“Ulduz müharibələri” serialı artıq xeyli vaxtdır ki, dünyanın mədəniyyət fenomeninə çevrilib və bir çox valideynlər uşaqları üçün adları bu filmdən seçirlər.
Amma bu filmin mənfi qəhrəmanı, bədheybət qatil Kylo-nun (Kaylo) ABŞ-da ən sürətlə populyarlaşan oğlan adına çevrilməsi təəccüb doğurandır.
Amerikanın Sosial Təminat İdarəsinin illik adlar siyahısında Adam Driver-in oynadığı bu obrazın adı birdən-birə 2368 pillə qalxaraq 901-ci yeri tutub. 2015-ci ildə Kylo adı yalnız 3269-cu yerdə idi.
Amma valideynlərə ad seçməkdə kömək edən BabynameWizard.com saytının təsisçisi Laura Wattenberg Associate Press agentliyinə bundan təəccüblənmədiyini deyib.
O bildirib ki, zəmanəmizin valideynləri uşaqlaırna müsbət qəhrəmanların deyil, mənfi qəhrəmanların adlarını daha çox verirlər.
Bu qəbildən olan başqa populyar adlar Rocky (Creed) filmindəki Creed, Adonis və Zayn-dır.
Ola bilsin bu sonuncu ada məşhurluğu One Direction qrupunun müğənnisi Zayn Malik qazandırıb.
Qız adları arasında sürətlə populyarlaşan ad Kehlanidir. Ekspertlər inanırlar ki, valideynləri bu adı seçməyə R&B Amerika qrupunun bəstəkar-müğənnisi Kehlani Parrish həvəsləndirir.
Kehlani adı 2487 pillə qalxaraq 872-ci populyar qız adı olub.
Ekspertlər bunu da proqnozlaşdırırlar ki, Kylo adı hələ daha da populyar olacaq, çünki bu ilin dekabrında “Ulduz müharibələri” silsiləsinin 8-ci seriyasında da Driver oynayacaq.
Associated Press yazır ki, indi uşaq adlarının ümumi çeşidi sürətlə artır və adlar heç də çox sayda uşağı əhatə etmir.
Məsələn, 2016-cı ildə ən populyar oğlan adı Noah (Nuh) olub. Bu adı 19 min uşağa veriblər.
Halbuki 1966-cı ildə Michael adını 80 min uşağa qoymuşdular.