Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:00

Monopoliya və kölgə iqtisadiyyatının yaranmasının səbəbləri-Media icmalı


Monopoliya
Monopoliya

Sahibkarlara dövlət dəstəyi, məmur sahibkarlığının doğurduğu problemlər, 2018-ci il dövlət büdcəsinə dəyişikliklər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Məmur sahibkarlığı...»

«Yeni Müsavat» qəzetində «Əli Məsimli: Azərbaycanda sahibkarlıq deyəndə daha çox məmur sahibkarlığı göz önünə gəlir» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkədə kiçik və orta sahibkarlığın problemlərini deputat Əli Məsimli ilə təhlil edib.

Ə.Məsimli deyib ki, Azərbaycanda sahibkarlıq deyəndə daha çox məmur sahibkarlığı göz önünə gəlir. Deputatın vurğulamasına görə, hansı obyekti soruşursan, hansısa məmurun və ya onlara yaxın adamların adı hallanır: «Bəzi istisnaları çıxmaq şərtilə, həmin məmurların çoxu onlara tapşırılan dövlət qurumunu necə idarə edirsə, öz biznesini də birbaşa və ya kimlərinsə vasitəsilə elə o səviyyədə də idarə edir».

Deputat hesab edir ki, bu amil monopoliyanın və kölgə iqtisadiyyatının yaranmasının əsas səbəblərindən biridir.

Ə.Məsimli deyib ki, beynəlxalq təcrübədə kiçik və orta sahibkarlığın inkişafı iqtisadi siyasətin real prioritetlərindən birinə çevrilib: «Müəyyən maliyyə dəstəyi və onun düzgün istifadəsi əsasında dünya ölkələrinin qabaqcıl təcrübəsini Azərbaycana gətirmək, eləcə də gənclərimizin intellektual potensialını işə salmaqla ölkədə innovativ sahibkarlığı yüksək səviyyədə inkişaf etdirmək olar».

Deputata görə, Azərbaycanda İxracın və İnnovasiyaların Təşviqi Fondu xətti ilə bu yöndə çox iş görmək olar...

İxrac
İxrac

«Dövlətdən sahibkarlara dəstək»

«Azərbaycan» qəzetində dərc edilən «Sahibkarlara növbəti dəstək» sərlövhəli yazıda ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyindən bəhs edilir.

Müəllif yazıb ki, son 15 ildə ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı görülən işlər və xüsusilə dövlət başçısı İlham Əliyevin iqtisadi islahatlar paketi hazırda öz bəhrəsini verir: «Bir zamanlar iqtisadiyyatının əsas hissəsi idxaldan asılı olan Azərbaycan bu gün dünya bazarına «Made in Azerbaijan» brendi ilə müxtəlif çeşiddə qeyri-neft məhsulları ixrac edir. Hazırda dünyanın 170-dən çox dövləti ilə xarici ticarət əlaqəsi yaradan Azərbaycan xarici iqtisadi əlaqələrin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericiliyini daha da təkmilləşdirir».

Müəllif vurğulayır ki, islahatlar geniş vüsət aldıqca, Azərbaycanın əksər dünya ölkələri ilə ticarət dövriyyələri artır, yeni ticarət müqavilələri bağlanır, 2018-ci ilin dörd ayında «Azexport»a 222,5 milyon dollar məbləğində ixrac sifarişi bunu təsdiqləyən amildir.

Yazının sonunda da oxuyuruq: «Artıq ölkəmizdə istehsal olunan qeyri-neft məhsullarının dünya bazarlarına çıxması üçün ən asan vasitələr yaradılır. Hər hansısa zavod, fabrik istehsal etdiyi məhsulu xarici bazara çıxarmadan, əcnəbi KİV-də reklam vermədən asanlıqla satmaq imkanına malik olur. Dövlət öz hesabına alıcı missiyalarını birbaşa müəssisəyə gətirir. Bir sözlə, alıcı missiyaları həm «Made in Azerbaijan» brendi ilə dünya bazarına çıxan məhsullarımızın çeşidlərinin artmasına, həm də onun ixrac coğrafiyasının genişlənməsinə öz töhfəsini vermiş olacaq».

Hesablama
Hesablama

«Büdcədə vergi yükü azaldılır»

«Marja» saytında «Vergi qanunvericiliyi dəyişəcək - Yük 1 milyard manatdan çox azaldıldı» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, yenidən baxılacaq dövlət büdcəsində qeyri-neft gəlirləri üzrə təsdiq olunmuş proqnozun 1 milyard 27 milyon manat azaldılması nəzərdə tutulur: «Neftin satış qiymətinin artımı hesabına neft gəlirləri üzrə daxilolmaların 500 milyon manat artırılması, yekunda Vergilər Nazirliyinin xətti ilə təsdiq edilmiş proqnozun 527 milyon manat azaldılması nəzərdə tutulur… 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin tərkibində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 380 milyon manat təşkil edəcək. Bu da 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 406.5 milyon manat və yaxud 5.8 faiz çoxdur».

Yazıda vurğulanır ki, Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektoru üzrə isə dövlət büdcəsinə daxilolmalar 5 milyard manat nəzərdə tutulur. Bu da 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 189.5 milyon manat (3.7 faiz), 2018-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1 milyard 27 milyon manat və yaxud 17 faiz azdır.

Ümumilikdə isə, 2018-ci ilin dövlət büdcəsinin gəlirlərinin 1.983 milyard manat artırılacağı gözlənir. Büdcəyə dəyişiklikdən sonra gəlirlərin 22 milyard 110 milyon manat təşkil edəcəyi bildirilir.

Dövlət büdcəsinə dəyişikliklərlə bağlı Milli Məclisə təqdim edilən layihədə bütün bunlar öz əksini tapıb.

Büdcənin xərclərinin də artırılması təklif olunur. Xərclərin 2.014 milyard manat artırılaraq 23.061 milyard manata çatdırılması istənir.

Layihədə neftin bir barrelinin 45 dollardan 55 dollara qaldırıldığı vurğulanır.

XS
SM
MD
LG