Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:11

Nobel mükafatı alan həkimlər siçanların genlərini araşdırır


Laureatlara həmişəki kimi qızıl medal, diplom və milyon yarım dollar verəcəklər
Laureatlara həmişəki kimi qızıl medal, diplom və milyon yarım dollar verəcəklər

Bu dəfə Nobel mükafatı alan tibb işçiləri siçanlarda dəyişən genləri araşdıranlardır: amerikalı Mario Kapeççi, Olver Smisiez və britaniyalı Martin Evans. Bu dəstə siçanlarda inkişaf etməmiş şiş hüceyrələrindən istifadə etməklə tədqiqat aparıb.


Karolinska İnstitutu mükafatın laureatlarını elan edəndə bildirib ki, məhz genlərin araşdırılması qocaların fiziologiyası, yaşlanma və bir neçə xəstəliklərdə inkişaf etməkdə olan genlər barədə bilgiləri artırıb. Bu gün Nobel alan tibb işçilərinin texnikası həm də ürək xəstəliklərinin, parkinson, şəkər və xərçəng xəstəliyinin öyrənilməsi üçün istifadə olunur.


Laureatlara həmişəki kimi qızıl medal, diplom və milyon yarım dollar verəcəklər. Budəfəki mükafatı 3 həkim bölüşdürür.


Keçən il Nobel alan tibb işçiləri amerikalı mütəxəssislər-Endrü Fayə, Qreyq Mello idi. Onlarda genetika sahəsində tədqiqatlarına görə Nobelə layiq görülüblər.


Çikaqo Universiteti isə başqa bir araşdırma aparıb. Məlum olub ki, altsqeymer xəstəliyinə, adamın şəxsi xüsusiyyətləri, xasiyyəti səbəb ola bilər. (Altsqeymer əqli zəiflikdir. Bu daha çox yaşlı adamlarda müşahidə olunur).


Çikaqo Universiteti 12 il ərzində minə qədər yaşı 75-i haqlayan adamı müşahidə edib. Tədqiqata başlayanda iştirakçıların heç birində əqli zəiflik müşahidə olunmayıb. Onların nə dərəcədə vicdanlı və məsuliyyətli olduqlarını yoxlamaq üçün suallar verilib: «Mən məqsədimə çatmaq üçün çoxmu çalışmışam?», «Mən elədiyim hər şeyi yaxşı, vaxtında eləməyə çalışırammı?», «Əşyalarımı təmiz, səliqəli saxlayırammı?» kimi suallar qoyulub. Alimlər müəyyənləşdirib ki, suallara müsbət cavab verənlər arasında altsqeymerə tutulanların sayı o birilərdən az qala 90% azdır. Çikaqo Universitetindən Dr.Robert Uilson deyir ki, ola bilər vicdanlı adamların beyninin ön tərəfinin-yəni qərar verən, planlayan beynin aktiv hissələri daha çoxdur. Və beynin bir hissəsinin daha fəal olması başqa hissələrin zəifliyini kompensasiya edə bilər.


Bu araşdırmada yaxşı xəbər odur ki, insan vicdanlı, məsuliyyətli olmağı il keçdikcə öyrənir. Və əgər səbəb doğrudan da xasiyyətdirsə, altsqeymer irsi deyil.


Amma bu Uilsonun araşdırmasıdır. Başqa tədqiqatların nəticələrinə görə altsqeymerə tutulanlar əsəbi adamlar, psixoloji gərginliyə meylli adamlardır. Bəziləri deyirlər ki, tənha adamlarda da bu xəstəliyə meyl ola bilər.


Altsqeymer Assosiasiyasının hesablamalarına görə 2050-ci ilə kimi bu xəstəliyə tutulanların sayı 4 dəfə artacaq, yəni altsqeymerdən təxminən 100 milyon adam əziyyət çəkəcək. Bu isə qocalarının sayına görə seçilən ölkələrə xeyli iqtisadi ziyan vuracaq. Çünki altsqeymer olanlar yaş ötdükcə nə şifahi, nə də yazılı əmrlərə tabe olur, özlərinin qeydinə qala bilmir, ətrafda baş verənlərdən xəbərsiz olurlar.


XS
SM
MD
LG