Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 09:39

Abramovich-in İsrail pasportunu Britaniyaya gələ bilmək üçün aldığı deyilir


Roman Abramovich

Rusiya mediası yazır ki, İngiltərənin Chelsea klubunun sahibi, oliqarx Roman Abramovich İsrail vətəndaşlığını Britaniyaya səfər edə bilmək üçün alıb.

Məlum olduğu kimi hazırda Abramovich-in biznesmen vizası başa çatıb, London isə onun vizasını təzələməyə tələsmir.

Britaniya rəsmiləri bildirirlər ki, ölkənin yeni mühacirət qaydalarına görə biznes vizası almaq istəyənlər sərvətlərinin mənbəyini göstərməlidirlər. İnvestor vizasına sahiblənmək üçün Britaniya iqtisadiyyatına azı 2 milyon funt sterlinq sərmayə qoymaq lazım gəlir.

Müşahidəçilər bildirirlər ki, bu qaydalar Britaniyanı özlərinə ikinci vətən etmiş Rusiya oliqarxlarının sıxışdırılması üçün tətbiq edilir.

Ötən mart ayında İngiltərənin Solsberi şəhərində keçmiş rusiyalı casus Sergey Skripal və onun qızı Yulia zəhərləndikdən sonra rusiyalılara viza verilməsi qaydaları bir az da sərtləşdirilib. London Skripalların zəhərlənməsini Moskvadan görür.

Son həftələrdə Britaniya və Rusiya mediası Roman Abramovich-in naməlum səbəblərdən hələ də yeni viza ala bilməməsindən yazırdı. Lakin mayın 28-də əslən yəhudi olan oliqarxın gözlənilmədən İsrail pasportu aldığı barədə xəbərlər yayıldı.

Rusiyanın dövlət xəbər agentliyi TASS yazır ki, İsrail pasportu olanlar Britaniyaya vizasız gələ bilərlər və görünür Abramovich-ə də İsrail pasportu məhz buna görə lazım olub.

Lakin Britaniya hökuməti Abramovich-i dərhal məyus edən bəyənatla çıxış edib.

Britaniya baş naziri Theresa May-in sözçüsü TASS agentliyinə deyib ki, “sizin haqqında soruşduğunuz şəxs Britaniyaya özünün İsrail pasportu ilə maneəsiz gələ bilər, lakin 6 aydan sonra Birləşmiş Krallıq ərazisində yaşamaq, işləmək və oxumnaq üçün ona yeni viza lazım olacaq”.

Məsələyə Britaniya mətbuatı daha çox aydınlıq gətirib.

Guardian hökumət mənbələrinə istinadən yazır ki, İsrail vətəndaşları Britaniya ərazisinə vizasız gələ bilərlər. Lakin bu onlara Britaniyada daimi yaşamaq, işləmək və ya təhsil almaq hüququ vermir.

Britaniya qəzetləri hökumət mənbələrinə istinadən yazır ki, Roman Abramovich Britaniya vizası almaq üçün öz sərvətinin mənşəyi barədə suallara cavab verməli olacaq.

Sun qəzeti isə bir qədər də uzağa gedərək bildirir ki, Roman Abramovich-i hətta İsrail pasportu ilə də Britaniyaya buraxmaya bilərlər.

Qəzet yazır ki, sərhəd xidmətinin rəhbərləri vizasız rejim qaydasına baxmayaraq istənilən qonağın ölkəyə gəlməsinə qadağan qoya bilərlər.

Xidmətin vəzifəli rəsmilərindən biri Sun qəzetinə deyib: “İsrail pasportu Britaniyaya giriş üçün arxa qapı ola bilməz”.

Qəzetin yazdığına görə sərhəd xidməti İsrail pasportu ilə gələn şəxsin əsl məqsədləri, bundan əvvəl viza rejimini pozub-pozmaması və ictimai maraqlar kimi məsələləri sual edə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG