Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 15:16

'Aeroflot' kök stüardessalara bonus ödəmir


Stüardessalar

Rusiyanın «Aeroflot» şirkətinin təyyarə bələdçiləri Irina IyerusalimskayaYevgenia Margurina fevralda məhkəməyə müraciət edərək, «Aeroflot»un onları zahiri görkəmlərinə, yaşlı, kök və ya çirkin olduqlarına görə ayrıseçkiliyə məruz qoyduğunu bildirmişdilər.

«Onlar bizə dedilər ki, «Aeroflot» təyyarələrində yalnız gənc və arıq olanlar uçacaq», – Margurina o vaxt demişdi. «Aeroflot» özünün beynəlxalq uçuşlarda çalışan təyyarə bələdçilərinə əlavə bonuslar verir. Ancaq şirkətin qaydalarına görə, bədən ölçüsü 48 və daha böyük olan, yaxud yaşı 40-ı keçmiş təyyarə bələdçiləri ölkədaxili uçuşlara keçirilir.

Iyerusalimskaya və Margurina RFE/RL-ə bildiriblər ki, ötən ilin avqustunda şirkət yeni uniformalar sifariş etmək üçün bütün təyyarə bələdçilərinin fotoşəkillərini çəkib, çəkisini və ölçülərini qeydə alıb. Həmin vaxt götürülən ölçülər əsasında onların hər ikisi beynəlxalq uçuşlardan kənarlaşdırılıb.

STS

Onlarla birlikdə beynəlxalq uçuşlardan çıxarılan 480 «Aeroflot» əməkdaşı özlərini STS (старая, толстая, страшная) adlandırırlar. Bu, rusca «qoca, kök və çirkin» sözlərinin baş hərflərindən düzəldilmiş abreviaturadır.

Apreldə Moskvanın iki fərqli məhkəməsi Iyerusalimskaya və Margurina-nın müraciətini rədd edib. Bu müraciətdə onlar sözügedən qaydanın ləğvini, itirilmiş bonusların və dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmişdilər. Iyerusalimskaya-nın şikayətini rədd edərkən məhkəmə şikayətlə qaydanın qüvvəyə minməsi arasında çox uzun vaxt keçməsini əsas gətirmişdi. Margurina-nın işini rədd edən digər məhkəmə isə bildirmişdi ki, diskriminasiyanın olub-olmamasını müəyyən etmək məhkəmənin işi deyil. Məhkəmənin bu qərarı hər iki qadının vəkili olan Ksenia Mikhailichenko-nu təəccübləndirir:

«Əmək Məcəlləsində yazılıb ki, diskriminasiya faktı məhkəmələr tərəfindən müəyyən edilir. Məhkəmə isə deyir, «yox». Mən məhkəmədən soruşuram: diskriminasiya məhkəmələrdə müəyyən edilmirsə, harada müəyyən edilir?», – Mikhailichenko AzadlıqRadiosuna deyib.

Stüardessalar Irina Iyerusalimskaya və Yevgenia Margurina
Stüardessalar Irina Iyerusalimskaya və Yevgenia Margurina

HƏR ƏLAVƏ KİLOQRAM= 759 RUBL

Margurina-nın işində «Aeroflot»un vəkilinin məhkəməyə gətirdiyi sənəddə deyilir ki, stüardessaların hər bir əlavə kiloqramı şirkətə ildə 759 rubla (12.70 dollar) başa gəlir.

Iyerusalimskaya və Margurina-nın apellyasiya məhkəməsi iyulda və ya avqustda baş tutacaq.

Ancaq Margurina AzadlıqRadiosunun rus xidmətinə bildirib ki, «Aeroflot» onların məhkəməyə müraciətindən nəticə çıxararaq, «qara siyahı»ya salaraq beynəlxalq reyslərdən kənarlaşdırdığı 480 qadın əməkdaşdan 120-sini «bərpa edib».

«Onların adlarının qarşısında maraqlı qeydlər var. Məsələn, «vaxtaşırı çəki normalarını aşır» və ya «zahiri görkəmi üzərində çalışır». Onların fotoları yenidən çəkilib və yaradıqları reyslərin siyahısı genişləndirilib», – Y.Margurina deyir.

İŞƏGÖTÜRƏNİN MƏSULİYYƏTİ?

Margurina-nın sözlərinə görə, onun özünü də Tbilisi və Bakı kimi beynəlxalq reyslərə bərpa ediblər. Iyerusalimskaya isə Rusiyadaxili reyslərdə uçmalı olur.

Vəkil K.Mikhailicheko hesab edir ki, «Aeroflot» məsələsi Rusiya üçün çox vacibdir. Belə ki, ölkədə ayrıseçkiliyin qanuni konsepsiyası var, ancaq konkret halları sübut etmək çətindir.

«Bizdə ayrıseçkiliyi sübut etməyə xüsusi qaydalar yoxdur. Bu isə Cinayət Məcəlləsində boşluqdur. Avropa və ABŞ-da ayrıseçkiliyin olmadığını sübut etmək məsuliyyəti işəgötürənin üzərinə düşür. Bəzi ölkələrdə isə məhkəmə bu məsuliyyəti işəgötürənlə əməkdaş arasında bölə bilər. Burada isə bütün məsuliyyət işçinin üzərinə düşür və bu, işləri çox çətinləşdirir...», – vəkil deyir.

KİÇİK TƏZMİNATLAR

K.Mikhailichenko-nun sözlərinə görə, adətən, Rusiya məhkəmələri diskriminasiya ilə bağlı işlərdə iddiaçı tərəfə təzminat olaraq çox kiçik məbləğlər təklif edirlər. Bu isə ayrıseçkiliklə bağlı məhkəmə işlərinin daha az cəlbedici olmasına yol açır.

Ancaq Y.Margurina məsələni Rusiyada həll edə bilməyəcəkləri halda Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklərini deyir.

Iyerusalimskaya və Margurina işə apellyasiya məhkəməsində baxılmasını gözləmədən məsələni ictimaiyyətin mühakiməsinə çıxarıblar.

Onlar onlayn petisiya başladaraq «Aeroflot»un müştərilərindən onları dəstəkləməyi xahiş ediblər. İlk beş gün ərzində 1000 imza toplanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG