Bu gün, iyulun 23-ü Azərbaycanın Ağdam rayonunu Ermənistan Silahlı Qüvvələrinin işğal etməsinin 24 ili tamam olur.
Ağdamın müdafiəsində ümumilikdə 5 mindən çox insanın həlak olduğu bildirilir.
Hazırda rayonunAğdam şəhəri də daxil olmaqla 80 faizə yaxını işğal altındadır. Ağdam şəhərinin işğalından sonra rayon mərkəzi Quzanlı qəsəbəsinə köçürülüb.
İşğal olunmuş ərazilərdə tarixi abidələr, qəbiristanlıqlar, yaşayış obyektləri, xəstəxanalar, kitabxanalar, məktəblər, idarə və müəssisələr sıradan çıxarılıb.
Ağdamın işğalından bir ay öncə-iyunun 4-də Gəncədə polkovnik Sürət Hüseynovun rəhbərliyi altında hərbi hissə hökumətə itaətsizliyini bildirmişdi.O, prezident, spiker və baş nazirin istefasını tələb edirdi. Bundan 2 həftə sonra da president Əbülfəz Elçibəy Bakını tərk edərək doğulduğu Kələki kəndinə getmişdi.
İyunun 15-ipresident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev də Azərbaycan parlamentinin rəhbəri seçilmişdi. İyunun 24-də isə parlamentin qərarı ilə prezidentlik səlahiyyəti Heydər Əliyevə verilmişdi.
Xatırlatma
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Ancaq atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atış səsləri eşidilir. Tərəflər buna görə adətən bir-birlərini ittiham edirlər.
Buna da bax: Ağdam rayonunundakı qəsəbəyə mərmi düşmə anı