Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:05

Prezident: 'İran TIR-larının üzərinə Ermənistan nömrələri vurmağa çalışdılar'


İ.Əliyev
İ.Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibə verib.

Jurnalist ondan Laçın dəhlizində təxribat qruplarının fəaliyyəti barədə şikayəti Moskvaya çatdıranda nə cavab aldıqlarını soruşub.

"Əlbəttə, biz bütün bu hallarla bağlı Rusiyaya öz iradlarımızı bildiririk, haqlı iradlarımızı bildiririk", - o cavab verib.

"Burada ədalətli olmalıyıq…"

Prezidentin deməsinə görə, ancaq təxribat qruplarının ora daxil olması o vaxt olub ki, Rusiya sülhməramlıları hələ ora tam yerləşməyib.

Dövlət başçısının sözlərinə görə, noyabrın 10-da müharibə bitib, ondan sonra bir müddət lazım idi ki, Rusiya sülhməramlıları, 2 minə yaxın əsgər ora yerləşsin: "Orada boşluqlar çox idi. Burada ədalətli olmalıyıq… Ermənilər də bundan istifadə edib bizim işğaldan azad etdiyimiz torpaqlara sızdılar. Amma ümumi olaraq Rusiya sülhməramlılarının fəaliyyəti müsbət qiymətləndirilə bilər...".

"Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir"

İ.Əliyevə İran yük maşınlarının Ermənistana, Xankəndiyə getməsi ilə bağlı görüntülərin ortaya çıxmasına və bu ölkənin Azərbaycan sərhədində təlim keçməsinə dair də sual verilib. Prezident deyib: "Bilirsiniz İran TIR-larının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir".

Dövlət başçısı sonra da deyib: "Bu barədə bizim məlumatımız vardı, ancaq, əlbəttə, indiki kimi dəqiq məlumatımız yox idi. Bunu nəzərə alaraq, müxtəlif kanallar vasitəsi ilə İran tərəfinə narazılığımızı ifadə edirdik. Ancaq bu proses davam edirdi. Müharibə başa çatdıqdan sonra, artıq Laçın dəhlizi bizim gözümüzün önündədir. Bizim hərbi mövqelərimizdən Xankəndiyə gedən yola qədər məsafə bəlkə də 5-6 metrdir".

"Gördük ki, TIR-lar müharibədən sonra da ora getməyə davam edir"

Prezidentin əlavə etməsinə görə, Laçın dəhlizi boyunca, Şuşa ətrafında və digər bölgələrdə yetərli qədər texniki vasitələrə malikdirlər, kameralar var: "Peyk, pilotsuz uçuş aparatlarından istifadə edirik. Biz gördük ki, TIR-lar müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda Prezident Administrasiyasının əməkdaşlarına təlimat verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar, biz bunu rəsmiyyətə salmaq istəmirik. Dostca danışsınlar və söyləsinlər ki, buna son qoyulmalıdır. Bu, bizə qarşı hörmətsizlikdir, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir, buna son qoyulmalıdır. Səhv etmirəmsə, bu söhbət iyul ayında olmuşdu".

İ.Əliyevin sözlərinə görə, ondan sonra bunu izləməyə başlayıblar: "Hər ayın başında bizdə məlumatlar toplanırdı ki, neçə TIR gəldi, neçə TIR çıxdı, nə gətirdi, nə apardı. Onların nömrələrinə qədər bizim bilgilərimiz var, bunlar mətbuatda dərc edilib. Ancaq sonra nə etdilər? İran TIR-larının üzərinə Ermənistan nömrələri vurmağa çalışdılar, belə saxtakarlığa əl atdılar. Bizi aldatmağa çalışdılar. Elə səriştəsiz addım atıldı ki, … Maşının üzərində farsca yazılan çən, aşağıda isə erməni nömrələri".

"11 avqust-11 sentyabr aralığında 60 İran TIR-ı Qarabağa gedib"

Prezident İlham Əliyev qeyd edib ki, belə olan halda bir ay keçdikdən sonra Azərbaycan artıq rəsmi formada diplomatik nota verib: "İranın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edildi. Ona iradlar bildirildi və xahiş olundu ki, buna son qoyulsun. Bu, avqustun ortasında olan məsələdir. Biz ümid edirdik ki, buna son qoyulacaq. Amma buna baxmayaraq, 11 avqust - 11 sentyabr aralığında 60 İran TIR-ı qanunsuz olaraq Qarabağa hərəkət edib".

Prezident deyib ki, bunun qarşısını almaq üçün artıq praktik addımlara keçilib: "Birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar. Gömrük, sərhəd, polis. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən TIR-ların sayı sıfıra düşdü".

Prezident sonda da deyib: "Bəziləri deyirlər ki, İran TIR-larından rüsum götürülür. Biz indi xarici ölkəyə gedəndə rüsum ödəyirikmi? Ödəyirik. Onlar da Azərbaycan ərazisindən istifadə edirlərsə, rüsum ödəməlidirlər".

İ.Əliyev deyib ki, Azərbaycan sərhədinin yaxınlığında hərbi təlimlərin keçirilməsi təəccüb doğuran bir məsələdir. Prezidentin vurğulamasına görə, Azərbaycanın 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdı...

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Son həftələr isə Gorus-Qafan yolunda (Bu yolun 21 kilometri Azərbaycandan keçir) İran yük maşınlarının saxlanması və onlardan gömrük rüsumunun alınması ilə bağlı açıqlamalar olmuşdu. Elə bundan sonra da İranın hərbi qüvvələrinin Azərbaycan sərhədində hərbi təlimlər keçməsinə dair məlumatlar da yayıldı.

XS
SM
MD
LG