Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:44

Fransada karantin qüvvəyə minir


Serbiyada səyyar xəstəxana
Serbiyada səyyar xəstəxana

Prezident Emmanuel Makron oktyabrın 28-də bu tədbirləri səhiyyə sisteminin yükünü azaltmaq niyyəti ilə izah edib

Oktyabrın 29-dan Fransada barlar, restoranlar və həyati əhəmiyyət daşımayan şirkətlər bağlanıb. Ölkə COVID-19 yoluxmalarını səngitmək üçün ikinci dəfədir karantin tədbirlərinə əl atıb.

Prezident Emmanuel Makron oktyabrın 28-də bu tədbirləri səhiyyə sisteminin yükünü azaltmaq niyyəti ilə izah edib. Fransada günə onminlərlə yeni yoluxma halı qeydə alınır.

“Avropanın digər yerlərində olduğu kimi, biz də ikinci dalğayla üzləşmişik və bu, birincidən daha çətin və ölümcül ola bilər”, – Makron deyib.

Almaniya qismən karantinə keçir

Əhaliyə səyahətdən çəkinmək, mümkün qədər evdə qalmaq göstərişi verilib. Zavodlar, fermer təsərrüfatları işləyəcək, amma digər işçilərdən əsasən evdən işləmək xahiş olunacaq.

Yazdakı iki aylıq karantindən fərqli olaraq bu dəfə orta məktəblər işini davam etdirə bilər. Universitetlər artıq onlayn tədrisə keçib.

Almaniya Kansleri Angela Merkel də dörd həftəlik qismən karantin elan edib.

“İndi tədbir görməliyik”, – deyən Merkel vəziyyəti “çox ağır” dəyərləndirib.

Noyabrın 2-dən bütün barlar, restoranlar, əyləncə mərkəzləri, konsert zalları, teatrlar və gimnaziyalar bağlanır. Mağazaların sərt sosial məsafə qaydalarına əməl etməklə açıq qalmasına icazə verilir. Bir çox yerlərdə isə məktəblərin açıq saxlanacağı gözlənir.

Almaniyadan son 24 saat ərzində 17 minə yaxın yeni yoluxma halı qeydə alınıb ki, bu da ötən həftəki rəqəmlərdən iki dəfədən də çoxdur.

Maliyyə bazarlarında itki

Avropa ölkələrində yoluxma halları mart və apreldəki səviyyəni də aşır, xəstəxanalar və reanimasiya şöbələri dolur.

Artıq bu tədbirlər maliyyə bazarlarına təsirini göstərib.

Birləşmiş Ştatlarda isə yeni karantin sarıdan narahatlıq səhmlərin ucuzlaşmasına səbəb olub. Ticarət Departamentinin isə oktyabrın 29-da üçüncü rüblə bağlı yaxşı xəbər yayacağı gözlənir. İkinci rübdəki geriləmədən sonra iyul-sentyabr üzrə 30-35 faizlik artım barədə açıqlama verilə bilər.

İqtisadçıların yanaşmasına görə, bu artım hökumətdən yardım almış istehlakçıların xərcləmələri ilə bağlıdır. Onların fikrincə, hətta 30-35 faizlik artım belə ABŞ iqtisadiyyatını pandemiyanın yaratdığı çuxurdan çıxarmağa yetərli deyil.

Oktyabrın 28-də ABŞ-da 73 mindən çox yoluxma və minədək ölüm halı qeydə alınıb.

Hazırda dünyada 44.5 milyon nəfərin koronavirusa yoluxduğu təsdiqlənib, 1.1 milyondan çox xəstə vəfat edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG