Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Sentyabr, bazar, Bakı vaxtı 04:20

AB liderləri stimul paketini müzakirə edirlər


İtaliya, arxiv fotosu

İyunun 19-da Avropa Birliyi liderləri bir araya gələrək koronavirus pandemiyasından ziyan görmüş birlik iqtisadiyyatlarını dirçəltməyi hədəfləyən stimul paketini müzakirə edəcəklər.

AB-nin 27 hökumət başçısı videokonfransa qatılacaq, blok iqtisadiyyatının bərpasını götür-qoy edəcəklər. AB-də pandemiyadan 100 mindən çox insan həyatını itirib, indiyədək görünməmiş iqtisadi böhranla üzləşib.

Planın daha da yubadılmasının ictimai etimadı sarsıdacağıyla bağlı narahatlıq var.

1,1 trilyon avroluq birgə büdcə

Liderlər AB-nin 2021-27-ci illər üçün 1 trilyon avroluq (1,1 trilyon dollar) birgə büdcəsini müzakirə edəcəklər. Əlavə bərpa fonduna isə borcla 750 milyard avro yığılması təklif olunur.

Yardım İtaliya və İspaniya kimi pandemiyadan böyük ziyan çəkmiş ölkələr arasında paylanmalıdır. Ancaq ümumi razılığa gəlinməsi üçün bir sıra ziddiyyətlər yoluna qoyulmalıdır.

Almaniyanın kansleri Angela Merkel pandemiyanı Avropanın 2-ci Dünya müharibəsindən bəri üzləşdiyi ən pis böhran adlandırır. Onun fikrincə, AB çoxillik büdcə və bərpa fonduyla bağlı təcili razılığa gəlməlidir.

“Pandemiya Avropa layihəsinin necə kövrək olduğunu üzə çıxardı”, – Merkel Berlində parlamentdə çıxış edərkən deyib.

Bugünkü toplantı birgə iqtisadi xilasa doğru ilk addım hesab oluna bilər. Mühafizəkar şimal ölkələri ilə yüksək borc içində olan cənublular arasında maliyyə baxımından fikir ayrılığı var.

Problemlər məngənəsində sıxılan cənub ölkələri mümkün qədər tez, qrant formasında, makroiqtisadi islahat tələbləri qoyulmadan nağd pul istəyir. Qənaətcil və ehtiyatlı şimal ancaq şərtlərlə kredit ayırmağa çalışır. Şərq ölkələri isə cənuba həddən artıq pulun yönləndirildiyini düşünür.

XS
SM
MD
LG