Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:38

30 sutka alan cəbhəçi polisə müqavimətdə günahlandırılır


İsmayıl Rəsulov
İsmayıl Rəsulov

-

30 sutka inzibati həbs cəzası alan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, Qarabağ müharibəsi veteranı İsmayıl Rəsulov polisə müqavimətdə ittiham edilib.

Bunu Qaradağ Rayon Məhkəməsindən "Amerikanın Səsi"nə bildiriblər.

İsmayıl Rəsulovun oğlu Elşən Rəsulov isə atasına qarşı irəli sürülən ittiham ilə razılaşmır.

“O, ağsaqqal adamdır. Polisə müqavimətdən söhbət gedə bilməz. İnternetdə (facebook nəzərdə tutur-red) hansısa vəzifəli şəxsi tənqid etmişdi. Söhbət ondan gedirdi”, Elşən Rəsulov bildirib.

Elşən Rəsulov deyib ki, atası kirayə evdə yaşayıb:

“Atamın ailəsi kirayədə yaşayır. O avqustun 24-də mənim yaşadığım evdə idi. Polisdən zəng vurdular və onu polis şöbəsinə apardılar. Gecə orada saxladılar, avqustun 25-də isə 30 sutka həbs verdilər. Atam hazırda Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindədir. Ona lazım olan bəzi əşyaları apardım, görüşə icazə vermədilər”,

Əli Kərimli :” Bunların Qarabağ sevgisi nə qədər saxtadır?”

AXCP sədri Əli Kərimli də partiya fəalının həbsini qəbul etmir.

O facebook səhifəsində yazıb ki, Qarabağ savaşında II qrup əlil olmuş İsmayıl Rəsulov şərlənərək həbs edilib.

“İsmayıl Rəsulov Qarabağ qazisi olaraq hər fürsətdə hüquqlarını tələb edib. 22 il ev növbəsində olan bu şərəfli Qarabağ qazisi,hələ də, ev ala bilməyib, kirayədə yaşayır. Fəal facebook istifadəçisi olan İsmayıl bəy cəmiyyətimizdəki haqsızlıq və hüquqsuzluqdan, eləcə də özünün dözülməz sosial durumundan yazırdı. İndi hökumət İsmayıl bəyin yazdıqlarından nəticə çıxarmaq, problemlərini həll etmək əvəzinə özünü həbs edib, susdurmaq yolunu seçib. Gördünüz ki, bunların Qarabağ sevgisi, Qarabağ qazilərinə hörməti nə qədər saxtadır?” o qeyd edib.

***

Avqustun 24-ü saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü İsmayıl Rəsulova 1 aylıq inzibati həbs cəzası verildiyi bildirilir.

Bu haqda Turan İnformasiya Agentliyinə onun oğlu Elşən İsmayılov məlumat verib.

E.İsmayılov atası ilə uzun müddət təmas qurmağa imkan verilmədiyini deyib.

“Polisə getdik, dedilər, məhkəməyə aparıblar. Məhkəməyə getdik, orda da heç bir xəbər vermədilər. Özü nəhayət zəng edib, 1 aylıq həbs edildiyini söylədi”, E.İsmayılov bildirib.

E.İsmayılovun deməsinə görə, şəkər xəstəsi olan atası onlardan iynə-dərmanlarını, paltarlarını göndərmələrini istəyib.

İ.Rəsulovu avqustun 24-də Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşları saxlayıblar.

38-ci Polis Bölməsindən və Qaradağ Rayon Məhkəməsindən İ.Rəsulovla bağlı bilgi verilməyib.

Onun nədə günahlandırıldığı, hələ də, açıqlanmır.

İ.Rəsulov ikinci qrup Qarabağ əlilidir, şəkər xəstəsidir.

Bunlara da bax:

Fuad Əhmədli həbsdə qaldı

Azərbaycanda cəbhəçilərin üzü gülmür...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG