Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 15:19

Konqres hökuməti sentyabradək 'açıq' saxlayır


Konqres

Bazar günü – aprelin 30-da axşam konqresmenlər hökumətin sentyabrın sonunadək maliyyələşdirəcək geniş xərcləmə paketi üzrə razılığa gəliblər. Beləliklə də, bu həftənin sonuna hökumətin «bağlanacağı» sarıdan qorxular aradan qalxmış olur.

«The Washington Post» qəzeti yazır ki, bu həftənin əvvəlində Konqresin təxminən 1 trilyon dollarlıq paketi səsverməyə çıxaracağı gözlənilir. Hər iki partiyanın dəstəklədiyi bu razılaşmaya demokratların qələbəsi sayılacaq məsələlər daxildir. Paketin Senatdan keçməsindən ötrü demokratların verəcəyi səs əhəmiyyətlidir.

SƏRHƏDDƏ HASAR TİKİLMƏYƏCƏK

Paketdə 12.5 milyard dollar yeni hərbi xərclər, 1.5 milyard dollar isə sərhəd təhlükəsizliyindən ötrü nəzərdə tutulub. Sonuncunu Konqresin respublikaçı liderləri xahiş edib.

Sənəd bir neçə həftəydi demokratlarla respublikaçı liderlər arasında gərgin müzakirə olunurdu. Prezident Donald Trump israr edirdi ki, ABŞ-Meksika sərhədi boyunca hasar tikilməsinə də pul ayrılsın. Trump sonucda bu tələbindən əl çəkdi.

İndi isə sərhədin təhlükəsizliyinə ayrılan pulun xərclənməsinə bir neçə sərt məhdudiyyət qoyulub. Trump administrasiyası bu məbləği yalnız texnologiyaya sərmayəyə, mövcud sədd və infrastrukturun bərpasına xərcləyə bilər.

Donald Trump
Donald Trump

«Bu razılaşma Amerika xalqı üçün yaxşı razılaşmadır və «hökumətin bağlanması» təhlükəsini gündəmdən çıxarır», – senat azlığının lideri, Nyu-Yorkdan demokrat Charles Schumer deyib. Onun sözlərinə görə, vergiödəyicilərin pulları səmərəsiz sərhəd divarının ucaldılmasına xərclənməyəcək, orta sinfin bel bağladığı proqramlara sərmayələri artıracaq ki, buraya da tibbi tədqiqatlar, təhsil, infrastruktur daxildir.

FƏRLQLİ VƏ ÜMUMİ MARAQLAR

Qəzetin yazdığına görə, Schumer, eləcə də Nümayəndələr Palatasında azlığın lideri Nancy Pelosi-nin öyünməyə yerləri var. Onlar respublikaçıları 160 dəxlisiz addımı geri çəkməyə məcbur edə biliblər. Məsələn, respublikaçılar ətraf mühitin mühafizəsinə ayrılan maliyyənin kəsilməsini, Uoll-Strit üçün maliyyə tənzimlənməsinin zəiflədilməsini təklif edirdilər.

Demokratlar isə paketə narkomaniyayla mübarizə, səhiyyə, enerji və elm sahələrinə xərcləmələrin salınmasına çalışıblar. Trump bu sahələrə maliyyənin kəsilməsini təklif edirdi.

Paketə həmçinin, yerli hüquq-mühafizə orqanlarının Trump-ın qorunması xərclərini ödəməyə 61 milyon dollar da salınıb. Bu vəsait prezidentin Florida və Nyu-Yorkdakı iqamətgahlarına gedib-gələrkən mühafizə olunmasına gedir.

Hər iki partiya mənsublarının dəstəklədiyi xərclərdən biri qərb ştatlarında meşə yanğınlarının söndürülməsinə 407 milyon dolların ayrılmasıdır. Eləcə də, şaxtaçıların tibbi sığortası həmişəlik uzadılır.

Bu razılaşma mayın 5-i gecəyarıyadək qüvvəyə minməsə, federal agentliklər yüz minlərlə işçini maaşı ödənilməyən məzuniyyətə göndərməli olacaq, əsas əməliyyatları yerinə yetirənlər isə Konqres maliyyə mübahisəsini yoluna qoyana kimi maaşlarını almadan işlərini davam etdirəcəklər.

Hökumət sonuncu dəfə 2013-cü ildə 17 günlüyə «bağlanıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG