Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:04

«Türkiyə Cihadistana çevrilir»


İstanbul aeroportunu partlatmaqda şübhəli bilinənlərin videogörüntüsü.
İstanbul aeroportunu partlatmaqda şübhəli bilinənlərin videogörüntüsü.

«İstanbul partlayışına görə Erdoğan-ı suçlayın». Səhvini dərk etməkdənsə, Erdoğan bir az da üstünə qoyur;– 1 iyul Qərb mediasının icmalı.

«İstanbul aeroportundakı hücum keçmiş sovet respublikalarının «İslam Dövləti» (İŞİD) qruplaşması üçün yeni üzvlər mənbəyinə çevrildiyini ortaya qoydu. Türkiyə rəsmiləri aeroporta hücum edənlərin Özbəkistan, Qırğızıstan və Rusiyadan olduğunu bildirir». «The Wall Street Journal» qəzetinin Avropa nəşrində Thomas Grove belə yazır.

Rusiya prezidenti Vladimir Putin Rusiya və Orta Asiyadan İŞİD-ə 7 min üzvün qoşulduğunu bildirir. Regional siyasət üzrə müşahidəçilərin fikrincə, rusiyalılar, özəlliklə də Şimali Qafqaz regionundan çıxanlar bu qruplaşmaya daha sürətlə qoşulurlar. Onlardan bəzilərinin artıq Rusiyaya qayıtmaq üzrə olması sarıdan da narahatlıqlar var.

«İŞİD-ə qoşulmağa gedənlərdən qayıdanlar var. Burada yetərli sayda yığılandan sonra ölkəyə sabitsizliyin, terror hücumlarının qayıdışının şahidi olacağıq», - Rusiyanın cənubunda yerləşən İnquşetiyanın insan haqları ombudsmanı Jambulat Ozdoyev belə deyir.

Elə İnquşetiyada kiçik bir kənddə yaşayan Adlan və Movsar adlı iki gənc də vaxtilə Türkiyədən keçib Suriyaya gediblər. Onlar sonradan Rusiyaya qayıdıb, «İslam Dövləti»nin sıralarında vuruşmadıqlarını sübuta yetirərək yüngül cəzalar çəkiblər. Gənclər Suriyada bir həftə qalandan sonra təlim düşərgəsindən qaçdıqlarını, yenə Türkiyədən keçib evə döndüklərini deyirlər.

«Türkiyədə yaşayanlar da az deyil, çünki getməyə yerləri yoxdur», - bunu isə Beynəlxalq Böhran Qrupunun Şimali Qafqaz üzrə baş təhlilçisi Ekaterina Sokirianskaya deyir.

Müəllif yazır ki, bu şəxslərdən bəzilərinin Türkiyədə daha da radikallaşacağı da bəlli deyil. Türkiyə hüquq-mühafizə orqanları terror hücumları planlaşdırmaqda şübhəli saydığı xeyli rusiyalını həbs edib.

R.T.Erdoğan
R.T.Erdoğan

«İSTANBUL PARTLAYIŞINA GÖRƏ ERDOĞAN-I SUÇLAYIN»

Bunu «Foreign Policy» dərgisində Leela Jacinto yazır. Müəllif Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın islamçı qrupları dəstəkləmək siyasətinin indi özünə qarşı çevrildiyini vurğulayır. «Cihadçılar vaxtilə onları yedizdirmiş əli dişləməyə hazır ilanlar kimi qıvrılırlar. Pakistanda da belə olmuşdu. İndi Türkiyədə terror hücumları yeni normaya çevrilib. Pakistanda da belədir», - yazan müəllif prezidentin islamçı qruplara dəstəyinə toxunan istənilən jurnalistin təqibə məruz qaldığını qeyd edir. Türkiyə kəşfiyyatının Suriyada islamçı üsyançılara silah verdiyini yazan jurnalist Can Dündar sui-qəsd cəhdindən salamat çıxıb və beş illik həbs cəzasından da apellyasiya verib.

«Hökumət mətbuatın bu məsələdən yazmamasından ötrü onu qorxuda bilər. Amma Türkiyənin Cihadistana çevrilməsi danılmaz, qarşısı alınmaz faktdır. Çıxış yolunu təhlükəsizliyin gücləndirilməsində, nəzarətin artırılmasında görürlər. Amma bütün bunlar 75 milyonadək əhalisi, 2.7 milyondan artıq qaçqını olan nəhəng bir ölkədə nə dərəcədə səmərəli ola bilər, bilinmir. Üstəlik, dünyəvi elitanın müqavimətinə baxmayaraq, kemalizm dəyərlərinə də arxa çevirirlər».

Müəllif təhlükəsizlik qüvvələrinin və dinc sakinlərin hökumətin təhlükəli siyasətinin bədəlini ödədiyini yazır. Erdoğan PKK ilə sülh prosesini dayandırdı və 2015-ci ilin noyabrında seçkini uddu. Əslində, həmin ilin 7 iyun seçkisində kürdpərəst HDP parlamentə düşmüşdü, bundan sonra Erdoğan-ın şansı qalmırdı. O isə kürdlərin türkləri birləşdirəcək köhnə düşmən olmasından yararlanaraq hakim AKP-yə qələbəni təmin edə bildi.

Türkiyənin PKK ilə münaqişəni alovlandırması ölkənin cənub-şərq regionunu 1990-cı illərə qaytarıb. Suruç və Şanlıurfa müharibə zonalarına çevrilib ki, çox az jurnalist buraya getməyə ürək edir. Digər tərəfdən, Suriya münaqişəsi də cəmiyyətin durumunu pisləşdirməkdədir. Təkfir ideologiyası Türkiyədə ənənəvi sufizm və hənəfi sünniliyi sıxışdırmaqdadır.

«Erdoğan-ın populyarlığı yüksək səviyyədədir, ancaq türklərin çoxu etiraf edir ki, ötən il AKP-yə səs versələr də, boğaza yığılıblar və bir daha Erdogan partiyasına səs verən deyillər. Amma Türkiyədə gördüyüm hər bir suriyalı özünü Türkiyə prezidentinin azarkeşi adlandırdı. «Erdoğan-ı ona görə sevirəm ki, bizə qucaq açdı. Mənim təhlükəsizliyimi təmin etdi və indi burada bir müsəlman kimi azad yaşaya bilirəm», - bunu mənə Qaziantepdə bir suriyalı tərcüməçi deyib. Bir ölkə başçısının öz ölkəsinin təhlükəsizliyini riskə ataraq digər ölkə vətəndaşlarına belə ürəkaçıqlığı göstərməsi çox az halda baş verir. Atatürk aeroportuna hücum da bu ziddiyyətləri üzə çıxardı. Bu hücum Suriya münaqişəsi tarixində yeni, təhlükəli bir fəsil aça bilər».

Atatürk hava limanı
Atatürk hava limanı

TÜRKİYƏNİN ƏZABI

«The Economist» dərgisi də Atatürk aeroportundakı partlayışa görə prezident Recep Tayyip Erdoğan siyasətini suçlu sayır.

«Ölkəni riskə atan Erdoğan-ın fəlakətli Suriya siyasətidir. Son 9 ayda Türkiyədə terror hücumlarında 250 nəfər həlak olub. Bəzi hücumlarda «İslam Dövləti» (İD, İŞİD) silahlı qruplaşmasının, bəzilərində PKK-nın adı çəkilir … İD 2011-ci ildən sonra Türkiyədə güclənməyə başladı. Erdoğan hökuməti on minlərlə xarici döyüşçünün Suriyaya keçməkdən ötrü Türkiyə ərazisindən istifadəsinə şərait yaratdı. Türkiyə onların çoxunun qatı cihadçılar olduğunu bildirdi. Çoxları İŞİD-ə qoşuldu. Onların Türkiyə daxilində də terrorçu infrastruktur yaratmasına göz yumuldu. İndi isə ev sahiblərinə hücum edirlər».

«Səhvini dərk etməkdənsə, Erdoğan bir az da üstünə qoyur. Ən böyük qorxusu odur ki, Suriya kürdləri öz dövlətlərini yaradar, bununla da Türkiyədəki kürd separatçıları həvəsləndirərlər… Erdoğan indi təkcə İŞİD-lə savaşmır, ölkənin cənub-şərqində tammiqyaslı partizan müharibəsi də sürdürür».

«The Economist» yazır ki, Erdoğan Türkiyə daxilində islamçı mühafizəkarlarla Qərb dünyəviçiləri, etnik türk millətçilərlə Türkiyə kürdləri arasında münaqişənin qızışdırılmasına son qoymalıdır. «Suriyada prioriteti İŞİD-i məğlub etmək olmalıdır. Erdoğan-ın bölücü avtoritarizmi Türkiyəyə ən az lazım olan şeydir», - yazıda vurğulanır.

XS
SM
MD
LG