Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 15:41

Almaniya NATO-ya görə ABŞ-a borclu deyil


Donald Trump və Angela Merkel

ABŞ prezidenti Donald Trump şənbə günü Twitter-də Almaniyanı suçlayıb. Yazıb ki, Berlinin NATO-ya görə Birləşmiş Ştatlara «böyük məbləğdə» borcu var. «The Washington Post» qəzetində Rick Noack yazır ki, ola bilsin, Trump bununla avropalı müttəfiqinə təzyiq göstərməyə çalışır. Amma Berlin bu iddiaları rədd edib, üstəlik, Trump-ın NATO-nun maliyyə işlərindən nə anladığını da sual edib.

«BU, ÇIXIŞ YOLU DEYİL»

Bazar günü Almaniyanın müdafiə naziri Ursula von der Leyen tənqidi «qeyri-dəqiq» adlandırıb, heç prezidentin adını da çəkməyib.

«NATO-nun borc hesabı yoxdur», – nazir deyib. Əlində, NATO-nin kiçik logistik büdcəsi var və bütün üzv dövlətlərin maliyyəsinə söykənir. Amma NATO üzvlərinin cəmi resurslarının əksər hissəsi ölkələr içində idarə olunur.

Bu tənqidə digər ekspertlərdən də reaksiya gəlib. ABŞ-ın NATO-dakı keçmiş səfiri Ivo Daalder qəzetə deyib ki, «Trump-ın dediyi NATO-nun funksiyası barədə yanlış fikir yaradır. Prezident elə hey deyir ki, avropalılar bizə pul verməlidirlər, çünki Avropada əsgərlərimiz var və onları müdafiə edirik. Amma bu, çıxış yolu deyil».

Ursula von der Leyen
Ursula von der Leyen

«YÜK ƏDALƏTLƏ PAYLAŞDIRILSIN»

Von der Leyen Trump-ın BMT-nin sülhməramlı missiyalarına maliyyəni azaltmaq planını da tənqid edib. Xanım nazir söyləyib ki, Almaniyanın müdafiə xərcləri yalnız NATO missiyaları üçün deyil və BMT missiyalarına əlavə maliyyə ayrılacaq. «İstədiyimiz odur ki, yük ədalətlə paylaşdırılsın və bundan ötrü təhlükəsizliyin müasir anlamına nail olmalıyıq», – nazir vurğulayıb.

Qəzet yazır ki, Trump-ın alman nazir tərəfindən belə qeyri-adi tənqidi Berlinin transatlantik münasibətlər sarıdan artan narahatlığını göstərir.

Ötən ilin noyabrında almanların 59 faizi Birləşmiş Ştatlara etibarlı müttəfiq kimi baxırdısa, fevralda bu rəqəm 22-yə düşüb. Almaniyanın vitse-kansleri Sigmar Gabriel Trump-ı «hədə» adlandırmaqdan belə çəkinməyib.

MÜDAFİƏ XƏRCLƏRİ İKİQAT ARTIRILA BİLƏR

Almaniyanın xarici siyasətində hələ də 2-ci Dünya müharibəsinin izləri özünü göstərir və alman seçicilər xarici hərbi əməliyyatları dəstəkləmirlər. Bu ölkə müdafiə xərclərini artırmaqdansa, digər ölkələrdə iqtisadi əlaqələrin dərinləşdirilməsinə, yardıma üstünlük verir.

Qəzet yazır ki, amma Avropada ABŞ hərbçilərinin ən böyük sayda olduğu ölkə də elə Almaniyadır. Nəzəri baxımdan, Trump hərbçiləri geri çəkməklə hədələyə bilər. Amma ABŞ-ın özünə də Almaniyadakı bazalar lazımdır. Buradan Şərqi Avropa və Yaxın Şərqdəki əməliyyatlar idarə olunur.

Ötən cümə Trump-la görüşündə kansler Angela Merkel 2024-cü ilədək ölkənin müdafiə xərclərini ikiqat artırmaq öhdəliyini bir də dilə gətirib. Amma bu planı hökumət və parlament də təsdiqləməlidir.

Təsdiqlənsə, bu artım NATO-nun tələbinə uyğun olacaq. Belə ki, üzv dövlətlərin 2024-cü ilədək ÜDM-nin 2 faizini müdafiəyə xərcləmələri istənilir. Bu məqsəd 3 il öncə qoyulub. Almaniya, hələlik, ÜDM-nin 1.2 faizini, ABŞ isə 3 faizdən çoxunu müdafiəyə xərcləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG