Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:44

ABŞ iranlılara iki dəfə az viza verib


İranlılar martda 393 mühacir vizası ala biliblər.
İranlılar martda 393 mühacir vizası ala biliblər.

Birləşmiş Ştatlar İran vətəndaşlarına verdiyi vizaların sayını yarıbayarı azaldıb. Bu azalma prezident Donald Trump-ın səyahət qadağası qoyduğu digər ölkələrə də aiddir, baxmayaraq ki, məhkəmələr həmin qadağanın qüvvəyə minməsini əngəlləyiblər.

Birləşmiş Ştatlarda ailəsini görmək istəyən, yaxud biznes dalınca gedən iranlılar ötən ay cəmi 393 mühacir vizası ala biliblər. Ötən il isə hər ay iranlılara 644 viza verilibmiş. Bu məlumatları aprelin 27-də ABŞ Dövlət Departamenti açıqlayıb.

Trump-ın fərmanında adı çəkilən yeddi müsəlman ölkəsinə verilən vizaların sayı ötən illə müqayisədə 40 faiz azalıb. Həmin qadağa İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmənə aid idi.

Bu ölkələrə martda 3 min 200 qeyri-mühacir vizası verilib. Ötən maliyyə ilinin hər ayında isə həmin vizaların sayı ortalama 5 min 700 idi.

İKİ SƏBƏB OLA BİLƏR

«Ola bilsin, adamlar imtina olunacağına inanıb daha az müraciət edirlər, ya da məhkəmələrin fərmana qadağa qoymasına baxmayaraq, artıq imtinaların sayı yüksəlib», – Amerika İmmiqrasiya Vəkilləri Assosiasiyasının prezidenti William Stock «Reuters» agentliyinə deyib.

Qeyd edək ki, Trump Dövlət Departamentinin hər ay verdiyi bütün vizaları dərc etməsini istəyib, qurum da buna əməl etməyə başlayıb.

Amma Departament viza müraciətlərinin sayını açıqlamadığından azalmanın səbəbi bəlli deyil.

Trump-ın immiqrasiya qadağası- qarşı çıxanlar, dəstək olanlar
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Dövlət Departamentinin rəsmisi viza tələbatının periodik olduğunu, yerli və beynəlxalq səviyyədə müxtəlif faktorların təsirinə məruz qaldığını qeyd edib. «Viza verilməsi sayı pik səyahət mövsümlərində yüksəlir ki, bu da yay və qış tətilləri dövrünə düşür», – o deyib.

Ağ ev məsələni, hələlik, şərh etməyib.

MÜHACİR VİZALARININ SAYI DA AZALIB

Donald Trump səyahət qadağasını amerikalıları terror hücumlarından qorumaq niyyətilə izah edib. O, yanvarın 27-də yeddi ölkənin ABŞ-a girişini 90 günlüyə yasaqlayan fərman imzalayıb. Amma federal məhkəmələr bu qərara blok qoyub. Trump administrasiyası martın 16-da səyahət qadağasını yeniləyib, İraqı siyahıdan çıxarıb. Amma məhkəmələr ikinci qərarın da icrasını ertələyib.

«Reuters» yazır ki, martda iranlılara min 572 qeyri-mühacir vizası verilib. Ötən ilin hər ayında 2 min 450 belə viza verilirdi. İraqlılara martda verilən vizaların sayı 684-dür, ötən il bundan iki dəfə artıq olub.

İmmiqrasiya üzrə vəkillərin fikrincə, səyahət qadağalarını məhkəmələr ertələsə də, administrasiyanın immiqrasiyaya sərt nəzarət niyyətini açıqlaması vizaların dəyərləndirilməsi proseduruna təsirini göstərib.

İran vətəndaşlarının ABŞ-dakı vəkillərinin sözlərinə görə, indi viza müraciətlərinə baxılması prosesi daha uzun çəkir və Trump yanvarın 20-də prezident postuna keçəndən müraciətlərə daha çox imtina olunur.

XS
SM
MD
LG