Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:14

Sürücülük hüququ ilə bağlı yeni alt kateqoriyalar müəyyən olunur


“Yol hərəkəti haqqında” qanuna dəyişikliklər edilir. Həmin dəyişikliklərdə sürücülük hüququ ilə bağlı yeni alt kateqoriyalar müəyyən olunur.

Təkliflərin ölkə prezidentindən gəldiyi bildirilir.

AZƏRTAC-ın məlumatına görə, təkliflər parlamentin bəzi komitələrinin mayın 25-də keçirilən birgə iclasında müzakirə olunub.

Layihə təklifi “Yol hərəkəti haqqında” qanunun “Nəqliyyat vasitələrini idarəetmə hüququ” adlanan 33-cü maddəsinə əlavələr edilməsini nəzərdə tutur. Əlavələrə görə, “A”, “B” , “C” kateqoriyaları ilə yanaşı “B1”, “C1”, “C1E” “D1” və “D1E” alt kateqoriyaları müəyyənləşdirilir.

Qeyd olunan alt kateqoriyalar trisikl və kvadrosikl, minibus nəqliyyat vasitələri növlərinə, 3,500-7,500 kq ağırlığında, habelə römorklu (qoşqulu), ağır tonnajlı yük maşınlarına aiddir.

Qanun layihəsinə görə, asma mühərrikli velosipedi, mopedi 16 yaşdan, “A”, “B”, “C”, kateqoriyalarına, “B1” və “C1” alt kateqoriyasına daxil olan nəqliyyat vasitələrini 18 yaşdan idarə etmək hüququ verilir.

“C1E” alt kateqoriyasına daxil olan nəqliyyat vasitələrini 19 yaşdan, tramvayları, trolleybusları və “D1” alt kateqoriyasına daxil olan nəqliyyat vasitələrini 23 yaşdan yuxarılar idarə edə biləcəklər. Onlar “B”, “C” və ya “C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində beş ildən az olmamaq şərtilə təcrübəyə yiyələnməlidirlər.

“D1E” alt kateqoriyasına daxil olan nəqliyyat vasitələrini isə 25 yaşdan idarəetmə hüququ verilir.

Deputatlar təklifləri bəyəniblər.

XS
SM
MD
LG