Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:51

Vəkil: 'Hadisədən bir gün əvvəl Əli müəllimə dedim ki, ehtiyatlı olun'


Əli İnsanovun məhkəməsi, 17 yanvar, 2014
Əli İnsanovun məhkəməsi, 17 yanvar, 2014

Keçmiş səhiyyə naziri Əli İnsanovun yenidən 7 il azadlıqdan məhrum edilməsinə dair hökm qüvvədə saxlanılıb.

Bu haqda iyunun 22-də Bakı Apellyasiya Məhkəməsində Əflatun Qasımovun sədrlik etdiyi məhkəmə kollegiyası qərar çıxarıb.

Əli İnsanov məhkəmədə iştirakdan imtina edib. Keçmiş nazir bu haqda məhkəməyə ərizə göndərib. Eyni zamanda, onun saxlandığı Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında da müvafiq akt tərtib olunub.

“MÜTLƏQ ARAŞDIRMA APARILMALIDIR”

Məhkəmədə Ə. İnsanovun vəkili Ağaveyis Şahverdi çıxış edərək, şikayətə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib.

Buna da bax:​ Əli İnsanov məhkəməyə gəlməkdən imtina elədi

Vəkil bildirib ki, cinayət işindəki bir sıra hallara aydınlıq gətirilməsi üçün mütləq araşdırma aparılmalıdır.

"Birinci instansiya məhkəməsində təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət qaldırmışdıq. Çünki bizim ekspert qarşısında qoyduğumuz suallara cavab verilməmişdi. Yəni ekspert rəyi tam deyildi. Amma təəssüf ki, vəsatətimiz təmin olunmadı. Biz Əli İnsanovun psixotrop tərkibli dərmanlar saxladığı iddia olunan şüşə qabın üzərində əl-barmaq izlərinin olub-olmadığını müəyyənləşdirmək məqsədilə ekspertiza keçirilməsini istəyirdik. Əgər iddia olunduğu kimi, Əli İnsanov o qabdan istifadə edibsə, üzərində onun əl izləri olmalı idi. Yaxud, Əli İnsanovun cırdığı iddia olunan protokolun da ekspertizası keçirilmədi. Halbuki, adam protokolu cırıbsa, deməli, üzərində əl izləri olmalıdır. Yazıblar ki, guya Əli İnsanov psixotrop tərkibli həbləri özü qəbul edirmiş və bu məqsədlə də onları qabda saxlayıb. Amma kimyəvi ekspertiza keçirib onun qanında psixotrop tərkibli maddələrin olub-olmadığını müəyyən etmədilər.

Birinci instansiya məhkəməsində Anar Təhməzov adlı şahid dindirildi. O bildirdi ki, şüşə qabı Əli İnsanovda görməyib. Amma hökmdə şahidin ifadəsi təhrif olunub, yazılıb ki, Əli İnsanovun o qabdan dərmanları götürüb istifadə etdiyini görüb. Ən azı, bu ziddiyyətin aydınlaşdırılması üçün Anar Təhməzov bura çağrılıb dindirilməlidir. Elə məsələlər var ki, onların üstündən keçmək olmur".

“QƏRAR HAZIR OLUR”

Vəkil deyir ki, Əli İnsanovun cəzaçəkmə müəssisəsində əşyalarının saxlanıldığı otağa baxış keçirilib, hal şahidləri çağrılıb, amma 50 metr kənardan onun özünü dəvət etməyib, ona bu haqda heç bir söz deməyiblər.

Müdafiəçinin sözlərinə görə, əgər qapısı bağlı otağa baxış keçirilirsə, mütləq məhkəmə qərarı olmalı idi. Amma belə bir qərar olmayıb.

Buna da bax:​ Əli İnsanova 7 il cəza verildi, 11 il cəza çəkəndən sonra [yenilənib]

"Vəkillər arasında belə bir rəy var ki, Ali Məhkəmədə işə baxılanda danışmağa ehtiyac yoxdur. Çünki danışılanlara onsuz da əhəmiyyət verilmir, qərar hazır olur. Ona görə də özünü yormadan, elə bir kəlmə ilə "şikayəti müdafiə edirəm" demək kifayətdir. İndi bu işdə də biz hesab edirik ki, Əli İnsanov haqda qərar artıq hazırdır və mənim burada çox danışıb, sübutları ortaya qoymağıma ehtiyac toxdur", – Ağaveyis Şahverdi belə deyib.

Vəkil həmçinin cəzanın ağırlığına da etiraz edib: "Bu adam 4 akademiyanın üzvü olub, birindən çıxarılsa da, qalan üçünün hələ də üzvüdür. Azərbaycanda dərman kəşf edən yeganə alimdir. Dünyada tanınan elm adamıdır, 30 mindən çox adamı müalicə edib. Uzun illər deputat, nazir olub. Hətta bu cinayəti törətmiş olsaydı belə, ona niyə bu qədər ağır cəza verilirdi? Verilən cəza onun şəxsiyyətinə adekvat deyil".

VƏKİLİN XƏBƏRDARLIĞI

A.Şahverdi xatırladıb ki, Əli İnsanov 11 illik həbsdən çıxmasına 58 gün qalmış şərlənib. Vəkilin sözlərinə görə, sabiq nazirin saxta ittihamla cəzasının artırılacağı ehtimalı əvvəlcədən var idi: "Bu hadisədən bir gün əvvəl cəzaçəkmə müəssisəsində Əli müəllimə dedim ki, ehtiyatlı olun, kimsə gəlib təxribat məqsədi ilə sizə sataşar. O da cavab verdi ki, mən müəssisənin həyətində getdiyim yerdə kimsə gəlib qarşımda öz yaxasını cırarsa, mən nə edə bilərəm? Sosial şəbəkələrdə də hadisədən əvvəl məlumat yayılmışdı ki, Əli İnsanova hakimiyyət nümayəndəsinə zor tətbiq etmə ittihamı ilə yenidən cinayət işi qaldırılacaq".

Buna da bax: Əli İnsanov hakimiyyət üçün təhlükəlidirmi?

A.Şahverdi çıxışının sonunda Əli İnsanov haqqında cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Əli İnsanovun kəllə-beyin travması yetirdiyi, paqonlarını cırdığı iddia olun ədliyyə mayoru, zərərçəkmiş Anar Məmmədov da məhkəmədə iştirak edib.

O, hökmün qüvvədə saxlanmasını istəyib.

Dövlət ittihamçısı Ceyhun Budaqov da hökmün dəyişdirilməsinə heç bir əsas olmadığını deyib.

Hakimlər təxminən beş dəqiqəlik müşavirədən sonra sabiq nazirin apellyasiya şikayətinin təmin olunmadığını, hökmün dəyişdirilmədiyini elan edib.

Vəkil A.Şahverdi AzadlıqRadiosu-na bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

Buna da bax:​ Əli İnsanov: 'Düşmənlərim bilsin ki, 100 il həbslə də sınmayacağam'

XATIRLATMA

Əli İnsanov 2005-ci ildə həbs edilib. Əvvəlcə vətənə xəyanətdə ittiham edilən keçmiş nazir daha sonra iqtisadi cinayətlərdə günahlandırılaraq 11 il azadlıqdan məhrum edilib.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

2016-cı ilin oktyabrında 11 illik həbsdən çıxmasına bir neçə gün qalmış ona yeni ittihamlar irəli sürülüb. Həmin ittihamlar CM-nın 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması), 315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi) və 317. 2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsinə) maddələri üzrə verilib.

Buna da bax:​ Azər Rəşidoğlu: 'Əli İnsanova qarşı bu addım gözlənilən idi'

Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu "siyasi məhbus" sayır.

Əli İnsanov bütün məhkəmələrində hazırkı iqtidarın yüksək vəzifəli şəxslərini kəskin tənqid edib. O yeni ittihamları və təkrarən 7 il 5 gün həbs edilməsini hakimiyyətin onu bilərəkdən azadlığa buraxmamaq istəyi ilə izah edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG