Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:31

AB Rusiyanın qaz layihəsinə etiraz edir, amma…


«Şimal Axını»

Avropa Birliyinin bəzi liderləri Rusiyanın Almaniyaya yeni qaz kəməri çəkmək planına etirazlarını bildiriblər. Ancaq birlik oktyabrın 19-da Brüsseldə keçirilən sammitdə bu məsələyə fərqli münasibət sərgiləyib və heç bir addım atmayıb. Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker jurnalistlərə belə deyib.

Polşa, Litva, Danimarka və Latviya liderləri təhlükəsizlik məsələlərinə dair müzakirədə «Şimal Axını-2» kəməriylə bağlı narahatlıqlarını dilə gətiriblər. Bu kəmər Baltik dənizi ərazisiylə Rusiyadan Almaniyaya çəkiləcək.

Şərqi Avropa və Baltik ölkələri narahatdırlar ki, bu layihə Avropanın Rusiya təbii qazından asılılığını artırmaqla Moskvanın nüfuzunu gücləndirəcək. Həmin ölkələr həmçinin, bu layihənin Ukraynanın qaz tranzitindən gəlirlərini azaldacağına, Kiyevin kövrək iqtisadiyyatına ziyan vura biləcəyinə etirazlarını bildiriblər.

Skandinaviya ölkələri isə kəmərin Baltik dənizindən onların sərhədləri yaxınlığında çəkilməsinin təhlükəsizlik tərəflərini qaldırıblar. Rusiya burada hərbi iştirakını gücləndirməkdədir.

JUNCKER MANDAT ALA BİLMƏYİB

Di gəl, Almaniya və bir sıra digər şimali Avropa ölkələri Ukrayna ərazisindən keçən kəmərə alternativ axtarıblar. Rusiyayla mübahisələr üzündən ara-sıra qazın kəsilməsiylə bağlı hədələr səslənib. Bu səbəbdən həmin ölkələr enerji şirkətlərinin Rusiya layihəsindən kommersiya qazanclarını dəstəkləyiblər.

AB-nin ən böyük iqtisadiyyatı olan Almaniya hər il Rusiyadan 55 milyard kubmetr qazın alınması planını ürəkdən qəbul edib və bildirib ki, Brüssel layihəyə müdaxilə etməməlidir.

V.Putin və A.Merkel
V.Putin və A.Merkel

Juncker oktyabrın 19-da deyib ki, Avropa Komissiyası sövdələşməyə qarşı çıxan üzvlərə qoşulur və layihəylə bağlı Rusiyayla danışıqlar aparmağa AB liderlərindən mandat istəyib. Amma birlik üzvləri arasında parçalanmanı gözə alan liderlər onun xahişini rədd ediblər, - Juncker Brüsseldə jurnalistlərə söyləyib.

«Məsələnin Rusiyayla müzakirəsindən ötrü Komissiyaya mandat verməklə bağlı üzv ölkələr arasında birlik yoxdur. Məncə, tezliklə bu məsələyə dair vahid mövqeyimiz olmayacaq», – o deyib.

FİKİR AYRILIQLARI

Polşanın baş naziri Beata Szydlo sammitdə jurnalistlərə deyib ki, «bu layihənin siyasi miqyası ortadadır, amma bəzi ölkələr onu təmiz kommersiya layihəsi adlandırırlar».

Almaniya kansleri Angela Merkel həmkarlarına deyib ki, onların siyasi narahatlıqlarını anlayır, amma onları işləri qəlizləşdirməməyə çağırıb, - iki diplomat «Reuters»ə söyləyib.

Avropanın beş şirkəti – Almaniyanın «Uniper» və «Wintershall», Avstriyanın OMV, İngiltərə və Niderlandın «Shell», Fransanın «Engie» qrupları 1225 kilometrlik kəmərin sərmayəçiləridir.

Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda ABŞ sanksiyalarından gileylənib, həmin sanksiyalar «Şimal axını-2» layihəsinə və Rusiyanın Avropadakı digər enerji layihələrinə qatılan Avropa şirkətlərinə cərimələr tələb edir.

«ABŞ Konqresinin qəbul etdiyi son sanksiyaların məqsədi Rusiyanı Avropanın enerji bazarından çıxarmaq, Avropanı ABŞ-dan gələn daha baha maye qaza yönəlməyə məcbur etməkdir», – o, Soçidə keçirilən forumda deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG