Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:24

«XXI əsrin informasiya müharibəsi cəbhəsinə xoş gəlmisiniz!»


Hakerlərin bu dəfə istifadə etdiyi vasitə «xidmətdən imtina» adlanır
Hakerlərin bu dəfə istifadə etdiyi vasitə «xidmətdən imtina» adlanır

«XXI əsrin informasiya müharibəsi cəbhəsinə xoş gəlmisiniz!» «Wall Street Journal» hakerlərin «Azadlıq» radiosuna hücumuyla bağlı belə yazıb.


Keçən həftəsonu hakerlər «Azad Avropa/Azadlıq» radiosunun 8 internet səhifəsinə hücum ediblər. Radionun texniki mütəxəssislərinin dediyinə görə, kiber hücumun miqyası çox genişdir. Əvvəl hədəf tək «Azadlıq» radiosunun Belarus xidmətinin saytı olub. Amma bir az sonra radionun Azərbaycan, Kosovo, Tatar-Başkır, fars, rus, tacik, cənub-slavyan xidmətlərinin də internet səhifələri işləməyib.


Hakerlərin bu dəfə istifadə etdiyi vasitə «xidmətdən imtina» adlanır. Hücumdan sonra «Azadlıq» radiosunun bəzi səhifələri, o cümlədən Azərbaycan xidmətinin saytı açılmayıb. Radionun texnologiya şöbəsinin müdiri Lük Sprinqer deyir ki, bu nəticəni əldə etmək üçün hakerlər saytı bombalayır. Yəni bir saniyədə sayta minlərlə müraciət olur, buna dözməyən sayt isə açılmır.


Radionun prezidenti Ceff Gedmin baş verənlərdən narahat olduğunu deyib. O, bildirib ki, radionun yayımlandığı ölkələrdə mətbuat azad olsaydı, «Azadlıq» radiosuna ehtiyac olmazdı

«Azadlıq» radiosunun səhifəsinə saniyədə 50 min müraciət göndərilib. Bəs bu hücumu necə təşkil ediblər? Ekspert Osman Gündüz deyir ki, bunun üçün, əlbəttə, 50 min hakerə ehtiyac yoxdur, saytları adi proqramlar vasitəsilə də bombalamaq olar.


«Azadlıq» radiosunun saytlarına hücum aprelin 26-da, Belarusda müxalifətin aksiyası keçirilən gün olub. Belarus xidmətinin başçısı deyib ki, həmin gün minlərlə adam radionun aksiyalardan canlı reportaj verəcəyini gözləyirdi. Amma hakerlər radionun işini əngəlləyib. Ekspert Osman Gündüz belə hücum üçün xüsusi hazırlığa ehtiyac olmadığını deyir. Onun sözlərinə görə, saytı bombalayan proqramları asanlıqla əldə etmək mümkündür.


Radionun prezidenti Ceff Gedmin baş verənlərdən narahat olduğunu deyib. O, bildirib ki, radionun yayımlandığı ölkələrdə mətbuat azad olsaydı, «Azadlıq» radiosuna ehtiyac olmazdı: «Belarus, İran kimi ölkələrdə azad informasiya vətəndaş cəmiyyəti üçün oksigen sayılır. Və diktatorlar bu oksigenin qarşısını almaq üçün hər şeyə hazırdırlar».


«Wall Street Journal» da hakerlərin hücumunu diktatorlarla bağlayır. Yazır ki, despotlar informasiya axınından qorxurlar. Yarandığı vaxtdan «Azadlıq» radiosu ilə mübarizə aparan diktatorlar indi yeni vasitələrə, kiber hücumlara əl atırlar. «Amma «Azadlıq» radiosunu keçmişdə də susdurmaq mümkün olmayıb, indi də olmayacaq», - radionun prezidenti Ceff Gedmin belə deyib.


Aprelin 28-dən «Azadlıq» radiosunun saytları bərpa olunub.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG