Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:37

Azərbaycan səfirliyinin Hanuka bayramını boykot edirlər


Trump International Hotel
Trump International Hotel

ABŞ-ın bir neçə yəhudi təşkilatı Azərbaycan səfirliyinin keçirdiyi Hanuka bayramını boykot edib.

Yaydıqları bəyanatda qurumlar bayramın D.Trump-a məxsus oteldə keçirilməsinə, həm də insan haqlarıyla bağlı durumu yaxşı olmayan Azərbaycan tərəfindən maliyyələşdirilməsinə etiraz olaraq, tədbirə qatılmayacaqlarını bildiriblər. Bu haqda Amerika yəhudilərinin nəşr etdiyi «The Algemeiner» qəzeti yazır.

«İCMA ÖZÜNÜ TƏHLÜKƏSİZ HESAB EDİR»

Azərbaycanın ABŞ-dakı səfirliyi Hanuka bayramını Amerika Yəhudiləri Qurumları Prezidentlərinin Konfransı ilə birgə təşkil edib. Bayram bu gün – dekabrın 14-də yenicə istifadəyə verilmiş «Trump International Hotel»də baş tutacaq.

Buna da bax-Netanyahu Bakıya gəldi, qonşular narahat oldu [video]

Los-Ancelesdəki qədim və böyük yəhudi icması – «Sinay Məbədi»nin lideri David Wolpe boykotun yanlış addım olduğunu söyləyib: «Mən Azərbaycanda olmuşam. Mükəmməl ölkə deyil, razıyam. Amma onların İsraillə çox yaxşı münasibətləri var və ölkədəki yəhudi icmasına hörmətlə yanaşırlar, icma orda özünü təhlükəsizlik hiss edir».

İqtisadi və sosial ədaləti təbliğ edən digər yəhudi təşkilatı - «The Workmen’s Circle» Azərbaycan hökumətinin daxili qüvvələrə qarşı zorakı qadağalarını, «Americans for Peace Now» təşkilatı isə Azərbaycanda insan haqlarının durumunun sıxıcı olduğunu, bunun Dövlət Departamentinin hesabatında da detallı təsvir edildiyini xatırladaraq, tədbirə qatılmayacağını bəyan edib.

İsrailin baş naziri Benjamin Netanyahu və Azərbaycan prezidenti İlham Əliyev
İsrailin baş naziri Benjamin Netanyahu və Azərbaycan prezidenti İlham Əliyev

Bəzi qurumlar isə tədbiri sponsoruna görə deyil, yalnız D.Trump-ın otelində keçirildiyindən boykot edir.

«SƏFİRLİK İŞTİRAKÇILARIN RAHATLIĞINA GÖRƏ BELƏ EDİB»

Mətbuatın yazdığına görə, oteli Azərbaycan səfirliyi, Ağ evə yaxın olduğu üçün seçib. Axşam Ağ evdə də prezident Barack Obama-nın iştirakıyla son Hanuka şənliyi olmalıdır.

Buna da bax-Donald Trump-ın inauqurasiyası da biznesdirmi?

«Ameinu» yəhudi təşkilatının icraçı direktoru Gideon Aronoff-un fikrincə, tədbirin«Trump International Hotel»də keçirilməsi yeni prezidentin qoltuğuna qarpız verə bilər, D.Trump yəhudi icmasının ona yaltaqlandığını düşünər.

Bayrama qatılacağını bildirən Farley Weiss isə (Gənc İsrail Milli Şurasının prezidenti) bütün bu deyilənlərə etiraz edib, səfirliyin onların mənafeyi naminə məhz bu oteli kirayələdiyini söyləyib: «Azərbaycan səfirliyi həmin axşam həm də Ağ evdəki tədbirə qatılacaq iştirakçıların rahatlığını təmin etməkdən ötrü belə edib».

«Endowment for Middle East Truth» təşkilatının prezidenti Sarah Stern bayrama qatılmayan yəhudi qurumlarını ziddiyyətli mövqelərinə görə qınayıb. O deyib ki, Azərbaycanı tənqid edən təşkilatların çoxu insan haqlarının ciddi şəkildə pozulduğu digər müsəlman ölkələri, məsələn Türkiyə, İordaniya, hətta Fələstinlə dostluq edirlər.

XS
SM
MD
LG