Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:02

Almaniyanın ifrat sağçı AfD Partiyası haqda nə bilirik


AfD-nin lideri Joerg Meuthen və AfD-nin sədri Frauke Petry partiyanın Ştutqartda keçirilən qurultayında. 1 may 2016
AfD-nin lideri Joerg Meuthen və AfD-nin sədri Frauke Petry partiyanın Ştutqartda keçirilən qurultayında. 1 may 2016

Almaniyada seçkilərdə Angela Merkel-in partiyası bir daha qalib gəldi. Ancaq səsvermənin yaratdığı əsas şok ifrat sağçı «Almaniya üçün Alternativ» (Alternative für Deutschland) partiyasının qalib gələrək parlamentə düşməsidir. Bəs AfD nədir və onun alman siyasətində yüksəlişi nə ilə bağlıdır?

AfD seçkinin nəticələrini birmənalı qələbə kimi qeyd edir: güllər, alqışlar, nikbin proqnozlar.

«Biz bilmirik, gözləntilərimiz doğrulacaqmı. Ancaq... bir şeyi dəqiq bilirik - bu boz ölkədə demokratiyanı zənginləşdirmişik. Biz demokratiyanı möhkəmləndirərək daha güclü etmişik», – hələ 2013-cü ildə AfD-nin keçmiş lideri Berndt Lucke deyirdi.

ÜÇÜNCÜ SİYASİ QÜVVƏ

Bundestaqa ötən seçkilərdə sağçı AfD səslərin cəmi 4.7%-ni toplayaraq parlamentə düşə bilməmişdi. Minimal baryeri keçməyə 0.3 faizi çatmamışdı. Ancaq yenicə yaranmış partiyadan ötrü bu da qələbə sayılırdı. Bu seçkilərdə isə sağçılar səslərin 13%-ni toplayaraq, ölkənin üçüncü siyasi qüvvəsi oldular. Bununla yanaşı, onlar daha çox səs toplaya bilmədikləri üçün heyfsilənirlər.

AfD artıq 2013-cü ildəkindən çox fərqlidir. O zaman o, özünü «Almaniyanın intellektual elitasının övladı» kimi göstərirdi. Artıq dörd il keçib. Silahdaşları ötən seçkilərdən sonra demokratiyanın möhkəmlənməsindən danışan Berndt Lucke-ni həddindən artıq liberal saydılar və o, 2015-ci ildə partiyanı tərk etdi. O gedərkən bəyan etdi ki, partiya get-gedə daha millətçi olur. Onun yerinə liderlərdən biri kimi önə daha radikal Frauke Petry çıxdı. Ötən gün o da AfD-ni tərk etdi. Onun da getməsinin səbəbi daha radikal silahdaşlarla fikir ayrılığı idi.

Almaniya parlamentində millətçilər də mandata sahib olur
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

2016-cı ilin aprelində Ştutqart qurultayında AfD etirazlara baxmayaraq, özünün yeni siyasi proqramını qəbul etdi: Yeni məscidlərin tikilməsinin və hicabın yasaqlanması təklifləri qəbul edildi. Partiya əcnəbi qanun pozucularının Almaniyadan qovulmasını və icbari hərbi xidmətin bərpasını təklif edir. Xarici siyasətdə isə əsas məqsəd kimi Rusiyayla münasibətlərin yoluna qoyulması göstərilir. Almaniyanın özündə AfD-nin bu yanaşması sərt reaksiya ilə qarşılaşır.

«HITLER ALMANİYASINDAN BƏRİ İLK DƏFƏDİR Kİ...»

«Bütün bunlar tariximizin dəhşətli anlarını xatırladır. Hitler Almaniyasından bəri ilk dəfədir ki, bizdə proqramı bütöv bir dinə nifrət üzərində qurulmuş... partiya var», – Almaniya Müsəlmanları Şurasının rəhbəri Aiman Mazyek söyləyir.

«AfD cəmiyyəti birləşdirən və problemlərdən uyğun çıxış yolları təklif edən partiya deyil. O, sadəcə önyarqılarla oynayır və parçalanmaya yol açır», – Angela Merkel deyirdi.

Fevralda AfD-ın bölgə liderlərindən biri Björn Höcke Berlində Holokost qurbanları abidəsini tənqid etmişdi. O demişdi ki, İkinci Dünya müharibəsinin alman qurbanlarına fokuslanmaq lazımdır. Buna görə o, partiyadan azad edilmişdi.

Partiyanın hazırkı lideri Alexander Gauland ötən ilin mayında Almaniyanın futbol yığmasının qaradərili oyunçusu Jerome Boateng haqqında belə demişdi:

«İnsanlar onu futbolçu kimi bəyənirlər. Ancaq onlar dəqiq Boateng kimi biri ilə qonşuluqda yaşamaq istəməzdilər».

Seçkilərdən bir neçə həftə öncə isə AfD lideri demişdi ki, Almaniya hər iki dünya müharibəsində öz əsgərlərinin nailiyyətləri ilə fəxr etməlidir. Seçkilərdən dərhal sonra isə Gauland tərəfdarlarına söz verib ki, partiyası ölkəni dəyişdirəcək.

ƏSL İNQİLAB

Almaniyalı politoloq Sergey Lagodinski-nin fikrincə, əslində, seçkinin nəticələri sürpriz deyil. Onun sözlərinə görə, Almaniyada çoxlarının Merkel-in siyasətindən, sistemdən, xüsusən də miqrasiya siyasətindən narazı olduğu gizli deyil.

«Məni narahat edən odur ki, onlar həqiqətən də sistemxarici yox, antisistem müxalifəti yaratmaq istəyirlər. Onlar Qərb demokratik sistemini yeni islahata məruz qoymaq istəyirlər», – o deyir.

Qeyd edək ki, bu, A.Merkel-in kansler postunda dördüncü, sonuncu müddətidir. Mütəxəssislər seçkinin nəticələrinin Avropanın ən böyük, AB-nin siyasətini diktə edən ölkəsində əsl inqilab olduğunu deyirlər.

Almaniyanın yeni parlamentinin tərkibi belədir: Artıq aydındır ki, Xristian-Demokrat İttifaqı/Sosial Demokratlar Partiyası (CDU/SPD) alyansı olmayacaq. Böyük ehtimalla, gələcək hökumət Merkel bloku (qara rəng), azad demokratlar (sarı rəng) və «yaşıllar»dan ibarət olacaq. Almanlar bu qrupa «Yamayka» adı qoyublar (Yamayka bayrağının rənglərinə görə).

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG