Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 23:08

AŞPA prezident seçkisini müzakirə edəcək


Avropa Şurası

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Azərbaycanda aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkisinin yekunları müzakirə olunacaq.

Bu barədə AŞPA-nın saytında yer alan məlumatda bildirilir.

Məlumata görə, iyunun 25-də AŞPA-nın yay sessiyasında rumıniyalı deputat Riserd Badeanın Azərbaycanda 11 aprel növbədənkənar prezident seçkisinin yekunları haqqında məruzəsi dinlənəcək.

Məruzənin özü, tövsiyələri və qiymətləndirmələri hələlik dərc edilməyib. Məruzədə seçkilərin keçirilməsinə, demokratiya normalarına və Avropa Şurasının standartlarına uyğunluğuna hüquqi qiymət verilməlidir.

Prezident seçkisinin nəticələrinin müzakirəsini Azərbaycan rəsmiləri adi qarşılamayıb.

AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bir neçə gün əvvəl AzadlıqRadiosuna açıqlamasında prezident seçkisini müzakirə etmək qərarından narazılığını bildirib.

Prezident seçkisinin nəticələri AŞPA-nın yay sessiyasına Azərbaycanla bağlı çıxarılacaq yeganə mövzu deyil. Avropa Şurasının (AŞ) Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin etməsi də gözlənir.

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

MSK-nın yekun protokoluna əsasən, İ.Əliyev 86.02 faiz səslə prezident seçkisinin qalibi olub. Qalan 7 namizədin isə 0.74 faizdən 3.12 faizə qədər səs topladığı açıqlanıb.

Konstitusiya Məhkəməsi də yekun protokolu təsdiq edib.

Ancaq Müsavat Partiyası və Milli Şura növbədənkənar prezident seçkisinin nəticəsini tanımadıqlarını açıqlayıblar. Onlar Azərbaycanda rəqabət mühitinin olmadığını bəyan edərək seçkini boykot etmişdilər.

Başqa tərəfdən, hazırkı dövlət başçısı İ.Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası (YAP) seçkilərin azad və ədalətli keçirildiyini bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri, bu qurumun və Avropa Şurası parlament assambleyalarının nümayəndə heyətlərinin hazırladığı birgə hesabatda isə Azərbaycandakı seçkilərin azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib. Hesabatda vurğulanıb ki, onların müşahidəçiləri seçki günü topa bülletenlərin qutulara atılmasının şahidi olublar.

Yerli hüquq müdafiəçiləri bildirir ki, hazırda Azərbaycanda 140 civarında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG