Keçid linkləri

2017, 21 Avqust, Bazar ertəsi, Bakı vaxtı 04:47

Navalny-ya 30 sutka verilib, 1000-dən çox saxlanan var


İyunun 13-də Rusiya məhkəməsi müxalifət lideri Aleksei Navalny-ya 30 sutka həbs cəzası kəsib. O, razılaşdırılmamış yürüşlərin təşkilində təqsirli bilinib. İyunun 12-də Rusiyada keçirilən antikorrupsiya etirazlarında 1150 nəfər saxlanıb.

Navalny elə həmin gün, yürüşlər başlanmamışdan evinin önündə saxlanıb. Simonovski məhkəməsinin qərarın görə, o, razılaşdırılmamış ictimai toplantılar keçirməklə qanunu dəfələrlə pozub.

«İNSAN HAQLARINA DƏRİN NİFRƏT»

Navalny tərəfdarları isə Moskva, Sankt-Peterburq, Vladivostok, Blaqoveşşensk və Kazan şəhərlərində saxlanıblar.

«Amnesty International» insan haqları təşkilatı bildirib ki, bu təzyiqlər «hakimiyyətin fundamental insan haqlarına dərin nifrətini sərgiləyir».

Birləşmiş Ştatlar, Avropa Birliyi dinc nümayişçilərin buraxılmasına çağırıb. Bəyanatlarda bu saxlamaların fundamental ifadə azadlığına təhlükə yaratdığı vurğulanır.

Polis Moskvanın mərkəzi Tverskaya küçəsində 650-dən çox etirazçını saxlayıb. Polisin etirazlarda davranışını izləyən OVD-Info bu haqda açıqlama yayıb. Məlumatlara görə, təkcə Moskvada etirazlara 5 min nəfər qatılıb.

Sankt Peterburqda 3 min 500 etirazçıdan 500 nəfəri saxlanıb. Bunu Rusiya Daxili İşlər Nazirliyi bildirib. Ancaq «The Associated Press» agentliyi etirazlara 10 min nəfərin qatıldığını xəbərləyib.

Sankt-Peterburqdakı fəallar dərhal hüquq-müdafiə fonduna vəsait toplamağa başlayıblar.

Moskvada etiraz aksiyası - 12 iyun 2017
Moskvada etiraz aksiyası - 12 iyun 2017

«MƏNGƏNƏ GÜN-GÜNDƏN DARALIR»

Müxalifətçi Ilya Yashin və keçmiş neft maqnatı Mikhail Khodorkovsky-nin «Açıq Rusiya» hərəkatının fəalı Maria Baronova Moskvada saxlananlar arasında olub.

«Rusiya hakimiyyətinin ifadə azadlığını saldığı məngənə günü-gündən daralır», – «Amnesty International» təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini Denis Krivosheev deyib.

Ağ evin sözçüsü Sean Spicer Vaşinqtonda brifinqdə söyləyib ki, «Birləşmiş Ştatlar Rusiya boyunca yüzlərlə dinc etirazçının saxlanmasını güclü şəkildə pisləyir. Dinc etirazçıların, insan haqları müşahidəçiləri və jurnalistlərin saxlanması əsas demokratik dəyərlərə ziddir».

Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini deyib ki, Rusiya hakimiyyətinin hərəkəti fundamental ifadə, birləşmə və toplaşma azadlıqlarına təhdid yaradır.

Nümayişçilər «Utanın!», «Putin oğrudur!», «Navalny-ya azadlıq!» şüarları səsləndirib.

GÖZYAŞARDICI QAZI KİM BURAXIB

«Reuters» xəbər agentliyi Moskvada gözyaşardıcı qaza əl atıldığını yazıb, ancaq qazı kimin buraxdığı bəlli olmayıb. «Interfax» bir etirazçının polisə qarşı gözyaşardıcı qazdan istifadə etdiyinə görə saxlandığını yazıb.

Navalny-nin Antikorrupsiya Fondu (FBK) aksiyadan öncə ofisdə elektrikin və internetin kəsildiyini bildirib. Fondun fəallarından da Moskvada saxlanan olub.

Nümayişçilərdən bəziləri əllərində oyuncaq rezin ördək tutublar. Navalny-nin YouTube-da yaydığı videolarda baş nazir Dmitry Medvedev-in dəbdəbəli istirahət evindəki böyük gölməçədən və ördək saxlamasından da söz açılırdı.

Aleksei Navalny
Aleksei Navalny

Sankt Peterburqda nümayişçilər böyük ördək qaldırmaq istəyəndə polis əllərindən alıb.

«Bu hakimiyyətə dözməkdən bezmişəm. Əgər aksiyaya gəlməsəydim, özümdən utanardım», – 70 yaşlı Anatoly Kyurin Moskvada AzadlıqRadiosunun əməkdaşına söyləyib.

XATIRLATMA

Navalny martın 26-da böyük antikorrupsiya aksiyası keçirdi. Həmin yürüşə xeyli adam qatılmışdı, təkcə Moskvada 1000-dən çox saxlanan olmuşdu.

Müxalifət lideri həmin yürüşlərdə saxlanmış, 15 sutka cəza çəkmişdi.

Dövlət mediası rəsmən icazəsi alınmış ərazidə 1000 nəfərin aksiyaya qatıldığını, Milli Qvardiya əsgərlərinin təhlükəsizliyi təmin etdiyini bildirib.

41 yaşlı A.Navalny gələn ilin martında prezident seçkisinə qatılmaq istəyir. O, üç dəfə maliyyə ittihamlarıyla məhkəməylə üzləşdiyindən, onun seçkiyə buraxılmama ehtimalından danışırlar. Ancaq tərəfdarları qaydaların aydın olmadığını, onun seçkiyə buraxılıb-buraxılmayacağının dəqiq bilinmədiyini deyirlər.

1999-cu ildən prezident və baş nazir postlarını tutmuş Vladimir Putin-in dördüncü dəfə prezidentliyə namizədliyini verəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG