Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:11

'Qatarların tarifləri artır, bəs xidmət necə olacaq?' - Media icmalı


Supermarket

İyulun 25-də Bizimyol.info-da oxuyuruq: «Qida Təhlükəsizliyi Agentliyi (QTA) prezidentin istəklərini doğrultmadı».

Qəzetin yazdığına görə, Şabran sakininin rayondakı marketlərin birindən aldığı iridənəli «Patron» günəbaxan tumunun içindən it nəcisi çıxıb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə deyir ki, artıq ərzaq məhsullarının içindən çıxan «biabırçı» əşyaların kolleksiyasını hazırlayıb: «Məsələn, çörəyin içində bolt, qəndin içində tel, hətta peraşkinin içindən diş qutusunun çıxması və s. Ərzaq məhsulunun içinə kənar cisim düşürsə, bu o deməkdir ki, orada heç bir sanitariya normalarına əməl olunmur».

AİB sədrinin sözlərinə görə, tum satan şirkətlərin keçirdiyi müxtəlif uduş kampaniyaları tamamilə saxtadır və indiyə kimi kiminsə hədiyyə qazanması haqqında heç bir məlumat almayıblar.

«Tumun içindən kənar cisim çıxdığı üçün isə QTA qarşısında məsələ qaldırılmalı, monitorinq aparılmalı, orada heç bir sanitar-gigiyenik normalara əməl edilməməsi aşkar olunmalıdır», - E.Hüseynov söyləyir.

Qida Təhlükəsizlik Agentliyinin fəaliyyətini dəyərləndirən AİB sədri iddia edir ki, Agentlik bu sahədə prezidentin istəklərini doğrultmayıb və fəaliyyətini bürokratiya üzərində qurub: «Çox təəssüflər olsun ki, uzun illərdir Azərbaycanda bu problemlər yaşanır. Agentlik yaranarkən cəld müdaxilə üsulunun mövcud olacağına inanırdıq və düşünürdük ki, təhlükəli mal satılan zaman qurum müdaxilə edərək bunun qarşısını alacaq. Çox təəssüf ki, bu agentlik cənab prezidentin istəklərini doğrultmadı. Onlar köhnə və tapdalanmış bürokratik yollarla gedirlər».

Bakı-Sumqayıt qatarı
Bakı-Sumqayıt qatarı

Biletlərin 10% bahalaşması belə…

«Novoye Vremya» qəzeti sual edir: «Qatarların tarifləri artır, bəs xidmət necə olacaq?».

Qəzet «Azərbaycan Dəmir Yolları» QSC-nin iyulun 27-dən daxili sərnişindaşımalarda qiymətləri 10% bahalaşdırdığını yazır. Ancaq bu da qeyd edilir ki, yeni tariflər elan olunmasa da, artıq indidən biletlər yeni qiymətlə satılır.

Qurum bahalaşmanın plaskart, kupe və xüsusi vaqonlarda sadəcə, aşağı yerlərə aid olduğunu bildirsə də, qəzet buna inanmır, bahalaşmanın bütün alt-üst yerləri əhatə edəcəyini yazır.

Məqalədə deyilir ki, düşündürücü olan aşağı və ya yuxarı yerlərin bahalaşmasından daha çox QSC-nin bu bahalaşdırımanı əsaslandırmaq üçün gətirdiyi arqumentlərdir: «Yayın qızğın çağında təkcə aşağı yerlərə yox, bütünlükdə biletə tələbat artır. Amma bu heç də o demək deyil ki, bütün məsələləri bu üsulla həll etmək olar. Çıxış yollarından biri qatarda vaqonların sayının artırılması ilə sərnişin sayının çoxaldılmasıdır».

«Novoye Vremya» bahalaşmanı əsassız sayır: «Bilet alınmasında və xüsusilə uzaq məsafələrə bilet alınmasında həmişə problemlər müşahidə edilir. İndi də qiymətlərin bahalaşması ilə bağlı bilet qıtlığı yaşamalıyıq? Kim nə deyir desin, daxili daşımalarda çoxu öz vətəndaşlarımız olan sərnişinlərə münasibətdə hətta biletlərin 10% bahalaşması belə çoxdur. Amma biletlərin qiymətlərini bahalaşdırırlarsa, o zaman xidmət səviyyəsini qaldırmaq barədə də düşünsünlər, di gəl, bu barədə QSC-nin bəyanatında heç nə deyilmir».

Qəzet hesab edir ki, ölkədaxili qatarlarla müqayisədə uzaq məsafələrə hərəkət edən qatarlarda xidmət daha yaxşıdır. Ölkədaxili qatarlarda antisanitariyanın hökm sürdüyü, sərnişinə hər hansı rahatlıq yaradılmadığı vurğulanır.

Məqalədə bu da qeyd olunur ki, metro və avtobuslarda da qiymətlərin bahalaşması təhlükəsi yaranıb.

Səngəçal neft-qaz terminalı
Səngəçal neft-qaz terminalı

Bir terminalın tarixi

«Azərbaycan» qəzeti «Dünyanın ən böyük neft-qaz terminalı Bakıda yerləşir» sərlövhəli məqalədə Səngəçal neft-qaz terminalının Azərbaycan iqtisadiyyatında rolunu dəyərləndirir: ««Əsrin müqaviləsi» imzalandıqdan sonra tikilən və getdikcə daha da genişlənən bu obyekt indi dünyanın ən böyük neft-qaz terminalına çevrilib. Səngəçal terminalı regional neft və qaz ixracı mərkəzidir. Belə ki, Xəzərin Azərbaycan sektorundan çıxarılan karbohidrogenlərin əsas hissəsini dünya bazarlarına ixrac edən bir neçə nəhəng kəmər öz başlanğıcını məhz buradan götürür».

Qəzet terminalın bugünkü gücü barədə isə deyir ki, hazırda terminalın texniki emal sistemlərinin gündəlik gücü 1.2 milyon barel neft və «Şahdəniz» qazı üçün təqribən 30 milyon standart kubmetrdir.

Terminalın gündəlik ümumi qaz emalı və ixracı gücünün isə təqribən 50 milyon standart kubmetr təşkil etdiyi bildirilir: «Cari ilin birinci rübü ərzində terminal, üçüncü tərəf həcmləri də daxil olmaqla, təqribən 71 milyon barel neft və kondensat, o cümlədən BTC vasitəsilə 63 milyon barelə yaxın, Qərb İxrac Boru Kəməri marşrutu ilə 8 milyon barel və ayrıca kondensat xətti ilə təxminən 0.4 milyon barel neft ixrac edib».

Qəzet yazır ki, «Cənub qaz dəhlizi»nin iyunun sonunda rəsmi açılışı ilə Səngəçal terminalı daşıdığı önəmi bütün dünyaya bəyan edib. Yazıda prezident İlham Əliyevin açılışdakı nitqindən sitat gətirilir: «Biz bu günü burada - Səngəçal terminalının ərazisində qeyd edirik. Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminalıdır və məhz burada dörd il bundan əvvəl «Cənub qaz dəhlizi»nin təməli qoyulmuşdur. O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir».

XS
SM
MD
LG