Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 12:38

Prezidentə ünvanlanan şikayət məktubları


Müraciətlərin bir hissəsi ölkə başçısına onun regionlara səfərləri zamanı təqdim edilir
Müraciətlərin bir hissəsi ölkə başçısına onun regionlara səfərləri zamanı təqdim edilir

Dövlət başçısına ayda nə qədər şikayət göndərilməsinin dəqiq statistikası haqqında məlumat verilməsə də, Prezidentin İcra Aparatının Sənədlər və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsinin müdiri Süleyman İsmayılov ötən illə müqayisədə şikayət məktublarının azaldığını bildirir. Şöbə müdiri fevralın 9-da «Azərbaycan» qəzetində dərc etdirdiyi məqaləsində şikayətlərin təxminən 27 faiz az olduğunu yazıb. Süleyman İsmayılova görə, müraciətlərin bir hissəsi ölkə başçısına onun regionlara səfərləri zamanı və müxtəlif tədbirlərdə təqdim edilib. Misal üçün, 2005-ci ildə keçirilən belə tədbirlərdə prezidentə 5 mindən çox müraciət təqdim edilib.


Prezidentə ünvanlanan müraciətlərin çoxu ölkənin cənub bölgəsindəndir. Ötən il Prezidentin İcra Aparatına Lənkərandan 527, Lerikdən 510, Astaradan 356, Salyandan 102, Yardımlıdan 85 məktub göndərilib. Süleyman İsmayılov ötən illə müqayisədə vətəndaşların müraciətlərinin azalmasını ilk növbədə ölkənin sosial-iqtisadi problemlərinin həll edilməsi, insanların həyat səviyyəsinin yüksəldilməsi ilə izah edir.


Prezidentə daha çox şikayət göndərən rayonlardan-Salyanda işləyən hüquq müdafiəçisi Emil Məmmədova görə, şikayətlərin sayının azalması heç də vəziyyətin yaxşı olması ilə yox, müraciətlərə baxılmamasıyla bağlıdır. Bundan başqa hüquq müdafiəçisi hesab edir ki, hazırda əksər şikayətçilər prezidentin xanımı Mehriban Əliyevaya üz tutmağa üstünlük verirlər. Onun fikrincə, prezidentə ünvanlanan müraciətlərinin sayının azalması daha çox bu amillə bağlı ola bilər. 1998-ci ildən bir hektar torpaq payını ala bilməyən Salyan sakini Müşfiq İsmayılov da müxtəlif ünvanlara müraciətlərdən nəticə çıxmadığını görüb, sonda Mehriban Əliyevaya müraciət edib: «Mehriban xanıma müraciət etmişik, əgər bu şikayətə baxılmasa onda prezidentə məktub yazacağıq».


Prezident Aparatının rəsmisi Süleyman İsmayılov sayının azalmasına baxmayaraq, müraciətlərin yenə də çox olduğunu etiraf edir. O, müraciətlərin çoxluğunu yerlərdə vətəndaşların laqeydliklə üzləşməsiylə izah edir. Şöbə müdirinin fikrincə, vətəndaşlar yerli dövlət qurumlarında problemlərinin həllinə nail olmadıqlarından, yaxud həmin təşkilatların rəhbərlərinin qəbuluna düşə bilmədiklərindən, xahişləri yerinə yetirilmədiyindən şikayət edirlər.


Bəs şikayətlər daha çox hansı bölgələrdən gəlir? Süleyman İsmayılov 2006-cı ildə daha çox təklif, ərizə və şikayətin Bakının Binəqədi, Yasamal rayonlarından, Şəki, Lerik, Masallı, Gədəbəy, Yardımlı, Şəmkir, Bərdə, İmişli, Astara, Ağcabədi, Xanlar, Tərtər, Sabirabad, Beyləqan, Salyan, Şamaxı və Qazaxdan gəldiyini deyir. Şikayətlər daha çox hüquq-mühafizə orqanlarından, məhkəmələrdən, icra hakimiyyətlərindən, enerji, qaz, su təchizatı idarələrindən, əmək və əhalinin sosial müdafiəsi, təhsil, səhiyyə, bələdiyyə idarələrindən, qaçqınların və məcburi köçkünlərin təminatı məsələləri barədədir.


Əhalinin hər 10 min nəfərinə düşən müraciətlərin sayına gəlincə, Lerik və Yardımlı rayonları birinci və ikinci yerləri bölüşürlər. Naxçıvan Muxtar Respublikasının sakinləri isə prezidentə şikayətlərini Türkiyədən göndərməyə üstünlük verirlər. Bir-neçə gün əvvəl belə müraciət göndərənlərdin biri Sədərək rayon Qarağac kənd məktəbinin riyaziyyat müəllimi Fəxri Qasımzadə deyir ki, Türkiyədən göndərilən müraciətlərə ciddi reaksiya verilir.


XS
SM
MD
LG