Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:37

ABŞ-da qəzetlərə inam aşağıdır, ancaq yüksəlir


ABŞ-da qəzet satışı
ABŞ-da qəzet satışı

Birləşmiş Ştatlarda saxta xəbərlərlə bağlı qalmaqal davam edir, amma indi daha çox amerikalı (27%) qəzetlərə «xeyli» inandığını bildirib. Ötən il bu rəqəm 20% idi. Ümumilikdə isə, 1980-ci, 1990-cı illərə baxanda, mətbuata inam aşağı səviyyədədir. Bunu «Gallup» sorğu mərkəzi iyunun 7-11-də keçirdiyi sorğuyla üzə çıxarıb.

TRUMP-IN DEDİKLƏRİNİN ROLU

Geniş perspektivdən baxanda, qəzetlərə inam son 30 ildə elə də yüksəlməyib. Ən böyük inam göstəricisi – 39% 1990-cı ildə qeydə alınmışdı. Builki 27% 2011-ci ildən bəri ən yüksək göstəricidir.

Demokratlar yenə də qəzetlərə ən çox inananlar içindədir. 2016-cı ildə demokratların 28%-i yazılı mediaya böyük inam bəslədiyini bildirib, bu ilsə bu göstərici 46%-ə qalxıb. Ötən il respublikaçıların 16, bu il 13%-i inamını dilə gətirib.

Partiyalar arasındakı bu fərq prezident Donald Trump-ın medianı «xalqın düşməni» elan etməsiylə, elə demokratların inamının yüksəlməsi də prezidentin dedikləriylə bağlı ola bilər. «Gallup» bildirir ki, indi özünü xəbər saytı kimi təqdim edən xeyli internet bloqu, vebsayt var və demokratlar da ənənəvi çap mediasına daha çox meyllənirlər.

TELEVİZİYA XƏBƏRLƏRİNƏ İNAM DA GÜCLÜ DEYİL

Amerikalılar televiziya xəbərlərinə qəzetlərdən elə də çox inanmırlar. Televiziyalarda xəbərlə mövqeni fərqləndirmək bəzən elə də asan olmasa da, ABŞ-da yetkinlik yaşında olanların 24%-i televiziya xəbərlərinə inandığını söyləyib. 2014-cü ildə rekord səviyyədə aşağı – 18% idi, amma 2011-ci ildən bəri ən yüksək göstəricidir.

Televiziya xəbərlərinə inamın builki səviyyəsi «Gallup» bu sualı ilk dəfə soruşduğundan yarıbayarı azalıb. 1993-cü ildə 46% inandığını deyirdi.

Rəqəmsal xəbər saytlarına axının güclü olmasına baxmayaraq, amerikalıların internet xəbərlərinə inamı daha azdır – 16%-dir. Gallup əvvəllər bu tip xəbərlər barədə yalnız iki dəfə soruşub: 2014-cü ildə 19%, 1999-cu ildə isə 21% internet xəbərlərinə inandıqlarını demişdi.

QƏZETLƏRİN ŞANSI HƏLƏ DƏ VAR

«Saxta xəbərlər» haqda son müzakirələr və qəzetlərin, TV və internet xəbərlərinin motivasiyasına dair şübhələrə baxmayaraq, amerikalıların bu institutlara inamı bir müddət çox da dəyişməyib. Xəbər mediasına inamsızlıq daha çox ötən payız üzə çıxıb.

«Gallup» qeyd edir ki, daha az qəzet və bir neçə yerli qəzet olanda amerikalılar onlara daha asanlıqla inanırdılar. İndi isə xeyli sayda internet saytları siyasi spektrin yalnız bir tərəfinə meyllənməklə trafiki artırmağa çalışırlar.

Amma qəzetlər yenə də medianın ən parlaq hissəsi olaraq qalır. Trump xəbər mediasına hücumunu davam etdirərsə, demokratların bu il sərgilədiyi dirənişin qalıcı olub-olmayacağını görmək maraqlı olardı. Daha bir məqamsa ondan ibarətdir ki, saxta xəbərlər davam etdikcə, ənənəvi qəzetlərin özlərini «yaxşı jurnalistika» qalaları kimi təqdim etmək imkanları yarana bilər, bu da onlara inamı artırar.

XS
SM
MD
LG