Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:11

AŞPA deputatlarından Azərbaycanla bağlı təklif


AŞPA

Azərbaycanda siyasi məhbus məsələsi Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunda müzakirə oluna bilər.

AŞPA-nın bir qrup deputatı bununla bağlı təşəbbüslə çıxış ediblər.

Deputatların təşəbbüsü haqda AŞPA-nın saytı xəbər verir.

Xəbərdə bildirilir ki, təşəbbüs Pieter Omtzigt başda olmaqla 24 deputatdan gəlib. Onlar Azərbaycanda siyasi məhbus sayılan şəxslər üzrə hesabatın hazırlanması və yeni məruzəçinin təyin edilməsi təklifini irəli sürüblər.

Deputatların müraciətində vurğulanır ki, 2013-cü ildə AŞPA almaniyalı deputat Christoph Strässer-in hazırladığı Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatını rədd edib.

***Buna da bax-'Azərbaycan istintaqı' bitdi. AŞPA üzvlərinə ittihamlar

«AŞPA-nın Müstəqil Araşdırmalar Qrupu təsbit etdi ki, digərləri ilə birgə italiyalı deputat cənab Luca Volontè həmin hesabatın qəbul edilməməsində əhəmiyyətli bir rol oynayıb», - 24 deputatın imzaladığı müraciətdə bildirilir. Onlar italiyalı deputatla Azərbaycandan olan iki deputat arasında korrupsiya məzmunlu fəaliyyətə aid şübhələrin olduğunu ifadə ediblər.

Deputatlar Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) REAL Partiyasının lideri İlqar Məmmədovla bağlı qərarını da yada salaraq bildiriblər ki, Azərbaycanda siyasi məhbus problemi realdır.

L.Volontè
L.Volontè

«Buna görə də, Azərbaycanda siyasi məhbus problemi ilə bağlı yeni bir hesabatın yazılması uyğundur», - müraciətdə bildirilir.

Deputatların təşəbbüsü AŞPA Bürosunda may ayında müzakirə edilə bilər.

REAL Partiyasının sədri İ.Məmmədov 2013-cü ildə İsmayıllı rayonunda baş verən hadisələrə görə iğtişaşlarda ittiham olunaraq 7 il həbs edilib. AHİM onun hüquqlarının pozulduğunu tanıyıb, ancaq o, hələ də azadlığa buraxılmayıb.

***Buna da bax-S.Seyidov: 'Azərbaycanı Avropa Şurasından çıxarmağa çalışırlar, yəqin buna hazırlıq gedir'

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, siyasi məhbus sayilan şəxslər konkret əməllərinə görə məsuliyyətə alınıblar.

Xatırlatma

Avropa Şurası 10 aydır apardığı istintaqı tamamlayıb və belə bir qənaətə gəlib ki, qurumun Parlament Assambleyasının (AŞPA) bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub.

Aprelin 22-də açıqlanmış 219-səhifəlik hesabatda iddia olunur ki, Azərbaycan keçirdiyi seçkilərə və yol verdiyi bildirilən insan haqları pozuntularına tənqidi minimuma endirməkdən ötrü Assambleyaya aşırı təzyiq göstərib.

«Təhqiqat qurumu müəyyən edib ki, AŞPA-nın bəzi indiki və keçmiş üzvlərinin korrupsiya xarakterli fəaliyyət aparmasına güclü şübhələr var», – sənəddə vurğulanır.

Təhqiqatı Britaniya, Fransa və İsveçdən təqaüddə olan hakimlər aparıblar. Hakimlər Rusiya, Ukrayna və Türkiyə ilə bağlı iddiaların da olmasına baxmayaraq, yalnız Azərbaycanın məsələsini araşdırıblar.

Hesabatda keçmiş italyan deputat L.Volontè -nin adı «korrupsiya xarakterli fəaliyyət»də şübhəli kimi çəkilir. Onun Azərbaycanda siyasi məhbuslarla bağlı hesabata zərbə vurulmasında «vacib rol» oynadığı vurğulanır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Səməd Seyidov isə bu qətnamələri rədd edib, «Azərbaycana qarşı nifrət kampaniyası»nın hədəfinin Bakıyla Avropa Şurası arasında «uçurum» yaratmaq olduğunu deyib.

L.Volontè də istintaqa ifadəsində Azərbaycanla bağlı korrupsiya xarakterli fəaliyyətdə günahlandırılması ilə razılaşmayıb.

XS
SM
MD
LG