Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:10

Rusiyada yoluxmalarda kəskin artım


Moskvada dəmiryolu stansiyası dezinfeksiya olunur, 11 iyun, 2021-ci il
Moskvada dəmiryolu stansiyası dezinfeksiya olunur, 11 iyun, 2021-ci il

“Interfax” iyunun 12-də Rusiya Prezidenti Vladimir Putinə istinadla yazıb ki, 18 milyon rusiyalı artıq COVID-19-a qarşı peyvənd olunub

İyunun 13-də Rusiyada COVID-19-a yeni yoluxmalarda daha bir kəskin artım qeydə alınıb. Moskvanın meri paytaxt sakinlərini virusun yayılmasını önləməkdən ötrü bu həftə evdən işləməyə çağırıb.

Fevralın 13-dən bəri ilk dəfə olaraq ölkə üzrə 14 min 723 yoluxma qeydə alınıb. Onların 7 min 704-ü Moskvanın payına düşüb. Bu, paytaxtda dekabrın 24-dən aşkarlanan ən böyük gündəlik yoluxma sayıdır.

Ölkə üzrə koronavirusdan 357 nəfərin öldüyü bildirilir. Pandemiya qurbanlarının ümumi sayı isə 126 min 430-a çatıb.

Federal statistika agentliyinin apardığı ayrıca hesablamaya görə, 2020-ci ilin aprelindən 2021-ci ilin aprelinədək Rusiyada COVID-19-la əlaqəli 270 minədək ölüm qeydə alınıb.

Çarpayı ehtiyatı

“Hazırda xəstəxanaya yerləşdirilən gənclərin arasında artım müşahidə edirik. Bu say gün-gündən artır”, – Moskvadakı Sergey Spasokukotski Klinik Xəstəxanasının baş həkimi Aleksey Poqonin iyunun 13-də jurnalistlərə deyib. “Çarpayı ehtiyatımız uzun müddətə çatışmaya bilər”, – o, sözlərinə əlavə edib.

Moskva merinin sosial inkişaf üzrə müavini Anastasiya Rakova iyunun 12-də bildirib ki, şəhər xəstəxanalarında koronavirus xəstələri üçün nəzərdə tutulmuş çarpayıların 78 faizə qədəri tutulub.

Moskvanın meri Sergey Sobyanin restoranların, barlar, digər oxşar məkanların azı iyunun 20-dək gecə 11-dən sonra açıq olmayacağını söyləyib.

Bundan başqa, ictimai nəqliyyat və digər ictimai yerlərdə maska, əlcək taxmaq qaydaları sərtləşdirilir, qaydanı pozanları 5 min rubladək (70 dollar) cərimə gözləyir.

Paytaxt sakinlərinin təxminən yarısında...

Sobyanin deyib ki, Moskva hakimiyyəti “pandemiyanın yazdakı pik həddinin ötən ilki kimi, aprel-may aylarında azalacağını gözləyirdi”, amma indi bu tendensiyanın “iyun-iyul aylarına keçdiyini görürük”.

Sobyanin hazırda Moskva sakinlərinin təxminən yarısında ya yoluxma, ya da vaksinasiya nəticəsində virusa qarşı immunitetin müəyyən səviyyəsinin yarandığını söyləyib. Amma bu rəqəmin mənbəyi bəlli deyil.

“Interfax” iyunun 12-də Rusiya Prezidenti Vladimir Putinə istinadla yazıb ki, 18 milyon rusiyalı artıq COVID-19-a qarşı peyvənd olunub.

Rusiya əhalisinin sayı 144 milyona yaxındır.

Rusiya ötən avqustun sonunda dünyada ilk olaraq koronavirusa qarşı Sputnik V vaksinini təsdiqləyib. Amma o vaxtdan vaksinasiya elə də sürətlə getməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG