Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:16

ABŞ Əfqanıstana əlavə 3 min əsgər göndərə bilər


Əfqanıstanda Amerika hərbçiləri
Əfqanıstanda Amerika hərbçiləri

ABŞ ordusu və Dövlət Departamenti Əfqanıstana azı 3 min əlavə əsgər göndərməyi tövsiyə edirlər. Bu haqda ABŞ mediası xəbər yayıb.

Ordu komandirləri həmçinin, «Taliban» liderlərini vurmağa səlahiyyət əldə edəcəklər.

Adı çəkilməyən rəsmilər prezident Donald Trump-ın bu planı, hələlik, təsdiqləmədiyini söyləyir. NATO-nun digər üzvlərindən də 3-5 min əsgər göndərmək xahiş oluna bilər.

Hazırda Əfqanıstanda 13 min NATO əsgəri var, onlardan 8 min 400-ü ABŞ-ındır.

SON 2 İLDƏ İKİNCİ ZƏBT

ABŞ «Taliban»a qarşı əməliyyatları 2014-cü ildə bitirib, amma xüsusi qüvvələr əfqan əsgərlərinə dəstəyi davam etdirirlər.

Fevralda Əfqanıstandakı ABŞ əsgərlərinin komandiri general John Nicholson Senat komitəsindəki dinləmədə deyib ki, bu ölkədə bir neçə min əlavə əsgərə ehtiyac var.

Ötən ay «Taliban» yaz hücumuna başladığını elan edib. Həmin bəyanatdan bir həftə öncə Məzari-Şərifdə hərbi şəhərciyə hücumda isə azı 135 əfqan əsgəri həlak olub.

Gilmənd əyalətində polis talibançılarla vuruşur.
Gilmənd əyalətində polis talibançılarla vuruşur.

Şənbə günü «Taliban» yaraqlıları Kunduz şəhərindən bir neçə kilometr qərbdə yerləşən bölgəni tutublar. Son məlumatlara görə, «Taliban» indi şəhərin şərqinə doğru əsas yola da nəzarət edir.

BBC-nin əldə etdiyi məlumata görə, ABŞ-ın üç komandiri Kunduzun son mühasirəsiylə bağlı işə cəlb olunub. «Taliban» bu şəhəri son 2 ildə iki dəfə tutub.

«TALİBAN» DAVAMLI İRƏLİLƏYİR

Bu, bir daha NATO-nun iki il yarım öncə döyüş missiyasını bitirəndən sonra «Taliban»ın davamlı irəliləyişinin sübutudur.

Martda «Taliban» yaraqlıları Gilmənd əyalətinin əsas bölgəsi olan Sangin rayonunu yenidən ələ keçiriblər. Gilməndin mühafizəsi uğrunda yüzlərlə Britaniya və ABŞ hərbçisi həlak olub.

BBC yazır ki, hazırda «Taliban»ın Əfqanıstanın üçdə birinə nəzarət etdiyi güman olunur. Elə ən böyük sual da bir neçə min əlavə əcnəbi hərbçinin bu nisbəti dəyişdirə biləcəyidir.

ABŞ rəsmilərinin sözlərinə görə, yeni plan Əfqanıstanda əməliyyatlarda ABŞ əsgərlərinin rolunu ciddi artıracaq. Pentaqon, Ağ ev əsgər sayını təyin etmək imkanı qazanacaq.

Prezident Trump-ın qərarı mayın 25-dək, Brüsseldə NATO sammitinə qatılmamışdan öncə verəcəyini gözlənir.

XS
SM
MD
LG