Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:50

Sement və daş bahalaşıb-Media icmalı


Mişar daşı
Mişar daşı

«Azəri-Çıraq-Günəşli» yataqlar blokunun əhəmiyyəti, tikinti bazarında bahalaşma, məcburi köçkünlərin yataqxanalarındakı yanğınlar və başqa məsələlər medianın toxunduğu mövzulardandır...

Tikinti bazarında bahalaşma

«Yeni Müsavat» qəzetində «Sement və kubik bahalaşıb-səbəb» sərlövhəli yazı oxumaq olar.

Yazıda başlığa çıxarılan mövzu iqtisadçı Natiq Cəfərli ilə müzakirə edilib.

Müəllif qeyd edir ki, «tikintinin çörəyi» adlandırılan sementin qiymətində artımın baş verməsi insanların narazılığına səbəb olub: «...Sementinin bir kisəsinin qiyməti 6 manat 80 qəpik və daha yüksək məbləğə satılır. Bölgələrdə qeyd etdiyimiz sementin 400 markasının 1 kisəsi 7 manat 50 qəpikdir. 300 marka sement isə bundan təxminən 50-60 qəpik ucuz qiymətə satılır. Əgər zavodun özündən birbaşa sement alırsansa, daşınma xərci də daxil, 300 marka sementin qiyməti 6 manat 30 qəpik, 400 marka sement isə 6 manat 90 qəpiyə satılır».

Müəllifin bildirməsinə görə, son zamanlar mişar daşının da qiyməti bahalaşıb. Yazıda qeyd edilib ki, Qaradağ daşının qiyməti 45-50 qəpik arasında dəyişir, Güzdək daşının qiyməti isə 35 qəpikdir.

Daş satıcılarının bildirməsinə görə, son zamanlar daş karxanalarının bağlanması bazarda qıtlığa və qiymətlərdə artıma səbəb olub.

Yazıda o da vurğulanıb ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi daş karxanaları ilə bağlı 7 cinayət işi başlayıb.

«Yeni Müsavat»a danışan iqtisadçı N.Cəfərli bildirib ki, sement ölkədə istehsal olunsa da, xammalın bir qismi xaricdən gətirilir: «Sementin bahalaşmasında ikinci səbəb sənədləşmə ilə bağlı ola bilər... Qiymətin artmasının səbəbləri ciddi şəkildə araşdırılmalıdır».

Ekspert karxanalarla bağlı ekoloji tədbirlərin də qiymətlərə təsirini istisna etmir və havanın çirklənməsinin qarşısını almaqdan ötrü yeni avadanlıqların tətbiqinin də əlavə xərclər yaratdığını bildirir: «Lakin bütün bunlar vətəndaşın ziyanına olmalı deyil. Əgər yerli istehsalçılar qiyməti saxlamaqda çətinlik çəkirlərsə,... xarici istehsalçıların bazara daxil olmasının daha yumşaq formalarını tapıb, qiyməti tənzimləmək mümkündür».

Köçkün yataqxanalarında yanğınlar

Modern.az saytında «Köçkün yataqxanalarındakı silsilə yanğınlar ciddi siqnaldan xəbər verir- hüquqşünas rəyi» sərlövhəli yazı diqqət cəlb edir.

Müəllif son zamanlar köçkünlər məskunlaşan yataqxanalarda tez-tez yanğınlar baş verməsinin səbəbləri barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindəki İctimai şurasının üzvü, hüquqşünas Əliməmməd Nuriyevlə söhbətləşib.

Yazıda bildirir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ekspertiza nəticələrinə əsaslanaraq, martın 6-da Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşən yataqxanada 2 nəfərin ölümü ilə nəticələnmiş yanğının qəsdən törədildiyini açıqlayıb.

Komitə sədri bu açıqlamanı aprelin 10-da «Azərsutikinti» Xəstəxanasının məcburi köçkünlər yerləşən korpusunda baş vermiş yanğından sonra hadisə yerində verib.

Ə.Nuriyev isə bunları bildirib: «Komitə sədrinin açıqlamasına çox ciddi yanaşmaq lazımdır. Məcburi köçkünlərin məskunlaşdığı yerlərdə tez-tez yanğının baş verməsi araşdırılmalıdır. Rövşən Rzayevin açıqlaması da göstərir ki, martın 6-da baş verən yanğın qəsdən törədilib».

Ə.Nuriyev həmçinin qeyd edib ki, yanğının qəsdən törədilməsindən ötrü bir neçə səbəb əsas göstərilir: «Qəsdən yandırma zamanı məcburi köçkünlərin əsasları da olur. Bir çoxları hesab edir ki, yanğından sonra kompensasiya alacaqlar, diqqət mərkəzində olacaqlar, daha yaxşı şəraitli yerə köçürüləcəklər. Yaxud, ola bilər kimlərinsə həmin yerə gözü düşüb, qəsdən yanğın törədir ki, məcburi köçkünləri oradan köçürsünlər və s.».

Amma məcburi köçkünlər AzadlıqRadiosuna açıqlamalarında yanğınlarda onların əlinin olması haqqında versiyaları qəti inkar ediblər. Onlar deyirlər ki, «heç kim balası olan yeri yandırmaz».

«Əsrin müqaviləsi»nin imzalanması - 20 sentyabr 1994
«Əsrin müqaviləsi»nin imzalanması - 20 sentyabr 1994

«Yeni əsrin müqaviləsi»

«Azərbaycan» qəzetində «Səmərəsi əsrlərə bərabər 25 yaşlı saziş» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, sentyabrın 20-də «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlarının tammiqyaslı işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasının 25 ili tamam olacaq. Yazıda vurğulanıb ki, bu, «Əsrin müqaviləsi» adını almış mühüm kontraktın, keçmiş prezident Heydər Əliyevin yeni neft strategiyasının 25 illik yubileyi deməkdir: «Ötən illər ərzində saziş özünü doğrultmuş, Azərbaycanın iqtisadi inkişafına böyük töhfə vermişdir. Bu, eyni zamanda, təkcə ölkəmizə deyil, bütün regiona, tərəfdaşlara və əlaqədar tərəflərə böyük mənfəətlər gətirmiş bir sazişdir».

Yazıda qeyd edilib ki, hazırda AÇG-də 2 texnoloji və 6 hasilat platforması fəaliyyət göstərir. Müəllif habelə vurğulayıb ki, kompleksdən neftin və səmt qazının çıxarılması ahəngdar davam edir: «Azərbaycan Respublikası Dövlət Neft Fondunun məlumatına görə, AÇG üzrə əldə olunan ümumi gəlirlər 2001-ci ildən 2019-cu il yanvarın 1-dək 138 milyard 206 milyon ABŞ dollar təşkil edib. Keçən il AÇG-nin gəlirləri 9 milyard 720 milyon dollar olub. O cümlədən «Şahdəniz» kondensatının satışından il ərzində 245 milyon dollar gəlir əldə edilib».

Yazının sonuna yaxın da bildirilir ki, AÇG layihəsinin müddəti 2049-cu ilin sonunadək uzadılıb, «Yeni əsrin müqaviləsi» adlandırılan sazişin imzalanmasından sonrakı 32 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması nəzərdə tutulub: «Beləliklə, «Əsrin müqaviləsi»nin və «Yeni əsrin müqaviləsi»nin mənbəyi olan AÇG-nin salnaməsi uğurla davam edir».

XS
SM
MD
LG