Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:55

'Məhsul torpaqdan çıxandan sonra gəlib qiyməti diktə edirlər'-Media icmalı


Əli Əhmədovun iradına satıcıların cavabı
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

Əli Əhmədovun iradına satıcıların cavabı

«Aqrar sığorta haqqında» Qanunun qəbulu, bazarlarda qiymət artımına təsir edən amillər, dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinə aid yoxlamalar və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Bizim kifayət qədər bazar iştirakçıları var»

«Yeni Müsavat» qəzetində «Meyvə-tərəvəzin qiymətini necə endirmək olar - təklif» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, bugünlərdə baş nazirin müavini Əli Əhmədovla kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda kənd təsərrüfatı yarmarkası, «Yaşıl bazar» və paytaxtdakı supermarketlərdən birinə baxış keçiriblər. Müəllifin qeyd etməsinə görə, baş nazir satıcıların birindən kartofun qiymətini soruşub: «Satıcıdan «iki manat» eşidincə Ə.Əhmədov qiymətin baha olduğunu deyib: «Yayın ortasında iki manata kartof olmaz, bahadır, çox bahadır. Qiyməti endirmək lazımdır»».

Yazıda daha sonra da sual edilir: «Bəs görəsən, bazarda hazırda kartofun və digər kənd təsərrüfatı məhsullarının qiyməti necə dəyişir? Yüksək qiymətlərin səbəbləri nədir?».

İqtisadçı ekspert Nicat Nəsirli bildirib ki, «Yaşıl bazar»da olan qiymətlər bütün ölkə üzrə qiymətləri tam ifadə etmir: ««Yaşıl bazar» hələ sovet dövründən ən bahalı bazarlardan biri olub...».

İqtisadçi qeyd edib ki, əslində, məhsul fermerdən ucuz alınır: «Səbəb odur ki, bizim kifayət qədər bazar iştirakçıları var və müxtəlif mövsümlərdə torpaq əkilərkən gedib «sahənin başını bağlayırlar», yəni müəyyən məbləğdə avansı verərək məhsulu öncədən satın alırlar. Nəticədə fermerin onlardan iqtisadi asılılığı yaranır. Məhsul torpaqdan çıxandan sonra gəlib qiyməti diktə edirlər ki, mənim səndə pulum var və filan qiymətə mənə satmalısan. Fermerin bazara çıxış imkanları kifayət qədər olmadığına görə məhsul sahədə kütləvi olaraq yetişəndə əsasən də tez xarab olan məhsulları alverçiyə istənilən qiymətə verməyə məcburdur. Hər iki halda zərbə fermerə dəyir...».

DGK
DGK

DGK-da yoxlamalar

Marja.az «Dövlət Gömrük Komitəsinin 2 idarəsində böyük yeyinti – sənədlər DTX-yə göndərilib» sərlövhəli yazı yer alır.

Yazıda qeyd edilir ki, 2019-cu ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsində yoxlama aparıb. Saytın məlumatına görə, yoxlama Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məktubu və Xidmətin İstintaq Baş İdarəsinin qərarı əsasında aparılıb. Yazıda qeyd edildiyinə görə, orada dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanıb: «Yoxlama nəticəsində 2 milyon 27 min 800 manat artıq və əsassız ödənişlər aşkar edilib. Artıq və əsassız ödənişlərin təqsirkar şəxslər hesabına büdcəyə bərpası təmin edilməyib. Dövlət Maliyyə Nəzarəti Xidməti sənədləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə göndərib».

Yazıda habelə bildirilir ki, Dövlət Maliyyə Nəzarəti Xidməti Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində də yoxlama aparıb: «Yoxlama nəticəsində 3 milyon 281 min 270 manat artıq və əsassız ödənişlər aşkar edilib. Artıq və əsassız ödənişlərin təqsirkar şəxslər hesabına büdcəyə bərpası təmin olunub və sənədlər... Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib».

Hələlik, yazıda deyilənlərə Dövlət Gömrük Komitəsindən münasibət almaq mümkün olmayıb.

Traktor
Traktor

Fermerlərə dəstək

«Azərbaycan» qəzetində «Dövlətdən fermerlərə növbəti güclü dəstək» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, «Aqrar sığorta haqqında» qanunun qəbulu və Aqrar Sığorta Fondunun yaradılması ölkənin kənd təsərrüfatının sürətli inkişafını, islahatların dərinləşməsini təmin edən ciddi addımlardır. Yazıda vurğulandığına görə, bu iki sənəd yeni aqrar sığorta münasibətlərinin işlənilib tətbiq edilməsini nəzərdə tutur: «Bununla ölkədə kənd təsərrüfatının inkişafı yeni mərhələyə qədəm qoyur və bu mərhələ fermerlərin risklərdən qorunmasının dünyanın ən mütərəqqi təcrübəsi əsasında təşkil edilməsi ilə başlayır».

Müəllifin fikrincə, sirr deyil ki, indiyəcən Azərbaycanda aqrar sektorda sığortaya nə müvafiq qurumlar ciddi maraq göstərib, nə də fermerlər risklərin aradan qaldırılması ilə bağlı yeniliklərə can atıblar. Yazıda qeyd edildiyinə görə, ən böyük problem isə kiçik pay torpaq sahiblərinin və fermerlərin böyük əksəriyyətinin sığorta sistemi, onun üstünlükləri haqqında təsəvvürə malik olmamalarıdır: «Tanıdığımız fermerlərin bir çoxu təbii fəlakətlərdən azı bir neçə dəfə ziyana düşüb, amma heç kimin ağlına gəlməyib ki, məhsullarını ziyandan sığortalasınlar».

Müəllif hesab edir ki, yeni qəbul olunan «Aqrar sığorta haqqında» qanun məhz belə boşluqları aradan götürmək üçün dövlətin atdığı mühüm addımdır: «Qanunda aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması, fermerlərlə sığorta şirkətləri arasında münasibətlərin tənzimlənməsi, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsasları müəyyən olunur. Qanun aqrar sığorta sahəsində dövlətin vəzifələrini də müəyyənləşdirir. Bura aqrar sığorta risklərinin müəyyənləşdirilməsi, sığorta sahəsində dövlət siyasətinin istiqamətlərinin təyin edilməsi,... və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi aiddir».

XS
SM
MD
LG