Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:41

400 min yeniyetmə HIV-ə yoluxa bilər


ÜST-nin məlumatına görə, Azərbaycanda 2015-ci ildə əhalinin 0.2%-də AIDS qeydə alınıb.
ÜST-nin məlumatına görə, Azərbaycanda 2015-ci ildə əhalinin 0.2%-də AIDS qeydə alınıb.

BMT-nin uşaq fondu – UNICEF xəbərdarlıq edir: mübarizə aparılmasa, yeniyetmələr arasında HIV-ə yoluxma halları sürətlə arta, 2030-cu ilə ildə 400 min yeniyetmə bu xəstəliyə tutula bilər.

UNICEF-in məlumatına görə, 2015-ci ildə təxminən 250 min gənc HIV virusuna yoluxub. Bu isə hər iki dəqiqədə bir yeniyetmə deməkdir.

GÜNDƏ 400 YENİYETMƏ

Dekabrın 1-i bütün dünyada AIDS-lə mübarizə günü kimi qeyd olunur. UNICEF-in bu tarixlə bağlı hesabatında təşkilatın direktoru Anthony Lake AIDS-lə mübarizə cəhdlərinin durmadan artdığını, amma savaşın, özəlliklə də uşaqlarda HIV virusuna qarşı savaşın bitmədiyini deyib:

«Gündə 400 yeniyetmə, çox vaxt qızlar, HIV virusuna yoluxur. AIDS-ə son qoymaq istəyiriksə, bu məsələyə layiq olduğu qiyməti verməliyik, daha artıq cəhd göstərməli, hər uşağın, hər gəncin müalicəsinə nail olmalıyıq».

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) builki hesabatında deyilir ki, xəstəliklə mübarizəyə əsas əngəllərdən biri diaqnoz problemidir. Hazırda dünyada 18 milyon adam AIDS-dən müalicə olunur, amma təxminən elə bu qədər adam müalicə oluna bilmir, çünki çoxlarının HIV-ə yoluxduğundan xəbəri yoxdur. ÜST AIDS-dən əziyyət çəkənlərin 40%-nin, yəni 14 milyon adamın öz durumundan xəbərsiz olduğunu müəyyən edib.

0.2 FAİZ

ÜST-nin məlumatına görə, Azərbaycanda 2015-ci ildə əhalinin 0.2%-də AIDS qeydə alınıb. 2010-2015-ci illərdə HIV-yə yoluxanların 92%-i ən azı bir dəfə, 66%-i ən azı 4 dəfə həkim müayinəsindən keçib. HIV virusu daşıyan hamilə qadınların sayı Azərbaycanda keçən il 200-dən az olub, onlardan 56-da xəstəliyə qarşı müalicə aparılıb.

UNICEF yaşı 14-dən aşağı olan 1.8 milyon uşağın AIDS-ə tutulduğunu bildirir.
UNICEF yaşı 14-dən aşağı olan 1.8 milyon uşağın AIDS-ə tutulduğunu bildirir.

2015-ci ildə Azərbaycanda HIV-ə yoluxan uşaqların (yaşı 14-dən aşağı) sayı, rəsmi məlumata görə, 100-dən aşağı olub. Bu xəstəlikdən ölən uşaqların da sayı 100-dən aşağı qeydə alınıb. Azərbaycanda HIV-ə yoluxan uşaqların 73%-nin müalicə olunduğu deyilir. Xəstəliyin anadan uşağa keçməsi halını göstərən rəqəm 18-dir.

AIDS-dən ölüm halları ümumilikdə azalsa da, uşaq və yeniyetmələr arasında da bu xəstəlikdən ölənlərin sayı artıb. UNICEF-in hesabatında ötən il 41 min yeniyetmənin (10-19 yaşlılar) AIDS ucbatından öldüyü deyilir. HIV-ə yoluxmuş körpələrdən daha çox 4 yaşına çatmayanlar ölür, çünki virus azyaşlılara daha çox sirayət edir. UNICEF yaşı 14-dən aşağı olan 1.8 milyon uşağın AIDS-ə tutulduğunu, həmin uşaqların yarısının müalicə olunduğunu bildirir. Xəstəlikdən ən çox Afrikanın Sahara bölgəsində yaşayan uşaqlar əziyyət çəkirlər.

13 MİLYON UŞAQ VALİDEYNİNİ İTİRİB

UNICEF uşaqlarda xəstəliyin vaxtında aşkarlanması üçün yeni doğulan, 6-8 həftəlik, südəmər uşaqların yoxlamadan keçirilməsinin, xüsusilə yeniyetmələrin diqqətdə saxlanmasının vacibliyini vurğulayır.

Xəstəliyin uşaqlara daha bir zərbəsi onları yetim qoymasıdır. UNİCEF 2015-ci ildə 13.4 milyon uşağın valideynlərindən birini, ya da hər ikisini AIDS ucbatından itirdiyini yazır.

UNICEF direktoru AIDS-lə mübarizənin fövqəladə çətin iş olmadığını, son illər çox böyük irəliləyişin əldə edildiyini, xəstəliyə son qoymaqdan ötrü iradənin yetdiyini bildirir. «Biz tarixi dəyişməyin – mübarizəni sona çatdırmağın astanasındayıq», – deyən Anthony Lake bütün dünyanı AIDS-lə mübarizə səylərini artırmağa çağırır.

XS
SM
MD
LG