Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:03

Karimov-un qohumu Kiyevdə nə üstündə tutulub?


Akbarali Abdullaev
Akbarali Abdullaev

Özbəkistanın mərhum prezidenti Islam Karimov-un arvadının yaxın qohumu 33 yaşlı Akbarali Abdullaev Kiyev hava limanında saxlanıb. Hazırda onun vətənə ekstradisiyası məsələsinə baxılır. Vətəndə ona 2008 - 2012-ci illərdə mütəşəkkil cinayətkar dəstəyə rəhbərlik, korrupsiya və başqa ağır ittihamlarla 15 il həbs cəzası kəsilə bilər.

İstintaqın verdiyi məlumata görə, Abdullaev-in rəhbərlik etdiyi kriminal dəstə «Kuvasay mafiyası» adlanırmış. Kuvasay Özbəkistanın Fərqanə vadisində yerləşən şəhərdir. Akbarali və anası, Islam Karimov-un arvadı Tatiana Sabirova-nın doğma bacısı Tamara Sabirova hələ 2000-ci illərin əvvəllərindən Fərqanə vadisinin özbək hissəsinin «sahibi» hesab olunurdular.

İTTİHAMLAR

İnterpolun materiallarına əsasən, Akbarali Abdullaev aşağıdakı ittihamlara görə Özbəkistanda axtarışa verilib:

- 91 milyon dolların mənimsənilməsi,

- 200 milyon dollar və 271 min avronu gizlətmə,

- Təqribən 80 milyon İsveçrə frankı (80 milyon dollardan bir qədər çox) və 200 min Latviya latı (322 min 300 dollar) məbləğində cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqallaşdırılması.

Buna da bax-Ev dustağı olan Gulnara Karimova İsveçrə prokurorluğuna ifadə verib

Bəzi ekspertlər Akbarali Abdullaev və Karimov-lar ailəsinin digər yaxınlarının işini Islam Karimov-un qızı Gulnara Karimova-nın ətrafında yaranmış qalmaqalla əlaqələndirirlər. Karimova hazırda Daşkənddə ev dustaqlığındadır. Bu yaxınlarda o, İsveçrə prokurorluğunun əməkdaşları tərəfindən sorğu-sual edilib. İsveçrə, Niderland, ABŞ və İsveç prokurorluqlarıGulnara Karimova-nın iştirakı ilə bağlanmış sövdələşmələrdə yol verilmiş korrupsiya halları ilə bağlı cinayət işləri açıblar.

«FƏRQANƏ VADİSİNİN BƏYİ»NƏ XİDMƏT

AzadlıqRadiosunun özbək xidmətinin direktoru Alisher Siddik deyir ki, əvvəlcə Abdullaev-in Özbəkistandan qaçdığına dair məlumat yayılıb. Jurnalist araşdırması nəticəsində aşkarlanıb ki, əslində o, son zamanlar həbsxanada yox, ev dustaqlığında imiş, sadəcə olaraq, ölkədən çıxması yasaqlanıbmış.
«Bundan sonra o, Daşkəndin rayonlarının birinin daxili işlər idarəsində pasport düzəltdirərək, ölkədən çıxmağa nail olub. Pasportu düzəldən daxili işlər şöbəsinin rəisi isə bu işi gördüyünə görə hazırda həbsxanadadır»,– Alisher Siddik deyir.

Alisher Siddik
Alisher Siddik

Onun sözlərinə görə, Akbarali Abdullaev-ə pasport almaq imkanının verilməsi yalnız çox böyük bir adamın iradəsilə ola bilərdi. «Maliyyə imkanlarını nəzərə alsaq, güman ki, kimsə «Fərqanə vadisinin bəyi»nə xidmət etməklə qabağa düşmək istəyib», –– deyə jurnalist qeyd edir.

800 MİLYON DOLLAR

Onun sözlərinə görə, Akbarali Abdullaev-in işi müstəqil Özbəkistanın tarixində ən böyük maliyyə işidir. Sözügedən azı 800 milyon dollar prokurorluğun əlində olan işə daxil edilmiş məbləğdir.

«Bəs görəsən, onların müəyyən edərək tapa bilmədikləri məbləğ nə qədərdir? Akbarali Abdullaev Fərqanə vadisinə, əsas istehsal müəssisələrinə, neft emalı zavodlarına, kvarsa və s. nəzarət edir. Yəni, Özbəkistanda bütün istehsal sahələri onun nəzarətində idi.

Buna da bax-Islam Karimov hakimiyyətdə boşluq qoyub getdi

Əldə olunan pullar nağd şəkildə, Özbəkistan valyutasında xarici valyutaya çevrilir, daha sonra o pulları fiziki olaraq sərhəddən keçirirlər. Maliyyə sisteminin olmadığı şəraitdə pulların Özbəkistan daxilində, yaxud da ölkədən xaricə köçürülməsi mümkün deyil. Söhbət fiziki əməkdən gedir. Hazırda 1 dolların 7.5 minə (soma) bərabər olduğunu nəzərə alsaq, 80 milyonu daşımağa nə qədər adam tutmaq lazımdır?Prokurorluğun işində iddia olunur ki, pullar yük maşınlarında daşınırmış və pulların saxlandığı gizli yerlər varmış.

Özbəkistan tarixində ən böyük işin əsas qəhrəmanı faktiki olaraq ölkədən yoxa çıxır və məlum olur ki, o, Dominikan və özbək pasportları ilə Ukraynaya gedib çıxıb. Maraqlıdır ki, Akbarali gənc, yaraşıqlı oğlandır, 33 yaşı var. Tutulanda 29 yaşı vardı. Ancaq əlində belə iri pullar fırladırmış», – Siddik deyir.

HƏR ŞEYİ BİLƏN ADAM

Jurnalistin sözlərinə görə, hətta bir müddət özünü Karimov-un varisi hesab edən Abdullaev həddindən çox informasiyaya malikdir: «O, faktiki olaraq hər şeyi bilən adamdır».

Məhz buna görə də, böyük ehtimalla o, Özbəkistana təhvil veriləcək. «Bu artıq, sadəcə, pul yox, məlumat məsələsidir. Akbarali ailənin digər üzvləri barədə hansı ifadələri verə bilər. Gulnara Karimova öz Twitter-ində Akbarali barədə yazırdı ki, o, saatlarla elə şeylərdən danışa bilərmiş ki, adamın saçları biz-biz dururmuş. Yəni, anası, onun xalası barədə, ailənin daxili işləri barəsində. Onu öldürmək mümkün deyildi, nə qədər olmasa, ailənin üzvüdür... Karimov-un vaxtında o, anlaşılmaz vəziyyətdə idi. ...O, faktiki olaraq, maliyyə Escobar-ıdır (məşhur kolumbiyalı narkobaron Pablo Escobar-la müqayisə edilir - tərc.), Özbəkistanda onu belə çağırırlar.

Prokurorluğun özü belə, bu işi yazanda yəqin ki, şokda olub. ...Mütəşəkkil dəstənin 56 üzvü olub. Hər şey böyük detektiv kimi cərəyan edib.

Ailənin ən kiçik üzvü kimi Akbarali ortada gəzib xalasının bütün istəklərini həyata keçirirmiş. Ümumiyyətlə, digər ailə üzvlərinin tapşırıqlarını yerinə yetirirmiş. O, hər kəslə bağlıdır. O bu məkanda əlaqələndirici halqadır.
Maraqlıdır ki, o, artıq Latın Amerikasına getmişdi. Yəni, Kiyevə Latın Amerikasından gəlib...» – AzadlıqRadiosunun özbək xidmətinin rəhbəri Alisher Siddik deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG