Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:11

'Neftin bahalaşmasının səbəbləri'-Media icmalı


Neftin qiyməti

İçməli su ehtiyatlarının tükənməsi, əhaliyə qaz verilməsindəki fasilələrin səbəbləri, neftin bahalaşmasının mümkün təsirləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Qara qızıl»da qiymət artımımın mümkün təsirləri

«Yeni Müsavat» qəzetində «Neftin qiymətinin 60-70 dollar arasında olması daha məqbuldur» sərlövhəli yazı oxumaq olar.

Yazıda dünya bazarında neftin qiymətləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanla müzakirə edilib.

Müəllif bildirir ki, Fransanın neft şirkəti olan «Total»ın rəhbəri Patrik Piyanne «qara qızıl»ın bazar qiymətinin 100 dollara çata biləcəyini söyləyib. Yazıda vurğulandığına görə, «Total» şirkəti rəhbəri bunun heç də yaxşı hal olmadığını qeyd edib: «Mən bunun dünya iqtisadiyyatı, elə neft sənayesi üçün də yaxşı xəbər olduğuna əmin deyiləm. Bu gün dünyada baş verən hadisələrdə neftin qiymətinə təsir edən bir neçə mühüm element var ki, onlar təklif çatışmazlığı, çatdırılmadakı fasilələrdir».

İ.Şaban da hesab edir ki, neftin qiymətinin 100 dollaradək yüksəlməsi heç də müsbət hal deyil: «Bu barədə «Total» prezidentinin dedikləri ciddi maraq doğurur. O, haqlı olaraq qeyd edir ki, baha qiymət tələbatın azalmasına, həmçinin dünya ölkələrinin alternativ enerjiyə keçidlə bağlı fəaliyyətlərinin artmasına gətirib çıxaracaq. O cümlədən də dünya iqtisadiyyatında neftə olan tələbat azalacaq. Buna görə də qiymətin 60-70 dollar arasında olması daha məqbuldur».

İ.Şabanın sözlərinə görə, qiymətə təsir edən əsas amillər İran neftinin bazardan çıxması, Venesuelada hasilatın azalmasıdır.

Qaz sobası
Qaz sobası

«Əhalinin hesabına qaza qənaət»

«Novoye Vremya» qəzetində «Hər şey müqayisədə dərk edilir. Daim qaz verilməsinin dayandırılması aysberqin ancaq görünən tərəfidir» sərlövhəli yazı yer alır.

Yazıda ölkə əhalisinin qazla təminatı iqtisadçı Natiq Cəfərli ilə təhlil edilib.

Müəllifin yazmasına görə, əhaliyə qaz verilməsində fasilələr yaranması gündəlik təcrübəyə dönüb. Yazıda vurğulanır ki, çox zaman qaz operatorları bu fasilələri xətlərdəki təmirlərlə izah edirlər, istehlakçılar isə qaz verilməsində həddən artıq çox fasilə yaranmasından şikayətçidirlər.

Yazıda daha sonra mövzuya aid konkret misallar göstərilir. Müəllif qeyd edib ki, Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsinə 15 gün qaz verilməyib. Başqa bir misal olaraq, Nizami rayonu, Qara Qarayev küçəsi göstərilir.

İqtisadçı N.Cəfərli isə deyib ki, bu məsələdə yaranan vaxtaşırı fasilələrin səbəbi qaz qıtlığı ilə bağlıdır: «Bu problemi həm də əhaliyə ayrılan daxili qaz istehlakı həcminin çoxsaylı istilik təsərrüfatlarına və başqa biznes qurumlarına verilməsi yaradır. Amma əsas səbəb artan qaz qıtlığıdır. Belə ki, hasilat azalır, ixrac və elektrik enerjisi üçün yeni mənbələr lazımdır. Məntiqi şəkildə qənaətin də əhalinin hesabına baş verdiyini düşünmək olar».

N.Cəfərlinin deməsinə görə, həm daxildə, həm də ixracda tələbat artıb...

Su
Su

Su və həyat

«Azərbaycan» qəzetində «Su - hər damlasında həyat var» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, XX əsrdə elm və texnikanın hədsiz inkişafı, təbiətin həddən artıq istismara məruz qoyulması müxtəlif ölçülərdə insanların özünə ziyan vurur: «Alimlər sübut ediblər ki, qlobal istiləşmə insan fəaliyyətinin nəticəsidir. Bu gün bunun ziyanını çəkirik. Gələcək illərdə belə fəsadların nə səviyyədə olacağını indidən təsəvvür etmək mümkündür. Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, fəlsəfə elmləri doktoru Əziz Əbdüləziz deyir ki, dünyadakı qlobal problemlərdən biri də su çatışmazlığıdır».

Müəllif BMT-nin su resurslarının qiymətləndirilməsi üzrə ümumdünya proqramının məlumatına istinadən qeyd edir ki, 2010-cu ildə dünyada şirin su qıtlığı artaraq 225-230 milyard kubmetr təşkil edib. 2025-ci ildə isə bu rəqəmin 6-9 dəfə artaraq 1.3-2 trilyon kubmetrə çatmaq ehtimalı var.

Müəllif ekspertlərə istinadən vurğulayır ki, şirin su qıtlığı dünyada yeni münaqişələrə gətirib çıxara bilər.

Yazıda Azərbaycandakı vəziyyətə də toxunulur: «Azərbaycan arid zonada yerləşir. Odur ki, su ehtiyatları olduqca məhduddur. Yerüstü su ehtiyatları 32.2 milyard kubmetrdir. Quraqlıq illərdə bu, 22.6 milyard kubmetrə qədər azalır. Yeraltı su ehtiyatları isə 5.2 milyard kubmetrdir. Onu da qeyd edək ki, Azərbaycanın yerüstü su ehtiyatlarının 70 faizi ölkə hüdudlarından kənarda formalaşır. Hazırda ölkə üzrə orta illik su çatışmazlığı 3.7, az sulu illərdə 4.75 kubkilometrdir».

Müəllif daha sonra da yazıb: «Azərbaycanda mövcud şərait diqqətdə saxlanılır. Əhalini və əkin sahələrini keyfiyyətli su ilə təmin etmək üçün müvafiq tədbirlər görülür».

XS
SM
MD
LG