Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 01:29

Avropa liderləri Trump-ı məzəmmət edir


"Böyük yeddilər" ölkələri liderlərinin Kanada sammiti

ABŞ prezidenti Donald Trump-ın Böyük Yeddilərin (G7) sammitində yekun bəyanatı imzalamaması Avropa liderlərinin qınağına tuş gəlib.

Almaniyanın kansleri Angela Merkel iyunun 10-da deyib ki, Trump-ın birgə kommunikeni dəstəkləməməsi “ümidsizlik və məyusluq yaradır”.

Çətindir, indiki məqamda ümidsizlik yaradır, ancaq G7-nin sonu deyil”, – o, ARD ictimai televiziyasına müsahibəsində deyib. Kansler Avropa Birliyinin ABŞ-ın tariflərinə qarşı əks-tədbirlər hazırladığını sözlərinə əlavə edib.

Almaniyanın xarici işlər naziri Heiko Maas tvitində yazıb ki, “bircə tvitlə sabitsiz inam alt-üst ola bilər. İndi Avropanın birlikdə durması, maraqlarını daha sərt təmsil etməsi daha vacibdir”.

“GƏLİN CİDDİ OLAQ”

Fransa prezidentinin təmsilçisi isə Fransa və Avropanın G7-nin kommunikesini dəstəklədiyini bildirib. “Beynəlxalq əməkdaşlıq qəzəbdən, ayrı-ayrı bəyanatlardan asılı ola bilməz. Gəlin ciddi olaq”, – rəsmi deyib.

Trump-ın iqtisadi müşaviri Larry Kudlow-nun CNN-ə deməsinə görə, Trudeau “bizi arxadan bıçaqladı”.

Donald Trump G7-nin sammitinə gedərkən
Donald Trump G7-nin sammitinə gedərkən

“Prezident Donald Trump-la pis inam diplomatiyası aparan, daha sonra qapıdan çıxarkən onu arxadan bıçaqlayan liderlərin Cəhənnəmdə xüsusi yeri var”, – Ağ evin ticarət müşaviri Peter Navarro Fox News-a deyib.

Kanadanın xarici işlər naziri Chrystia Freeland isə daha sonra deyib ki, Kanada “diplomatiyasını hisslərə əsaslanan hücumlar üzərində qurmur”.

G7-nin səkkiz səhifəlik kommunikesində vurğulanırdı ki, “Rusiyanın davranışı gərəkdirərsə, ona daha ağır bədəl ödətdirmək üçün əlavə məhdudlaşdııcı tədbirlər görməyə hazırıq”.

Bəyanatda Rusiyadan tələb olunurdu ki, “qeyri-sabitlik yaradan davranışını, demokratik sistemlərə ziyan vurmağı, Suriya rejiminə dəstəyi dayandırsın”.

Sammit zamanı Vaşinqton müttəfiqləri ilə Rusiyaya görə “üz-göz olub”.

Rusiya prezidenti Vladimir Putin isə G7-nin tənqidlərini rədd edərək tərəflərin əməkdaşlığı bərpa etməyə çağırır.

“İnanıram ki, bu kreativ boşboğazlığı bir kənara qoyaraq real əməkdaşlıqla bağlı konkret məsələlərə keçmək vaxtıdır”, – Putin Çində keçirilən sammitdə jurnalistlərə deyib.

***

ABŞ prezidenti Donald Trump ABŞ nümayəndə heyətinə “Böyük yeddilər” ölkələrinin Kanada sammitində yekun sənədə imza atmamağı göstəriş verib.

Donald Trump özünün Tvitter səhifəsində yazır ki, Kanadanın baş naziri Justin Trudeau mətbuat konfransında ABŞ-ın tətbiq etdiyi tariflərin təhqiramiz olduğunu deyib, amma bu düzgün deyil. “Bizim tariflərimiz onun ABŞ-dan idxal edilən süd məhsullarına tətbiq etdiyi 270 faizlik tarifə cavabdır”, deyə Trump yazır.

Qeyd edək ki, Birləşmiş Ştatların bu günlərdə Kanada,Meksika və Avropa Birliyindən polad və alüminium idxalına yüksək tariflər tətbiq etməsi bu ölkələrin qəzəbinə səbəb olub.

Artıq Kanada ilə Meksika cavab tədbirləri də qəbul ediblər.

Beynəlxalq ticarətlə yanaşı Kanada sammitində ABŞ-la onun müttəfiqləri arasında iqlim dəyişikliyi məsələsində də fikir ayrılığı olub.

Bundan başqa sammit iştirakçıları, Donald Trump-ın Rusiyanı “Böyük yeddilər” ölkələri qrupuna qaytarmaq təklifini qəbul etməyiblər.

Bu qrupa, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Kanada, Yaponiya və Italiya daxildir.

Yekun sənəddə, vahid qaydalarla ticarət əməkdaşlığının, Rusiyaya qarşı sərt xəttin və İranın nüvə proqramının cilovlanmasının vacibliyi vurğulanır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump, sammiti yarımçıq təşkil edərək Sinqabura yollanıb. O, bunun səbəbinin, iyunun 12-də Şimali Koreya lideri Kim Jong un-la görüşə hazırlaşmaqla bağlı olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG