».

Dövlət başçısı Azərbaycanla Türkiyənin bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurlu əməkdaşlığından, birgə təlimlər keçməsindən də danışıb.

AHMET DAVUTOĞLU: «GECƏ-GÜNDÜZ ÇALIŞACAĞIQ»

Baş nazir Ahmet Davutoğlu Avrasiya miqyasında ən böyük layihələrin təməlində Türkiyə-Azərbaycan əməkdaşlığının durduğunu bildirib: «Bu gün keçirdiyimiz görüşlərdə, apardığımız müzakirələrdə energetika nazirlərimiz TANAP layihəsinin nəzərdə tutulduğu kimi, 2018-ci ildə deyil, daha tez reallaşması üçün razılığa gəldilər. Gecə-gündüz çalışacağıq, Türkiyə Respublikasının sərhədləri daxilində TANAP layihəsi üçün nə lazımdırsa ediləcək. Bu işlər Azərbaycanda da eyni qaydada görüləcək. Çünki TANAP və Bakı-Tbilisi-Ceyhan iki böyük layihə olaraq neft və təbii qaz ehtiyatlarının Xəzərdən Aralıq dənizinə və Avropaya çatdırılmasında əsas kanallardır. TANAP-ın TAP ilə tamamlanması Avropa daxilində balanslaşmaya da təsir edəcək. Ötən bazar günü keçirdiyimiz Türkiyə-Avropa İttifaqı Zirvəsi ilə bağlı da prezident İlham Əliyevə məlumat verdim. Orada avropalı dostlarımızla əgər Avropanın enerji təhlükəsizliyi müzakirə mövzusu olarsa, ən təhlükəsiz xəttin Xəzər ehtiyatlarının Türkiyə vasitəsilə Avropaya çatdırılması olduğunu bir daha müzakirə etdik».

Ahmet Davutoğlu-nun dediyinə görə, hədəf qarşılıqlı sərmayələri ən qısa müddətdə 20 milyard dollara, hazırda 5 milyard dollar olan ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. O, müdafiə sənayesi sahəsində əməkdaşlığın davam edəcəyini bildirib: «Qafqazda və ətraf regionlarda sülhün bərqərar olması Türkiyə-Azərbaycan əlaqələrindən böyük dərəcədə asılıdır. Bu baxımdan Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli mexanizmlərinə böyük önəm veririk. Türkiyə və Azərbaycanın birlikdə olduğu və digər ölkələrin iştirak etdiyi mexanizmlərin sülhə böyük töhfə verəcəyinə inamımız qətidir».

DOST, QONŞU RUSİYA…

Ankara-Moskva münasibətlərinə toxunan baş nazir deyib: «Türkiyə bütün bu məsələlərdə həmişə şəffaf və açıq siyasət yürüdüb. Buradan bir daha dostumuz, qonşumuz və böyük ortağımız olan Rusiyanı bütün bu məsələləri soyuqqanlı şəkildə dəyərləndirməyə çağırıram. Türkiyə öz sərhədlərini qoruyub. İndiyədək hər hansı şəkildə heç bir ölkəni hədəf alan aqressiv mövqedə olmayıb».

Ahmet Davutoğlu indiki halda Türkiyənin Rusiya ilə istənilən məsələni müzakirə etməyə hazır olduğunu bir daha bəyan edib. O, Rusiyanın ən çətin vaxtlarında Türkiyənin bu ölkəyə tətbiq olunan iqtisadi sanksiyalara qatılmadığını yada salıb: «Ancaq bu gün Türkiyənin heç bir şəkildə səbəb olmadığı böhranla əlaqədar Rusiyanın bizə qarşı iqtisadi sanksiyaların tətbiqi ilə bağlı qərar qəbul etməsini də böyük bir ziddiyyət olaraq görürük».

O, həmçinin Rusiya prezidenti Vladimir Putin-i açıqlamalardakı sərtliyi yumşaltmağa çağırıb: «Çünki Türkiyə-Rusiya münasibətlərinə yalnız Türkiyə və Rusiya olaraq iki ölkənin deyil, Qafqaz, Balkanlar, Orta Asiya, Yaxın Şərq, Qara dəniz, Xəzər dənizi regionlarının və digər bölgələrin də ehtiyacı var. Türkiyə ilə Rusiya arasındakı əlaqələrin yaxşı olması bütün bu bölgələrin sülh və sabitliyinə töhfə verər. Bu baxımdan da bu müraciətimizi buradan bir daha səsləndirmək istəyirəm. Amma heç bir şəkildə əsassız ittihamlarla Türkiyənin günahlandırılmasını da qəbul etməyəcəyimizi və hansı ölkəyə aid olursa-olsun Türkiyənin hava, quru və dəniz sərhədlərini təhdid edəcək və ya pozacaq heç bir fəaliyyətə imkan verməyəcəyimizi bir daha ifadə etmək istəyirəm».

Bu il noyabrın 24-də türk hərbçiləri Suriya ilə sərhəddə Rusiyanın «Su-24» təyyarəsini vurub. Bundan sonra iki ölkə arasında münasibətlər pisləşib.

Türkiyənin baş naziri dekabrın 3-də Azərbaycana gəlib. Səfər dekabrın 4-də də davam edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG