Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:06

İlham Əliyev: ‘Biz dənizləri birləşdiririk’


“Biz Avrasiyanın enerji xəritəsini demək olar ki, yenidən tərtib etmişik”

“Biz şad olardıq ki, İtaliya şirkətləri Azərbaycana daha böyük həcmdə investisiya qoysunlar. Bunun üçün yaxşı imkanlar var. Azərbaycana 250 milyard dollara yaxın xarici və yerli sərmayə qoyulub. Sərmayə iqlimi çox yaxşıdır və xarici sərmayə qanun çərçivəsində yüksək səviyyədə təmin edilir və qorunur”, - iyulun 19-da Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İtaliya biznes forumundakı çıxışında prezident İlham Əliyev deyib.

Forumda Azərbaycanda rəsmi səfərdə olan İtaliya Prezidenti Sergio Mattarella, eləcə də 350-dək iş adamı iştirak edib.

İlham Əliyev vurğulayıb ki, növbəti illər üçün başlıca istiqamət sərmayə qoyuluşu və podratçı kimi fəaliyyət prioritet olmalıdır.

Dövlət başçısı daxili iqtisadı duruma da toxunub:

“Azərbaycan son 15 ildə iqtisadi baxımdan çox uğurla inkişaf edib. Son 15 ildə iqtisadiyyat, yəni, ümumi daxili məhsul 3,2 dəfə artıb. Hesab edirəm ki, bu, dünya miqyasında rekorddur”.

Prezident Azərbaycanın xarici borcunun ÜDM-in cəmi 20 faizini təşkil etdiyini bildirib: “Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir. Yəni, bütün bu göstəricilər göstərir ki, makroiqtisadi vəziyyət müsbətdir”.

İlham Əliyev Azərbaycanın çox böyük infrastruktur layihələri icra etməsindən danışıb, deyib ki, inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir. O böyük enerji, nəqliyyat layihələrinin uğurla icra edildiyini də xüsusi vurğulayıb.

“Biz dənizləri birləşdiririk. Xəzər dənizini Qara dənizlə neft kəməri ilə birləşdirdik. Ondan sonra Xəzər dənizini Aralıq dənizi ilə neft kəməri ilə birləşdirdik. Bunlar tarixi layihələrdir. Biz Avrasiyanın enerji xəritəsini demək olar ki, yenidən tərtib etmişik və buna davam edirik. Hazırda isə biz “Cənub Qaz Dəhlizi” layihəsini uğurla icra edirik", - prezident söyləyib.

Sergio Matarella: “Azərbaycan Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi üçlüyünün... baş qəhrəmanı ola bilər”

İtaliya prezidenti Sergio Matarella isə deyib: “İtaliya Azərbaycana yalnız ticari mübadilələrdə deyil, karbohidrogen sahəsindən əlavə öz potensialının və iqtisadi sisteminin şaxələndirilməsində və sənaye proqramlarının inkişafında istinad edilən etibarlı bir tərəfdaş ola bilər. Şaxələndirmə Azərbaycanın əsas hədəflərindən biridir. Buna dəstək məqsədilə İtaliya fərqli təcrübələrini, texnologiyalarını, bacarıq və qabiliyyətlərini Azərbaycana təqdim edə bilər”.

Sergio Matarella son 10 ildə italyan müəssisələrinin və italyan texnologiyalarının Azərbaycanın neft sənayesinə verdiyi töhfənin 5 milyard avrodan çox olduğunu qeyd edib:

“Sumqayıtda polipropilen zavodunun açılışında iştirak etdik. Bu zavodun inşası “Maire Tecnimont” şirkəti ilə “SOCAR Polimer”in layihəsi əsasında həyata keçirilib. Bu zavod Azərbaycana neft-kimya sənayesini inkişaf etdirməyə və öz ixrac potensialını artırmağa imkan yaradacaq. Bu, Azərbaycan hökumətinin yeni iş yerlərinin və yeni istehsal sahələrinin açılması kimi prioritet hesab etdiyi məsələlər üzrə çox vacib bir məqsəddir”.

İtaliya prezidenti deyib ki, strateji baxımdan regionda “önəmli rola” malik olan Azərbaycan Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi üçlüyünün iqtisadi potensialının inkişafında yeni bir səhifənin “baş qəhrəmanı” ola bilər. “Biz tarixi dostluğumuz və tərəfdaşlığımızın potensialından istifadə edərək dənizlərimiz arasında bu körpünü birlikdə tikməliyik”, - çıxışının sonunda S.Matarella söyləyib.

İtaliya prezidenti iyulun 18-dən Azərbaycanda səfərdədir. Tərəflər arasında bir sıra sənədlər imzalanıb.

XS
SM
MD
LG