Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:45

«Ayna»: «Ali təhsillilərin hərbi xidmət müddəti artırılacaq»


«Ayna» qəzetindəki «Ali təhsillilərin hərbi xidmət müddəti artırılacaq» başlıqlı məqalədə müəllif yazır ki, bu həftənin cümə günü Milli Məclisin «Hərbi qulluqçuların hərbi xidmət keçməsi haqqında» qanuna dəyişiklik etməsi gözlənilir. Parlamentdəki mənbələrdən qəzetə daxil olan məlumata görə, edilmiş dəyişiklikdən sonra ali təhsilli çağırışçıların hərbi xidmət müddəti artırılacaq. Mənbə bununla bağlı qanunvericilik təşəbbüsünün ölkə rəhbərliyi tərəfindən gəldiyini bildirir. Qanunvericilik təşəbbüsü ilə tanış olmuş müsahib bildirir ki, əgər Milli Məclis həmin təşəbbüsü dəstəkləsə və bununla da qanuna müvafiq dəyişiklik edilsə, onda ordu sıralarına çagırılmış ali təhsilli gənclər 12 ay deyil, 18 ay xidmət edəcəklər. «Ayna»ya verilən məlumatlara görə, əgər Milli Məclis sözügedən dəyişikliyi qəbul etsə, onda bu məsələ hazırda hərbi xidmətdə olan ali təhsilli gənclərə də şamil ediləcək.


«Şərq» qəzetindəki «Qa­ra­ba­ğın həl­li pers­pek­tiv­lə­ri çox uzaq­dır» başlıqlı məqalədə bildirilir ki, Er­mə­nis­tan-Azər­bay­can mü­na­qi­şə­si­nin ni­zam­lan­ma­sı ilə bağ­lı 2006-cı il­də sülh sa­zi­şi­nin əl­də olun­ma­sı əv­vəl­cə­dən göz­lə­nil­di­yi ki­mi baş tut­ma­dı. Bax­ma­ya­raq ki, Minsk Qru­pu həm­sədr­lə­ri bu il ər­zin­də tə­rəf­lə­rin bir ara­ya gəl­mə­si və prob­le­min sülh va­ri­an­tı ilə həl­li­nə doğ­ru mü­əy­yən nə­ti­cə­nin əl­də olun­ma­sı üçün səy­lə­ri­ni sə­fər­bər et­miş­di­lər. Ba­kı və Yerevan ara­sın­da apa­rı­lan da­nı­şıq­lar za­ma­nı tə­rəf­lər Dağ­lıq Qa­ra­ba­ğın sta­tu­su mə­sə­lə­sin­də ra­zı­lıq əl­də edə bil­mə­di­lər. Xa­ri­ci İş­lər na­zi­ri El­mar Məm­məd­ya­rov ha­zır­da Er­mə­nis­tan tə­rə­fi­nin vaxt gö­tür­mə­si ilə bağ­lı Ba­kı­da təh­lil­lər apa­rıl­dı­ğı­nı bil­di­rib. Po­li­to­loq Ley­la Əli­ye­va isə he­sab edir ki, Er­mə­nis­tan tə­rə­fi­nin vaxt uzat­ma­sı da­ha çox on­la­rın iş­ğal olun­muş əra­zi­lər­də­ki re­ji­mi le­qal­laş­dır­maq ma­raq­la­rı ilə bağ­lı­dır. Xanım Əliyevanın qə­naə­tin­cə, həm re­gi­on­da baş ve­rən də­yi­şik­lik­lər, həm də mü­na­qi­şə tə­rəf­lə­ri­nin Dağ­lıq Qa­ra­ba­ğın sta­tu­su mə­sə­lə­si ilə bağ­lı öz möv­qe­lə­ri üzə­rin­də is­rar et­mə­si sülh yo­lu ilə prob­le­min həl­li­ni ta­pa­ca­ğı­na olan ümid­lə­ri azal­dır.


«Yeni Azərbaycan» qəzetindəki «Çinin, İranın geyimləri fransız və ingilis malları kimi satılır» başlıqlı məqalədə bildirilir ki, İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamenti bazarlarda və mağazalarda məişət məhsullarının və geyimlərin istehsalındakı qanunsuzluq hallarını aşkar edib. Bakı şəhərinin ticarət mərkəzlərində, yarmarkalarda, topdansatış obyektlərində satılan kişi və qadın geyimlərinin, ayaqqabıların monitorinqini həyata keçirən departament həmin malların etiketlərində saxta mal nişanlarının vurulduğunu təsdiqləyib. Belə ki, Çin və İranın, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin istehsalı olan geyimlərin etiketlərinə Fransanın, İngiltərənin, Almaniyanın, İtaliyanın, İspaniyanın, Türkiyənin tanınmış firmalarının mal nişanları yapışdırılır. Antiinhisar Siyasəti Departamentindən verilən məlumata görə, işbazlar əslində, ucuz qiymətə olan keyfiyyətsiz malları baha satmaq üçün bu metoddan istifadə etməyə çalışırlar.


«Yeni Müsavat» qəzetindəki «Ruşaniyyə Hüseynova niyə mühacirət etdi?» başlıqlı məqalədə «Monitor» jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun xanımı Ruşaniyyə Hüseynovanın Norveçdən siyasi sığınacaq alması şərh olunub. «Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu bu hadisə ilə bağlı fikirlərini müxbirlə bölüşərkən «qalsaydı, daha yaxşı olardı» deyib. Onun sözlərinə görə, Elmar Hüseynovun oğlu Aslanın Azərbaycanda - atasının yurdunda böyüməsi, onun yolunu, əqidəsini davam etdirməsi arzuolunan olardı. Ruşaniyyə Hüseynovanın eyni zamanda, Elmar Hüseynov Fondunun prezidenti olduğunu xatırladan cənab Xuduoğlu qurumun gələcək fəaliyyəti barədə də məlumat verib. Onun sözlərinə görə, mərhum jurnalistin adını daşıyan fond öz fəaliyyətini davam etdirməlidir. Bu barədə R.Hüseynova ilə danışıqlar aparacağını deyən müsahib onun da bu qərarla razılaşacağını düşünür.


XS
SM
MD
LG