Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 14:42

Almaniyanın 3 şəhərində Azərbaycanla bağlı aksiyalar keçirilib


Foto: arxiv

Azərbaycandan Avropaya sığınan mühacirlərin sentyabrın 22-də Almaniyanın 3 şəhərində etiraz aksiyası keçirdiyi bildirilir. Aksiyalarda adları Azərbaycan məmurlarından rüşvət qəbul etməkdə hallandırılan bir neçə almaniyalı deputatın hərəkətlərinin qınandığı söylənir.

Aksiyaları Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) təşkil etdiyi bildirilir.

Mainz, Münster və Ansbach şəhərlərində düzənləndiyi deyilən etiraz aksiyalarında ümumilikdə 100-ə qədər şəxsin iştirak etdiyi vurğulanır.

Verilən məlumatlara görə, aksiyalarda çıxış edənlər deyiblər ki, Azərbaycan hökuməti ölkədə əsas insan hüquq və azadlıqlarını məhdudlaşdırır. Bu sahədə götürülən beynəlxalq öhdəliklərə və ölkə Konstitusiyasına əməl edilmir. Onlar qeyd edib ki, Azərbaycan hökuməti bu basqıları gizlətmək, beynəlxalq qurumlarda təzyiqlərdən qorunmaq məqsədi ilə qərbli siyasətçiləri ələ almaq siyasəti yeridir.

Çıxışçılar bildirib ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin Azərbaycanla bağlı araşdırmasında sözügedən ələalma, rüşvət hallarından bəhs edilir. Aksiya iştirakçıları Azərbaycan məmularından rüşvət almaqda adı keçən bütün siyasətçilərə etirazlarını ifadə ediblər.

Aksiyaların qətnamə oxunuşu, “Diktaturaya son”, “Təzyiqlərə son” şüarlarının səsləndirilməsi ilə başa çatdığı deyilir.

Xatırlatma

Müsavat Avropa Koordinasiya Mərkəzi 2015-ci ildə Almaniyada təsis edilib və 2016-cı ildə qeydiyyata alınıb.

Koordinasiya Mərkəzi bu il Almaniyada bir neçə dəfə «Siyasi məhbuslara azadlıq!» şüarı ilə etiraz aksiyası keçirib. Həmin aksiyadan sonra etiraz tədbirlərinin təşkil edən, eləcə də, aksiyada iştirak edənlərin Azərbaycandakı yaxınlarının polisə çağırıldığı, sorğu-sual edildiyi bildirilirdi.

Ancaq Azərbyac rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

«The Guardian» qəzetində dərc olunmuş araşdırmaya görə, 2012-2014-cü illərdə ölkədən 2.9 milyard dollar çıxarılaraq, Böyük Britaniyada qeydiyyatdan keçən 4 ofşor şirkətə ötürülüb. Həmin pulların «yuyularaq» mənimsənildiyi və rüşvət kimi Avropadakı bəzi siyasətçilərə verildiyi iddia edilir.

Öz növbəsində rəsmi Bakı araşdırma yazısında qeyd edilənləri təkzib edir.Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov bildirib ki, məqalədəki məlumatlar absurd xarakter daşıyır.

«Dünyada müəyyən dairələr və onların havadarları, eləcə də erməni lobbisinin maliyyələşdirdiyi ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycana qarşı ağlasığmaz, iftira dolu, yalan məlumatlar yaymaqla məşğuldurlar. Özü də bu cür yazılar elə təqdim olunur ki, guya orada göstərilən faktlar dəlil-sübutlara və sənədlərə əsaslanır. Bu da bir növ məsələlərin mahiyyətinə dərindən bələd olmayan kütləvi oxucuya psixoloji təsir etmək məqsədi daşıyır», – o qeyd edib.

Rəsmilər bəyan ediblər ki, həmin məsələlərin nə Azərbaycan dövlət başçısına, nə də onun ailə üzvlərinə aidiyyəti var.

Günün bütün mövzuları

XS
SM
MD
LG