Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:02

«Bakı-Xəbər»: «Hakimiyyət Azərbaycanda təhlükəli müxalifət yaradır»


«Bakı-Xəbər» qəzetindəki «Hakimiyyət Azərbaycanda təhlükəli müxalifət yaradır» başlıqlı məqalədə bildirilir ki, prezident seçkiləri yaxınlaşdıqca, mövcud hakimiyyətin müxalifət düşərgəsinə qarşı həyata keçirilən təzyiq kampaniyasının miqyasını artan xətt üzrə inkişaf etdirdiyi də aydın nəzərə çarpır. Məhz bunun nəticəsidir ki, aparıcı müxalifət partiyaları üçün tez-tez süni şəkildə qərargah problemləri yaradılır, müxalif qüvvələrə meylli media orqanlarının fəaliyyəti bu və ya digər üsullarla çətinləşdirilir. Bununla yanaşı, hakimiyyətin rəqiblərinin baş verənlərə etirazını kütləvi aksiyalarla bildirmək cəhdlərini də xeyli dərəcədə məhdudlaşdırdığı diqqətdən yayınmır. Müəllifə görə, elə bunun nəticəsidir ki, indi Bakı meriyası hakimiyyət tərəfindən verilən sifariş əsasında müxalifətçilərin şəhərin mərkəzində keçirmək istədiyi istənilən etiraz aksiyasına «yox» cavabı verir.


«525-ci qəzet» dəki ANS televiziyası və ANS ÇM radiosunun yayımının bərpasından bəhs olunan «ANS qayıtdı» başlıqlı məqalədə bildirilir ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, kanalın tezliyinin satışı ilə bağlı elan edilən müsabiqə ləğv olunmayıb. Başqa sözlə, ANS-in efiri hələ müvəqqəti xarakter daşıyır. Kanalla bağlı son qərar müsabiqə başa çatdıqdan sonra veriləcək. «Biz müsabiqənin nəticələri elan edilənə qədər tezlik boş qalmasın deyə, kanala müvəqqəti efir verməyi qərara aldıq. Ancaq kanalın fəaliyyətinin müvəqqəti bərpası yalnız bununla bağlı deyil», - deyən Nuşirəvan Məhərrəmli bildirib ki, onlar çoxsaylı müraciətləri nəzərə alaraq bu addımı atıblar.


«Yeni Müsavat» qəzetindəki «Tələbələrlə bağlı məhkəmə qərarı dekabrın 21-dək təxirə salındı» başlıqlı məqalədə keçmiş Müstəqil Azərbaycan Universitetinin təhsil hüquqları pozulmuş tələbələrinin Binəqədi Rayon Məhkəməsində iddiasına dünən keçirilən baxış təfərrüatı ilə öz əksini tapıb. Müəllif yazır ki, prosesdən sonra tələbələr Təhsil Nazirliyinə dəvət ediliblər. Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Elnur Məmmədovun sözlərinə görə, nazirliyin İcra Aparatının rəhbəri İlham Pirməmmədov və özəl universitetlər üzrə kurator İlyar Vahabovla görüşüblər. «Nazirlik nümayəndələri bizə yenə də bildirdilər ki, əslində, onların tələbələrin köçürülməsinə heç bir narazılıqları yoxdur. İ.Pirməmmədovun sözlərindən belə çıxdı ki, sadəcə, barışıq protokolu məsələsi qalıb ki, bunu da hazırda Misir Mərdanovun ölkədə olmaması səbəbindən razılaşdıra bilmirlər», - deyə Elnur Məmmədov qeyd edib. O ki qaldı tələbələrin artıq 21 gündür keçirdikləri aksiyaya, müəllif Elnur Məmmədova istinadən yazır ki, tələbələr aclığı davam etdirəcəklər.


«Yeni Azərbaycan» qəzetindəki «İpoteka kreditlərinin qaytarılma müddəti 30 ilədək uzadıla bilər» başlıqlı məqalədə bildirilir ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Azərbaycanda ipoteka bazarının inkişaf etdirilməsi üçün öz dəstəyini artırmaq niyyətindədir. Agentlik Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək layihəsi çərçivəsində ipoteka kreditləşməsinin təkmilləşdirilməsində Azərbaycan İpoteka Fondu ilə anlaşma memorandumu imzalayıb. Dünən Milli Bankda keçirilən İpoteka Fondunun kreditlərinin verilməsi qaydalarına əlavə və dəyişikliklərin edilməsi barədə təkliflərin təqdimat mərasimində Fondun icraçı direktoru Faiq Məmmədov qeyd edib ki, təkliflər birbaşa ipoteka bazarında vətəndaşların iştirakının təmin olunması şəraitinin yaxşılaşdırılmasını və sosial cəhətdən bəzi kateqoriyalara güzəştlərin edilməsini nəzərdə tutur. Təkliflər paketi Nazirlər Kabinetində müzakirə edildikdən sonra Prezident Aparatına göndəriləcək.


XS
SM
MD
LG