Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 21:31

Ötən il ABŞ-da müsəlmanlara qarşı insidentlər çoxalıb


Nyu-Yorkda «Bu gün mən də müsəlmanam» yürüşü.

Ötən il Birləşmiş Ştatlarda müsəlmanlara qarşı 2 min 213 insident baş verib. Bu haqda mayın 9-da Amerika-İslam Münasibətləri Şurası (CAIR) hesabat yayıb. Məsələn, ötən ilin noyabrında Rod-Aylend adasında «Al-Kareem» məscidinə hədələyici məktub göndərilib, müsəlmanlar «alçaq və çirkin» adlandırılıb. Bundan sonra icma üzvləri əlavə polis qoruması istəyiblər. Hesabat haqda «Reuters» xəbər agentliyi yazır.

57 FAİZLİK ARTIM

Hesabatda deyilir ki, müsəlmanlara qarşı insidentlərin sayında 57 faizlik artım qeydə alınıb. 2015-ci ildə 1409 belə insident olmuşdu.

Qrup antimüsəlman insidentlərinin Donald Trump-ın praymeriz seçkilərindən öncə artdığını bildirir. Di gəl, Trump-ın yaraqlı islamçı qruplara fokuslanması və antimiqrant ritorikasının da bunda rolu az olmayıb.

Rod-Aylend adasındakı 42 yaşlı məscid ancaq təhdid almışdı, Florida və Texasdakı məscidlər isə yandırılıb.

CAIR rəsmiləri ötən ilin sentyabrında qərara gəliblər ki, rüblük hesabatlar hazırlasınlar. Belə ki, 2014-cü ildə «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının Yaxın Şərqdə yüksəlişindən və bu qrupdan ruhlananların Avropa və Birləşmiş Ştatlarda həyata keçirdiyi hücumlar fonunda şikayətlərin də sayı çoxalıb.

11 SENTYABRDAN SONRAKI DÖNƏM

«Belə bir hiss geniş yayılıb ki, biz yenidən 2001-ci ilin 11 Sentyabr terrorundan sonrakı dönəmə qayıdırıq. Ortaya faktlar qoymaq istədik», – CAIR-in islamofobiyanın monitorinqi departamentinin direktoru Corey Saylor belə deyir. Qeyd edək ki, 2001-ci ilin 11 Sentyabr terrorundan sonra ABŞ-da antimüsəlman əhval-ruhiyyəsi yüksəlmişdi.

Müsəlmanlara qarşı insidentlər deyəndə, hücumlar, küçə qısnamaları, iş yerlərində diskriminasiya sadalanır.

Ötən il müsəlmanlara qarşı nifrət cinayətlərinin sayı 260-a çatıb. Bu, bir il öncəkindən 44 faiz çoxdur. CAIR ona bildirilən bütün insidentləri qeydə alıb, sonradan təsdiqini tapmayanları sıradan çıxarıb. Məsələn, Nyu-Yorkda bir qadın Trump tərəfdarlarının hücumuna məruz qaldığını iddia edib. Amma sonradan bunu uydurduğuna görə həbsə atılıb.

ANTİSEMİTİK HÜCUMLAR DA ÇOXALIB

Trump seçki kampaniyasında müsəlmanların Birləşmiş Ştatlara girişinə müvəqqəti qadağa qoyacağını bildirib. O, prezidentliyə başlayanda verdiyi ilk sərəncamlardan biriylə daha çox müsəlmanların yaşadığı ölkələrə səyahət qadağası qoymağa çalışıb. Amma administrasiya bu qadağanın dini ayrıseçkilik niyyəti güdmədiyini, sırf təhlükəsizlik məqsədiylə atıldığını bildirib.

«Reuters» yazır ki, ötən il təkcə müsəlmanlara qarşı insidentlər çoxalmayıb. Ötən ay Anti-Defamasiya Liqası antisemitik hücumların 34 faiz yüksəlməsini qeydə alıb. Hesabatda vurğulanırdı ki, bu artımda prezident seçkisinin və gərginləşmiş siyasi mühitin rolu olub.

Trump fevralda antisemitik insidentləri ictimai şəkildə pisləyib. Bundan öncə yəhudi icması mərkəzlərinə və yəhudi qəbiristanlığına hücum olmuşdu. Onda yəhudi qrupları prezidenti çox gec reaksiya verməkdə qınayırdılar.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG