Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:51

«Sizi vuranlara nə dediniz?» «Dedim ki, görüşərik…»


«Onlara sözüm odur ki, bunu təkrar etməsinlər, mənim hadisəm axırıncı olsun»
«Onlara sözüm odur ki, bunu təkrar etməsinlər, mənim hadisəm axırıncı olsun»

İmzası yetərincə tanınan bu adamı məhz may ayında həmsöhbət seçməyimiz təsadüfü deyil. Həyatında hansı ayların onun üçün əlamətdar olduğunu deyə bilməsək də, may ayını yəqin ki, heç vaxt unutmayacaq. 2006-cı il mayın 19-da bir qrup naməlum şəxsin zorakılığı nəticəsində o, uzun müddət xəstəxanada yatmalı oldu. Ağrıları indi də həmin hadisəni unutmağa imkan vermir. «Azadlıq» radiosunun «Tanınmışlar» verilişinin qonağı «Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevdir.


-İndi qəzetinizin işləri necə gedir?


-İşlər nisbətən qaydasına düşür. Hər bir mətbuat orqanında olan çətinliklər bizim işimizdə də var, amma hər halda çalışırıq ki, işimizi quraq.


-Özünüz necəsiniz?


-İş fəaliyyətinə qayıdandan sonra irəliyə doğru xeyli dəyişiklik var. Görünür ki, «iş insanın cövhəridir» məsəli yox yerdən yaranmayıb.


-Bahəddin bəy, adətən adamın dalaşmaq, döyülmək vaxtı uşaqlıq dövrünə düşür. İnsan yaşa dolduqca başa düşür ki, belə şeylər olmaz. Mənə elə gəlir ki, sizə qarşı ən böyük təzyiq yaşlı vaxtınıza, həyatı anlayan, dərk edən vaxtınıza düşdü. Niyə belə oldu?


-Mən ümumiyyətlə təbiətcə sakit adamam. Elə uşaq vaxtı da məndə davakarlıq, dalaşqanlıq olmayıb. Həmişə barış tərəfdarı olmuşam.


-Amma həmin adamlarla barış yarada bilmədiniz…


-Mən onları görmədim. Bir il ötür. Bir sıra qəzetlərdə bu hadisə döyülmək kimi təqdim edilir. Əslində bu həyata qəsd idi. Bu elə hadisədir ki, unutmaq mümkün deyil. Qəti əminəm ki, bu hadisə mənim peşə fəaliyyətimlə birbaşa bağlıdır.


-İndi necə xatırlayırsınız: hadisə necə baş verdi?


-Qəzetin əməkdaşını evinə ötürüb qayıdırdım. Bir maşın yolumu kəsdi, ikinci maşından bir neçə nəfər çıxdı. Hər şey ani oldu. Mən yalnız yolumu kəsəni aydın şəkildə gördüm. Ancaq danışıqlarından belə başa düşdüm ki, azından 4 nəfərdirlər. Hədələyirdilər, təhqiramiz ifadələr işlədirdilər. Bağırırdılar ki: «niyə yazırsan?», «bu yazmağınla ölkəni düzəldəcəksənmi?», «sənə elə çoxdan cəza vermək istəyirdik».


Mənə həmin vaxta qədər də təzyiqlər olmuşdu. Heç nə mənə təsir etməmişdi...


-Bəs bu necə təsir etdi?


-Bu elə bir hadisədir ki, istər-istəməz insanın həyatına təsir edir. Ancaq, mənim özümün baxışlarıma, fikirlərimə heç bir təsiri olmayıb. Yəni doğru bildiyim şeylərdən məni çəkindirməyib. Hiss etdim ki, həyata ikinci dəfə qayıtmışam. Bir çox şeylərə daha müdrik baxmaq lazımdır. Ömür çox qısadır. Mənim ətrafımda insanlar nə əziyyət çəkdilər mən gördüm.


-Sonra nələri xatırlayırsınız?


-Sonra apardılar bir yerə. Bağ idi deyəsən. Orada çox döydülər. Tələb etdilər ki, «yazma, əgər yazsan sənin ailən üçün də bunlar olacaq». Təzədən oturdular maşına. Mənim əllərim də, gözlərimdə bağlı idi. Sonra yola atdılar, maşınla ayağımın üstündən keçdilər… Sol ayağımda beş yerdə sınıq var. Hətta ayağımın itirilmək təhlükəsi də yaranmışdı.


Mən orada qaldım. Səhərə yaxın mikroavtobus gəldi. MacDermot şirkətinin Sumqayıtdan işləməyə gedən fəhlələri idilər. Onlar mənim gözümü, əlimi açıb su verdilər, polis çağırdılar. Məni xilas etdilər.


-Əli-gözü bağlı sizi aparanda nə düşünürdünüz?


-Fikirləşirdim ki, bu mənim həyatımın sınaq anıdır və buradan şərəflə çıxmaq lazımdır. Yəni sınmamaq lazımdır. Mənim ayağımı sındırdılar, amma əsas insanın özünün sınmamağıdır. Bir də ailəmiz haqqında fikirləşirdim… Onda mənim bacım təzə rəhmətə getmişdi. Onun iki yaşında uşağına mən baxırdım. O da, öz uşaqlarım da gözümün qabağından keçdi. Evdə məndən başqa heç kim işləmir. Fikirləşdim ki, məndən sonra çətin olar onlar üçün. Mən 10 yaşım olanda atamı itirmişdim. İndi təqribən onun dünyadan getdiyi yaşa gəlib çatmışam, amma yenə də elə hesab edirəm ki, mənim bir tərəfim yoxdu. Ona görə məndən sonra uşaqların həyatını düşünmək çox ağır idi.


-Sizi incidən adamlara bir söz dedinizmi?


-Mən onlara dedim ki, görüşərik. Onlarda kinayə ilə mənə dedilər ki, görüşəndə «nə edəcəksən bizə?» Dedim heç nə oturub söhbət edərik, aydınlaşdırarıq, bu hadisə niyə oldu? Biz bir-birimizi tanımırıq, bizim aramızda düşmənçilik də yoxdu. Bəs onda nəyə görə siz mənə qarşı belə düşmənçilik edirsiniz?


O hadisəni törədən adamların təbii ki, böyük günahı, cinayəti var. Amma, onlar icraçılardır, yuxarıda sifarişçilər var. Mən istəyirəm ki, onlar insanlarla bu cür rəftar etməsinlər. Nə isə narazılıq, irad varsa onu aydınlaşdırmaq olar. Zorakılıq cəmiyyətdə bir normaya çevriləndə sonra o həmin adamların qohumlarına qarşı, özlərinə qarşı qayıdır. Cəmiyyətdə həmişə barışa çalışmaq lazımdır ki, insani münasibətlər olsun. Onlara sözüm odur ki, bunu təkrar etməsinlər, mənim hadisəm axırıncı olsun.


XS
SM
MD
LG