Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:06

Almaniyadan sığınacaq istəyən türkiyəlilərin çoxu kürdlərdir


Almaniyada kürdlərin aksiyası.
Almaniyada kürdlərin aksiyası.

Almaniyanın «Spiegel» jurnalı ölkədən sığınacaq istəyən Türkiyə vətəndaşlarının sayının ötən illə müqayisədə 3 dəfə artdığını yazır. Həm də Almaniyaya müraciət edən türkiyəlilərin 80%-i kürdlərdir.

5 MİN 200 MÜRACİƏT

Jurnalın rəsmi mənbələrdən aldığı məlumata görə, 2016-cı ilin yanvarından bəri Türkiyədən Almaniyaya 5 min 200 müraciət gəlib. Müraciətləri göndərənlərin 4 minindən çoxu kürdəsilli olduğunu bildirib. Keçən il bu rəqəm 1.8 min olub.

«Spiegel» yazır ki, duruma səbəb Türkiyədə 15 iyul hadisələrindən – çevriliş cəhdindən sonrakı təmizləmə əməliyyatlarıdır. Hökumət çevrilişə cəhddə ittiham etdiyi müxalifətçilərlə yanaşı, PKK terror təşkilatıyla əlbirliyində günahlandırdığı kürd fəallarını da həbsə atır. Ölkədə bir-birinin ardınca baş verən terror hücumlarına görə məsuliyyəti kürd yaraqlılarının üzərinə götürməsi kürdəsilli əhalinin durumunu daha da ağırlaşdırıb.

Təkcə keçən həftə Türkiyənin Daxili İşlər Nazirliyi kürd terror qruplaşmasıyla əlaqədə şübhəli bilinən 500 nəfərin tutulduğunu elan edib.

TƏHLÜKƏLİ ÖLKƏ

Dünən – dekabrın 26-da isə Ankarada kürdpərəst Xalq Demokrat Partiyasının (HDP) sədr müavini Aysel Tuğluk-u saxlayıblar. Onu şəhər prokurorluğunun terrorla mübarizə şöbəsinin əməkdaşları tutub. Türk hökuməti indiyə qədər HDP-nin sədri Selahattin Demirtaş da daxil olmaqla, partiyanın 15-ə yaxın üzvünü həbs edib.

«Ankara kürdəsilli əhaliylə barışmaz mübarizə aparır». Bunu Bundestaq üzvlərindən solçu Ulla Jelpke jurnala müsahibəsində deyib. Onun sözlərinə görə, Türkiyə təhlükəli ölkədir və qaçqınların sığına biləcəyi yer deyil.

Almaniyadan sığınacaq istəyən Türkiyə vətəndaşları arasında Erdoğan rejiminə qarşı çıxan türk diplomatları və Almaniyanın NATO-ya məxsus Ramştayn bazasında çalışan onlarla türk hərbçisi də var.

Türkiyədən qaçqın axınının artmasına baxmayaraq, Türkiyə özü bu yaxınlarda Yaxın Şərqdə münaqişələrdən qaçan 3 milyon miqranta sığınacaq verib.

XS
SM
MD
LG