Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:23

Miqrantlara yiyə duran tapıldı


Miqrantların xilas edilməsi, 10 iyun, 2018-ci il

İspaniya 629 miqrantla Aralıq dənizin ortasında qalmış gəmini qəbul etməyə razılaşıb. İtaliya və Malta gəminin lövbər salmasına icazə verməmişdi. Havanın pisləşməsi miqrantların təhlükəsizliyi sarıdan narahatlığı artırırdı.

Dünən verilmiş məlumata görə, Malta donanmasının Aquarius gəmisinə çatdırdığı təzə ərzaq və su yalnız bir gün bəs edə bilər.

İçərisində hamilə qadınların və uşaqların olduğu miqrantları şənbə günü Fransanın SOS Mediterranee xeyriyyə təşkilatı xilas edib. Qurum bildirib ki, gəminin İspaniyaya getməsi bir neçə gün çəkə bilər. “Xilas edilmiş adamların təhlükəsizliyi hamımız üçün prioritet olmalıdır”, – qurum Twitter-də yazıb.

Malta və İtaliyadakı yeni populist hökumət miqrantları qəbul etməyib, bir-birini öhdəliklərini yerinə yetirməməkdə suçlayıb.

İspaniyanın təklifindən sonra İtaliyanın daxili işlər naziri Matteo Salvini “QƏLƏBƏ” tviti atıb.

Matteo Salvini
Matteo Salvini

İspaniyada sosialist baş nazir Pedro Sanchez-in administrasiyası bildirib ki, gəmini qəbul etmək bir “öhdəlik”dir.

HƏMRƏYLİK

İspaniyanın yeni xarici işlər naziri Josep Borrell-in deməsinə görə, bu jestin məqsədi həm də Avropa Birliyi daxilində həmrəyliyə ehtiyac olduğunu vurğulamaqdır.

“İtaliya xeyli sayda miqrant qəbul edib və indiyədək digər Avropa ölkələri ona həmrəylik sərgiləməyib”, – Borrell Madriddə mətbuat konfransında deyib.

İtaliyada miqrantlar, arxiv fotosu
İtaliyada miqrantlar, arxiv fotosu

SOS Mediterranee-nin baş direktoru Sophie Beau isə xəbərdarlıq edib ki, gəmi İspaniya sahillərinə çatmaqdan ötrü 1300 kilometr getməlidir, ancaq çərşənbə axşamınadək gəmidə ərzaq tükənəcək. “Frans Pres” agentliyi gəminin azı dörd gün yol getməli olduğunu hesablayıb.

Maltayla İtaliya İspaniyaya təşəkkür ediblər, ancaq duruma görə məsuliyyət daşımasıyla bağlı mübahisələri davam etməkdədir.

BMT hər iki ölkəni gəmiyə lövbər salmağa icazə verməyə çağırmış, “kəskin humanitar” durum yarandığını bildirmişdi.

Avropa Birliyi, onun ən böyük üzvü olan Almaniya da oxşar çağırışlar edib.

İspaniya Aquarius-u qəbul etməyib, amma İtaliya Sərhəd Mühafizə Xidmətinə məxsus Diciotto gəmisi bu gün-sabah Siciliyada lövbər salmalıdır. Gəmidə 937 miqrant var.

Günün bütün mövzuları

XS
SM
MD
LG