Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:45

Trump-ın oğlu ilə bağlı qalmaqalda yenə də Azərbaycanın adı hallanır


Rinat Akhmetshin (arxa planda)
Rinat Akhmetshin (arxa planda)

ABŞ mediası ötən il prezident Trump-ın böyük oğlu və Kremlə bağlı olduğuna inanılan rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşdə iştirak etmiş Rinat Akhmetshin adlı şəxsin kimliyindən bəhs edən yazılar dərc edir.

Məqalələrdə deyilir ki, “bu şıq geyimli, qalın sağanaqlı iri eynəyi olan bu şəxsi tez-tez Vaşinqtonun mərkəzində qədim markalı narıncı velosipedini sürəndə görmək olardı”.

Onun qədim motosikletlərə də marağı var və bu motosikletləri o iki il tanınmış təhqiqat jurnalisti Seymour Hersh-ün qapısında park edib.

Hersh sonralar Akhmetshin-lə bağlı bir filmi tərif etmişdi. Həmin filmdə ABŞ-ın 2012-ci ildə qəbul etdiyi qanun tənqid olunurdu. Həmin qanun Kremli xeyli qəzəbləndirmişdi.

İndi isə ikili Amerika-Rusiya vətəndaşlığı olan, habelə keçmiş sovet hərbi kəşfiyyat zabiti olması ilə əvvəlcə öyünüb, sonra bunu danan Akhmetshin bir ucu Donald Trump-ın Ağ Evinə uzanan qalmaqalın mərkəzində peyda olub.

ABŞ mediası yazır ki, 2016-cı il, iyunun 6-da Trump-ın böyük oğlu,2012-ci il qanununa qarşı mübarizə aparan rusiyalı vəkillə görüşərkən Akhmetshin də orda olub.

Akhmetshin iyulun 14-də AzadlıqRadiosunun e-mail, SMS və səs mesajlarına cavab verməyib.

Lakin o, Associated Press agentliyinə deyib ki, vəkil Natalya Veselnitskaya həmin görüşdə Trump-ın adamlarına Demokratik Milli Komitəyə (DMK) qanunsuz köçürülən vəsaitlər barədə informasiya verib və deyib ki, bu informsiya Trump-ın kampaniyasına kömək edə bilər.

Rusiyalı vəkil Natalya Veselnitskaya
Rusiyalı vəkil Natalya Veselnitskaya

AzadlıqRadiosu yazır ki, ötən ilə qədər Vaşinqtonda səhnə arxasında lobbiçi çevrələrdə dolaşan Akhmetshin geniş diqqətdən kənarda qalmışdı.

O keçmişdə Qazaxıstanın müxalifət fiqurları üçün PR kampaniyaları aparmış, bir Rusiya millətvəkilini gözdən salmağa cəhd etmiş, Azərbaycanla bağlı lobbiçilikdə bulunmuş və Hollandiya şirkətini məhkəməyə vermiş Rusiya mədən şirkətini faş etməyə çalışmışdı.

Akhmetshin-in işi heç də ucuz deyil. Onun 2015-ci ildə verdiyi məlumata görə, o öz xidmətlərinə görə saatına 450 dollar alırmış.

Özünün dediyinə görə o 1998-ci ildə International Eurasian Institute for Economic and Political Research adlanan təşkilatın Vaşinqton ofisini təsis edib. Bu təşkilat guya “Avrasiyada qanunun aliliyi və demokratiyanın yayılmasına kömək” etməli idi.

1990-cı illərdə Akhmetshin Vaşinqtonda Qazaxıstan müxalifətinin nümayəndələri, jurnalistlər və siyasətçilərin iştirakı ilə görüş təşkil edib. Sonralar o Qazaxıstan prezidentinin qızından boşanmış biznesmen və diplomatı gözdən salmaq üçün kampaniya aparıb və daha sonra Nazarbayevlə də arası dəyib.

2011-ci ildə Akhmetshin Birləşmiş Ştatlardan siyasi sığınacaq istəyən bir rusiyalı millət vəkilinə qarayaxma kampaniyasında iştirakda ittiham edilib.

Bu işlə bağlı məhkəmə prosesində Akhmetshin ona aid e-maillərin açılmasının qarşısını almaq istəyirdi və bildirirdi ki, onun müştəriləri arasında xarici hökumətlər və rəsmilər var və bu rəsmilər keçmiş Sovet İttifaqı ərazisində Amerika bazalarının dislokasiyası barədə həssas müzakirələr aparıblar.

Akhmetshin-in adı çəkilən sonuncu məhkəmə işi mərkəzi Rusiyadakı bir potaş mədən şirkəti ilə bağlı 1 milyard dollarlıq mübahisə olub.

Bu məhkəmənin sənədlərində Akhmetshin keçmiş Sovet hərbi əks-kəşfiyyatının zabiti olmaqda ittiham edilir və onun “mənfi ictimai rəy yaratmaq işində xüsusi səriştəyə malik olduğu” qeyd edilir.

Ötən il AzadlıqRadiosu ilə müsahibəsində Akhmetshin Sovet və ya Rusiya hərbi kəşfiyyatında xidmət etdiyini dansa da, şəxsi söhbətlərində bu barədə açıqca bildirirdi.

Onun bağlı olduğu kampaniyanın diqqət mərkəzində ABŞ-ın 2012-ci il Magnitsky qanunu deyilən qanunvercilik aktı idi.

ABŞ-ın 2012-ci il qanunu Rusiyada həbsxanada ölmüş vəkil Sergei Magnitsky-nin adını daşıyır
ABŞ-ın 2012-ci il qanunu Rusiyada həbsxanada ölmüş vəkil Sergei Magnitsky-nin adını daşıyır

Akhmetshin rusiaylı uşaqların amerikalılar tərəfindən övladlığa götürülməsinin bərpa edilməsi üçün Konqresə yönəlik lobbiçiliklə məşğul idi. Rusiyalı uşaqların amerikalı valideynlərə verilməsini Vladimir Putin Magnitsky qanununa cavab olaraq qadağan etmişdi.

Veselnitskaya deyib ki, o Donald Trump-ın böyük oğlu ilə görüşündə məhz bu məsələni müzakirə edib.

Magnitsky qanunu haqqında filmə gəlincə isə, burada Rusiya hakimiyyətinə haqq qazandırılır və onun opponentləri gözdən salınırdı.

Bu filmin nümayişində Veselnitskaya da iştirak etmişdi.

Filmin nümayişindən əvvəl tanınmış təhqiqat jurnalisti Hersh AzadlıqRadiosuna demişdi ki, o filmi çox bəyənib və filmin nümayişindən sonrakı diskussiyaya Akhmetshin-in ricası ilə aparıcılıq edib.

Hersh AzadlıqRadiosuna deyib ki, Akhmetshin-i ortaq tanışlarının vasitəsilə tanıyıb və onun bir neçə motosikletini Vaşinqtondakı evinin qarşısında saxlamasına icazə verib.

Jurnalist bunu da bildirib ki, Akhmetshin bu motosikletlərin İkinci Dünya Müharibəsindən qaldığını düşünərək almışdı, lakin əslində Almaniya istehsallı bu maşınlar Sovet motosikletlərinə bənzədilmək üçün rənglənib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG