Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 03:36

ABŞ Türkiyəyə F-16 veriləcəyini, F-35 proqramına qayıdışın mümkün olduğunu deyir    


Viktoriya Nuland
Viktoriya Nuland

Birləşmiş Ştatlar Türkiyəni F-35 təkmil qırıcı təyarə proqramına qaytara bilər, amma bunun üçün əvvəlcə Ankaranın Moskvadan aldığı S-400 sistemi ilə bağlı məsələ həll olunmalıdır.

Bunu CNN Türk telekanalına ABŞ dövlət katibinin müavin əvəzi Viktoriya Nuland deyib:

“Biz Türkiyəyə Patriot satılması barədə danışıqlar prsosesində idik. Amma danışıqların davam etdiyi bir vaxtda Türkiyə başqa istiqamətə yönəldi...Açığını desəm biz əgər bu S-400 məsələsini yoluna qoysaq, ABŞ Türkiyəni yenidən F-35 ailəsində salamlamaqdan məmnun olardı. Amma biz əvvəlcə dediyim məsələni həll etməliyik. Lakin biz həm də əmin olmalıyıq ki, Türkiyənin güclü hava müdafiəsi sistemi var”.

Nuland ötən bazar günü Ankarada səfərdə olub.

Türkiyəyə ABŞ istehsalı F-16 qırıcılarının verilməsi məsələsinə toxunan Nuland bildirib ki, administrasiya bu məsələdə hələ də müqavimət göstərən Konqresi inandırmaq üçün cəhdlər edir.

Türkiyə artıq F-16 qırıclarının pulunu ödəyib. Xanım Nulandın sözlərinə görə administrasiya millət vəkillərini inandırmağa çalışırdı ki, Türkiyənin bir müttəfiq kimi F-16 donanmasının təzələnməsinə ciddi ehtiyacı var və bu ABŞ-ın milli təhlükəsizliyi üçün də vacib məsələdir.

Bu arada ABŞ Dövlət Departamenti Türkiyəyə 23 milyard dollarlıq F-16 qırıclarının mümkün satışını təsdiq edib.

Qeyd olunur ki, NATO üzvü olan Yunanıstana da 9 milyard dollarlıq F-35 təyyarələrinin satılmasına icazə verilib.

Türkiyənin F-16-ları köhnəlib

Reuters bildirir ki, Türkiyəyə qırıcıların satılması məsələsi Ankara ötən həftə İsveçin NATO üzvlüyünə yaşıl işıq yandırandan sonra yenidən gündəmə gəlib.

Razıalşmaya görə Türkiyəyə 40 ədəd yeni F-16 qırıcıları və artıq Türkiyə donanmasındakı F-16-ların modernləşdirilməsi üçün 40 dəst komplektləşdirici hissələr satılmalıdır.

Dövlət Departamenti vurğulayır ki, Türkiyənin mövcud F-16 donanmasının istismar müddəti başa çatmaq üzrədir.

Sazişə görə Türkiyəyə 32 ədəd F-16 C Block 70 və 8 ədəd F-16 D Block 70 qırıcıları, habelə 40 ədəd xidmətə hazır F110-GE-129D mühərrikləri və ehtiyat hissələri verilməlidir.

ABŞ Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyi bildirir ki, Türkiyənin artıq F-16 donanması var və Ankara üçün öz döyüş təyyarələrini təzələmək çətin olmayacaq.

Agentlik əlavə edir ki, Türkiyəyə təyyarə və ehtiyat hissələrinin satışı ABŞ-ın milli maraqlarına, NATO və Avropa təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək.

Konqres nə deyəcək?

Senatın Xarici Əlaqələr Komitəsinin demokrat sədri Ben Kardin (Ben Cardin) bu barədə deyib:

"Mənim Türkiyənin F-16 qırıcıları üçün müraciətinə razılaşmağım Türkiyənin İsveçin NATO üzvlüyü məsələsinə xeyir-dua verməsi ilə bağlı idi. Amma inanın ki, bu mənim asanlıqla qəbul etdiyim qərar olmayıb”.

Kardinin komitəsi silah satışına icazə verən dörd komitədən biridir.

Senator əlavə edib ki, Türkiyə insan haqları ilə bağlı vəziyyəti təcili yaxşılaşdırmalı, Rusiyadan Ukraynaya müdaxiləsinə görə məsuliyyət tələb etməli və Yaxın Şərqdə eskalasiyanın azaldılmasına köməklik göstərməlidir:

"Mənim narahatlıqlarım güclü və ardıcıl şəkildə aramızdakı danışıqlar zamanı Bayden administrasiyasına çatdırılıb. Mən onların (administrasiyanın-red) bu məsələlər barədə Türkiyə rəsmiləri ilə məhsuldar müzakirələrindən məmnunam”.

Senatın Xarici Əllaqələr Komitəsi və Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi ABŞ-ın xaricə böyük silah satışlarını təsdiq edir və bununla bağlı insan haqları və başqa diplomatik məsələlər barədə suallar qaldırır.

Lakin Dövlət Departamentinin Senata rəsmi bildirişindən sonra Konqresin cavab üçün 15 gün vaxtı var.

ABŞ rəsmiləri bəzi üzvlərin Türkiyəni tənqid etməsinə rəğmən Ankaraya F-16 qırıcılarının verilməsinin Konqres tərəfindən bloklanmayacağına inanırlar.

XS
SM
MD
LG