Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:25

Muzdlu fəhlə necə evdən çıxıb, bir daha qayıtmayıb...


Arxiv fotosu
Arxiv fotosu

"Nə ölüsündən xəbərimiz var, nə dirisindən... Polis deyir, "axtarırıq". O boyda insan, iynə deyil ki, yerə düşə, tapılmaya... Kiçik bir ölkədə 9 aydır o boyda insanı tapa bilmirlər".

Ailə üzvləri 9 aydır ki, 31 yaşlı Araz Rəsulovun yolunu gözləyirlər.

İki övladı olan Ağsu rayonunun Qaraqaşlı kənd sakini Araz Rəsulov ötən il noyabrın 3-də yaşadığı evdən gedib və bir daha geri qayıtmayıb. Ailəsi onu güman gələn bütün yerlərdə soraqlayıb, tapmayıb. Polisə müraciət də bu 9 ayda müsbət nəticə verməyib.

Buna da bax:​ Sakinlər: 'Betonqarışdıran və pompaların səsindən yata bilmirik'

"İŞƏ GEDİRƏM"

Ailə üzvləri "Qaynar xətt"ə danışır ki, ötən 9 ayda bütün gümanlar nəzərdən keçirilib, ancaq yenə ortaya tutarlı ehtimal qoyulmayıb:

"Araz ölkədən çıxa bilməzdi, çünki xarici pasportu yox idi. Ölkə daxilində isə araşdırmadığımız, baş vurmadığımız ünvan qalmayıb", - Araz Rəsulovun həyat yoldaşı Leyla xanım bunu deyir.

Onun sözlərinə görə, hər gün içki qəbul edən həyat yoldaşı evdən çıxanda "işə gedirəm" deyib:

"Şəxsiyyət vəsiqəsi də, telefonu da evdə qalıb. Nədənsə, gedəndə özü ilə götürməyib. Halbuki, həmişə üstündə gəzdirərdi. Səhər o başdan evdən çıxıb. Dedi, "işə gedirəm". Ondan sonra üzünü görmədik".

Buna da bax:​ Əlil: 'Qolumdakı qandalın açarını tapa bilmirdilər'

Araz Rəsulov muzdlu fəhlə olub. Ailəsinin deməsinə görə, gündəlik qarşısına nə işi çıxırsa, imtina etməyib. Ancaq ailəsinin iddiasına görə, qazancının çox hissəsini elə fəhlə yoldaşları ilə spirtli içkiyə xərcləyib. Həyat yoldaşı Araz Rəsulovun yoxa çıxmasında da elə fəhlə yoldaşlarından şübhələnir:

"POLİS İSTƏSƏ, BU İŞİN ÜSTÜNÜ AÇAR"

"Evdə aramızda elə bir ciddi problem yox idi. Bircə aradabir deyirdik ki, "ay Araz, qazancını evə də gətir, iki uşaq böyüdürük". Fəhlə yoldaşları deyirlər ki, onu sonuncu dəfə günorta saat 1 radələrində görüblər. Ondan sonra hara getdiyini bilmirlər. Bizsə deyirik ki, polis üstünə düşsə, bu işi açar. Azca o fəhlə yoldaşlarını sıxsalar, Arazın başına gələnləri bir-bir deyərlər".

Buna da bax:​ Poylulular: 'Vəzifəli şəxslərin yaxınları çayın yolunu da zəbt edib'

Ağsu rayon polis şöbəsindən "Qaynar xətt"ə bildiriblər ki, ailə üzvləri Araz Rəsulovun yoxa çıxması ilə bağlı ərizə ilə müraciət edəndən sonra onun axtarışına başlanıb:

"Ailə üzvlərindən izahatlar alınıb, bütün şübhələr yoxlanılıb, Araz Rəsulovun fəhlə yoldaşları, onu sonuncu görənlər də izahat veriblər".

Polis şöbəsindən deyiblər ki, Araz Rəsulovun axtarışları və araşdırmalar davam edir.

XS
SM
MD
LG